"Meydan TV işi" üzrə növbəti məhkəmə: jurnalistlərə vəsatətlərini səsləndirməyə imkan verilməyib
Meydan TV işinin dördüncü məhkəməsi
Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə dördüncü məhkəmə prosesi keçirilib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən proses dövlət ittihamçısının ittiham aktının nəticə hissəsini səsləndirməyə davam etməsi ilə başlayıb.
Ötən həftə baş tutmalı olan proses Meydan TV-nin əməkdaşı və Arqument.az saytının baş redaktoru Şəmşad Ağaya onun anasının vəfatı ilə əlaqədar yasda iştirak üçün 3 günlük icazə verildiyindən bu həftəyə təxirə salınmışdı. Şəmşad Ağa nəzarət altında olmaqla 3 gün Lerikin Şivlə kəndində qalaraq anasının yasında iştirak etmişdi.
Dövlət ittihamçısı Ergin Qafarovun ittiham aktını səsləndirməsi bu prosesdə də davam etdirilib. Vəkillər və təqsirləndirilən şəxslər vacib vəsatətlərinin olduğunu bildirərək buna etiraz ediblər.
Vəkil Zibeydə Sadıqovanın etirazına cavabında hakim bildirib ki, yalnız təxirəsalınmaz vəsatətlərin verilməsi üçün şərait yaradılacaq. Vəkil həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti olduğunu bildirsə də hakim ona vəsatəti səsləndirməsi üçün icazə verməyib.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
“Son həmkarım həbsdən azad olunmayınca aclığı dayandırmayacam”
Məhkəmə prosesi 21 gündür aclıq aksiyası keçirən Nurlan Librenin iştirakı olmadan başlayıb. Onun vəkili Cavad Cavadov bildirib ki, Nurlan Libre məhkəmə binasındadır ancaq başı hərləndiyindən aşağıda gözləyir.
Bir müddət sonra Nurlan Libre iclas zalına gətirilib.
O, digər təqsirləndirilən şəxslərlə ayrı bir hissədə əyləşdirilməsinə etiraz edib.
“Mənim dostlarım buradakılardır. Mənim toyuma, yasıma gələn, yanımda olan adamlar onlardır və indi onların mənəvi dəstəyinə ehtiyacım var. Bu səbəbdən digər təqsirləndirilən şəxslərin yanında, şüşə qəfəsin içində əyləşmək istəyirəm”.
Hakim əvvəlcə buna etiraz etsə də Nurlan Librenin və təqsirləndirilən şəxslərin israrından sonra onun şüşə qəfəsin içinə keçməsi təmin olunub. Lakin qolundakı qandal açılmayıb və bir konvoy əməkdaşı şüşə qəfəsin içində onun başı üstə dayanıb. Hakim bunu onun daha əvvəl məhkəmədə özünə zərər verməsi və bu halın təkrarlanmasının önlənməsi ilə əlaqələndirib.
Nurlan Libre isə bildirib ki, o, dekabr ayındakı məhkəmədə özünə zərər yetirib, amma yanvarda baş tutan prosesdə bunu etməyib və iclasın gedişini pozmayıb.
Libre şüşə qəfəsin içinə keçdikdən sonra onun ayaq üstə çətinliklə dayandığı, başının hərləndiyi və halsız olduğu görülüb. O, zalda əyləşənlərə məlumat verib ki, aclığının 8-ci və 20-ci günündə ondan qan analizi götürublər ancaq analizin nəticələrini özündən gizlədiblər. Həmçinin, bildirib ki, onu öz razılığı olmadan, zorla kamerasından çıxarıb məhkəmə prosesinə gətiriblər.
“Mənimlə çox pis rəftar edirlər. Buraya gələrkən qeydlərim əlimdən alınır. Məhkəmədə çıxış etmək üçün nəzərdə tutulmayan publisistik yazılarımı belə müsadirə edirlər. Tam izolyasiya şəraitində saxlanılıram, telefon danışıqlarım məhdud olur, vəkilimə məktub verə bilmirəm”.
Buraya gətirilərkən mənimlə elə kobud rəftar edirdilər ki, gərginlikdən əsirdim. Məhkəmə binasına çatdıqdan sonra həkim məni müayinə elədi, dərman verdi. Ondan sonra bir az sakitləşdim. Kameramdan çıxarıldığım vaxtdan bəri bu qandallar əlimdədir. Nə yolda, nə də indi qandalımı açırlar. 21 gündür aclıq etməyimdən, halsız olmağımdan istifadə edib daha da zorakı davranaraq məni yolumdan döndərmək istəyirlər. Son həmkarım həbsdən azad olunmayınca aclığı dayandırmayacam”.
Bir müddət sonra jurnalistin qolundakı qandallar açılsa da bir konvoy əməkdaşı şüşə qəfəsin içində qalaraq onun başı üzərində dayanmağa davam edib. O, həm də qeyd edib ki, təcridxanada 2 nəfərlik kamerada saxlanılır və saxlanılma şəraiti ilə bağlı narazılığı yoxdur. Aclıq aksiyasını isə özü üçün yox, həmkarlarının azadlığı üçün davam etdirir.
Bəzi jurnalistlər etirazlarını dilə gətiriblər
İttiham aktının səsləndirilməsi uzun çəkdiyindən zaman-zaman təqsirləndirilən jurnalistlər söz alıblar.
Onlardan biri olan Natiq Cavadlı bildirib ki, onun kostyum geyinərək məhkəmə iclasına gəlməsinə icazə verilməyib.
O, heç bir qanunla təqsirləndirilən şəxsin məhkəmə iclasına kostyumda gəlməsinin qadağan edilmədiyini deyib. Hakim Aytən Əliyeva isə cavabında bildirib ki, bu məsələyə irəlidə baxacaqlar. Jurnalist dövlət ittihamçısına da üzünü tutaraq onu ittiham aktını səsləndirməyi sonlandırmağa çağırıb.
“Bizə hörmət etmirsinizsə, özünüzə hörmət edin”, – deyə Cavadlı bildirib.
Şəmşad Ağa da ittiham aktı səsləndirilərkən söz alıb. O, aktla bağlı fikirlərinin olduğunu, oradakı ittihamlara münasibət bildirmək üçün aktın tam oxunub bitməsini gözləmək istəmədiyini deyib. Hakim buna etiraz etdikdə isə jurnalist bildirib:
“Elə bir qayda yoxdur ki, təqsirləndirilən şəxs ancaq ittiham aktının tam oxunub yekunlaşmasından sonra oradakı ifadələrə münasibət bildirə bilər”.
Jurnalist tələb edib ki, məhkəmə prosesləri açıq keçirildiyindən mətbuatın prosesdə iştirakı və çəkiliş aparması təmin olunsun.
“Bundan başqa Ali Məhkəmənin qərarı var ki, məhkəmə prosesini izləməyə gələn şəxslər mobil telefonları ilə iclas zalına daxil ola bilərlər. Amma girişdə prosesə gələnlərin telefonları alınır. Bu, tam qanunsuzdur”.
O, ittiham aktı səsləndirilərkən oradakı ifadələrə yerində münasibət bildirməkdə israrçı olduğunu təkrar edib.
“Məsələn, orada “Dövlət qeydiyyatından keçməmiş Meydan TV” ifadəsi tez-tez səsləndirilir. Meydan TV Almaniyanın Berlin şəhərində dövlət qeydiyyatından keçib. Onun borcu yoxdur Azərbaycanda dövlət qeydiyyatından keçməyə”.
Şəmşad Ağanın sözləri zalda alqışla qarşılanıb. Hakim isə onun vəsatətlərinin baxılmamış saxlanıldığını bildirib.
Yekunda hakim Aytən Əliyeva artıq təqsirləndirilən 12 şəxsdən 5-nə ittihamın elan olunduğunu, növbəti iclasda ittiham aktının nəticə hissəsinin səsləndirilməsinin tam başa çatacağını elan edib.
Növbəti məhkəmə prosesi 13 fevral saat 14:30-a təyin olunub.
Meydan TV işinin dördüncü məhkəməsi