Meydan TV işi: "Səsimizi İlham Əliyev kəsə bilməyib, siz kəsəcəksiniz?!"
Meydan TV işinin beşinci məhkəməsi
Fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə beşinci məhkəmə prosesi keçirilib. Proses bu dəfə də dövlət ittihamçısının ittiham aktının nəticə hissəsini səsləndirməyə davam etməsi ilə başlayıb.
Məhkəmə prosesi başlamadan öncə ictimai fəal Əmrah Təhməzov “Meydan TV-yə azadlıq!” şüarları səsləndirdiyi üçün zorakılıqda zaldan çıxarılıb.
Dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını səsləndirmək üçün kürsüyə gələrkən Nurlan Libre söz alaraq aclıq aksiyasına 28 gündür davam etdiyini, bu dəfə də ona qarşı zorakılıq göstərildiyini və təcridxanadan məhkəmə zalına gətirilərkən yolda qolları qandallı vəziyyətdə saxlanıldığını bildirib.
Bir müddət sonra həkim müayinəsinə aparılan jurnalist iclas zalına geri qayıtdıqdan sonra təzyiqinin ölçüldüyü və ona ürək üçün sakitləşdirici dərman verildiyini deyib.
“Buraya gətirilərkən məhkəmədə edəcəyim çıxışı yazdığım kağızlar əlimdən alındı. Sonuncu dəfə 8 gün əvvəl təcridxanada məni müayinə edib, qan analizi götürüblər. İndiyədək məndən götürülən iki qan analizinin heç birinin cavabı mənə verilməyib”, – deyə o əlavə edib.
Hakim Nurlan Libreyə cavabında bildirib ki, məhkəmə tərəfindən onun qanunvericiliyə uyğun formada təcridxanadan məhkəməyə gətirilməsi üçün yazı göndəriləcək.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
2025-ci ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Sülhanə Hacıyeva vəkilimiz olsun
Ramin Deko da dövlət ittihamçısının çıxışı zamanı söz alaraq vəkilinin onunla görüşmək üçün təcridxanaya gəlmədiyini bildirib və ona dövlət tərəfindən bir vəkilin təyin olunmasını istəyib.
Jurnalist 7 ay öncə Xətai Rayon Məhkəməsindəki hakimlik fəaliyyətindən kənarlaşdırılan və hazırda vəkil kimi fəaliyyətinə davam edən Sülhanə Hacıyevanı vəkili kimi görmək istədiyini deyib.
“Mənim həbs qərarımı o vermişdi, indi də gəlib vəkilim olsun”.
Şəmşad Ağa da onun bu fikrini dəstəkləyib. Nurlan Libre isə deyib ki, Sülhanə Hacıyevaya qarşı təzyiqlər, onun hakimlik fəaliyyətinə xitam verilməsi siyasi motivlidir və biz onu vəkilimiz kimi görmək istəyirik (Xətai Rayon Məhkəməsinin hakimi olmuş Sülhanə Hacıyeva ictimai və siyasi fəallar barəsində ən çox qərar çıxaran hakimlərdən biri kimi tanınırdı – red).
Şəmşad Ağa ittiham aktı səsləndirilərkən yenidən dövlət ittihamçısının sözünü kəsərək orada səsləndirilən fikirlərə yerində münasibət bildirmək istədiyini, belə bir haqqı olduğunu bildirib. O, ittiham aktında tez-tez Meydan TV-nin dövlət qeydiyyatına alınmadığının vurğulanmasına yenidən toxunub və Meydan TV-nin Almaniyada dövlət qeydiyyatına alındığını deyib.
Jurnalistlər şüşə qəfəsi döyəcləyərək etiraz edib
Jurnalistlər bundan öncəki 3 prosesdə olduğu kimi bu prosesdə də ittiham aktının səsləndirilməsinin davam etdirilməsinə etiraz ediblər. Aynur Elgünəş isə şüşə qəfəsin içindəki mikrofon yüksəkdən asıldığından danışa bilmədiyini deyərək vəkilinin yanında əyləşmək istəyib.
Hakim onun bu müraciətini təmin etməyib. Bu, Elgünəşin etirazına səbəb olub.
Fatimə Mövlamlı da təqsirləndirilən şəxslərin şüşə qəfəsin içindən çıxarılıb vəkillərinin yanında əyləşə bilməmələrinə etiraz edib. Bu zaman hakim Aytən Əliyeva ona “bizə sifariş verə bilməzsiniz” deyə qarşılıq verib.
“Biz sifariş vermirik, sifarişi verib bizi tutublar”, – deyə Mövlamlı cavab verib.
Fatimə Mövlamlı danışarkən mikrofonun söndürülməsi də təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Bu zaman şüşə qəfəsin içindəki jurnalistlər əlləri ilə bir neçə dəqiqə şüşəni döyəcləyiblər.
Dövlət ittihamçısı Ergin Qafarov ittiham aktını səsləndirməyə davam etsə də bir müddət sonra gərginlik yenidən artıb. Bunun səbəbi məhkəmə əməkdaşının anidən gələrək şüşə qəfəsin üzərindən asılmış mikrofonu sökməsi olub.
Jurnalistlər mikrofonun çıxarılmasına etiraz ediblər. Hətta bir tərəfindən onlar, digər tərəfindən məhkəmə işçiləri tutaraq mikrofonu dartışdıraraq əldə etmək istəyiblər. Bu zaman hakim Aytən Əliyeva jurnalistlərə “kəsin səsinizi” deyərək xitab edib.
“Bizim səsimizi İlham Əliyev kəsə bilməyib, siz kəsəcəksiniz?!” – Xəyalə Ağayeva hakimə cavabında belə deyib.
Aynur Elgünəş dövlət ittihamçısına etiraz edərək deyib:
“Bizim onun kimi rezin əsəblərimiz yoxdur və o dərhal aktı oxumağı bitirməlidir.
İttiham aktını oxuduqca dövlət ittihamçısının azərbaycancası artıq düzəlib, diksiyası da yaxşılaşıb, bu qədər yetərlidir”.
Nurlan Libre isə qeyd edib ki, məhkəməni bilərək uzadırlar ki, insanlar, səfirliklər bezsinlər və məhkəməyə gəlməsinlər.
Aytac Tapdıq isə haqqında ittihamın elan olunması sırası ona gəldikdə etiraz edərək təkcə yekun hissənin səsləndirilməsini, digər hissələrin oxunmamasını tələb edib. Hələ haqqında ittiham elan olunmamış digər şəxslər də eyni tələbi irəli sürdüyündən ittiham aktının səsləndirilməsi qısa zamanda yekunlaşıb.
Daha sonra hakim jurnalistlərdən bir-bir ittihamın mahiyyəti ilə tanış olub-olmadıqlarını və özlərini təqsirli bilib-bilmədiklərini soruşub.
“Adıma olan mobil nömrə 1899-cu ildə aktivləşib”
Aynur Elgünəş hakimin sualına cavabında bildirib ki, özünü təqsirli bilmir.
“Mənim ölkənin heç bir sərvətinə çıxış imkanım yoxdur. Qaçaqmalçıları məmurlar arasında axtarmaq lazımdır”.
Ramin Deko da bu suala cavabında həbsinin siyasi sifariş olduğunu, özünü təqsirli bilmədiyini deyib.
Şəmşad Ağa cavabında bildirib ki, cinayət işi saxta, qanunsuz və qərəzli olması ilə yanaşı həm də qeyri-peşəkarca hazırlanıb.
“Bu iş üzrə Ramin Dekonun 6 dekabr 2024-ci il tarixində Tbilisi-Bakı aviareysi ilə ölkəyə döndükdən sonra üzərində 38000 avro pulla zığ şossesində saxlanıldığı qeyd edilib.
Necə olur ki, bu qədər böyük məbləği gömrükdən qaçaq keçirib Zığa qədər gətirmək olur? Buna görə həmin gün xidmətdə olan sərhəd və gömrük xidməti əməkdaşlarından cəzalandırılan olubmu? Əgər olubsa nə üçün 30 cildlik cinayət işi materiallarında bu haqda heç nə yoxdur?
Cinayət işi materiallarında yazılıb ki, mənim adıma olan nömrə 1899-cu ildə aktivləşib. Həmin vaxt heç mənim babam anadan olmamışdı, heç Azərbaycan Respublikası qurulmamışdı. Görün necə cinayət işi hazırlayıblar ki, mən hələ anadan olmamışdan 83 il əvvəl adıma mobil nömrə olub və aktivləşib”.
Jurnalist onun adına mobil nömrə açıldığı tarixin Azərbaycan yazıçısı Cəfər Cabbarlının doğulduğu il olduğunu da qeyd edib.
Şəmşad Ağanın bir digər etirazı bu iş üzrə Ülviyyə Əlinin 16 yanvar 2025 tarixində şahid qismində verdiyi ifadənin təsviri-əsaslandırma hissəsi ilə bağlı olub.
“Həmin protokolun təsviri-əsaslandırma hissəsində mən təqsirləndirilən şəxs kimi qeyd olunmuşam. Halbuki mən fevralın 4-dən 5-nə keçən gecə şübhəli şəxs qismində saxlanılmışam. Yəni 20 gün sonra.
Buna qədər isə nə şahid, nə şübhəli şəxs kimi prosesə cəlb olunmuşam. Deməli hələ saxlanılmamışdan 20 gün öncə təqsirləndirilən şəxs olmuşam? İndi soruşuram və izah istəyirəm, bu, hansı qanunla, prosessual əsasla tənzimlənir?”.
Şəmşad Ağa ilk dəfə özü haqqında həbs qətimkan tədbiri seçilməsi ilə bağlı verdiyi şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə baxılan iclası xatırladaraq deyib:
“Həmin şikayətimə qarşı çıxarılan qərarda göstərilir ki, “AbzasMedia rəhbərliyi 40 min avronun polis tərəfindən ofisə qoyulduğunu deyir.
Gəlin, öncə aydınlaşdıraq ki, məni hansı iş üzrə mühakimə edirsiniz: Abzas Media yoxsa Meydan TV?
Bu cinayət işi AbzasMediaya qarşı açılmış cinayət işinin kopyasıdır, oradan köçürmədir və bu da cinayət işinin saxta olmasının bir başqa sübutudur”.
“Dilçilik İnstitutu məhkəməyə gəlib bu materialları tədqiq etsin”
Jurnalist əlavə edib ki, cinayət işi materiallarında 22 səhifə davam edən cümlə var. O, Avropa Məhkəməsinin bununla bağlı konkret qərarları olduğunu, orada ittihamın dilinin məntiqi və anlaşılan olması gərəkdiyinin qeyd olunduğunu vurğulayıb.
“Tələb edirəm ki, Dilçilik İnstitutuna ittiham aktını tədqiq etmək üçün müraciət edilsin və onlar məhkəməyə gəlib bunu etsinlər”.
Nurlan Libre isə hakimin ittihamın mahiyyəti ilə tanışlıq barədə sualına cavabında deyib ki, mahiyyət ona aydın deyil və özünü təqsirli bilmir.
“Mənimlə bağlı bir sənəd var. 100 avro pul aldığımı, bir də 150 avro pul aldığımı yazıblar. Cəmi 250 avroya görə mən bir ildir burada saxlanılıram?!
Məni İlham Əliyev tutub, o da buraxacaq. Sizdən heçnə gözləmirəm”.
Aytac Tapdıq ittihamın mahiyyətinin ona aydın olması sualına cavab verərkən hakim onun çıxışına imkan verməyib və mikrofon söndürülüb. Bu zaman Tapdıq yüksək səslə çıxış etməyə başlayıb.
“Bəli, ittihamın mahiyyəti elə mənə aydındır. Mahiyyət sizin üçün qaranlıqdır. Mahiyyət Meydan TV-dir, mahiyyət azad mətbuat üçün verdiyimiz savaşdır.
Əlinizdə utanmadan tutduğunuz o kağız yığınına görə 12 nəfərin hər birinə bəraət verilməlidir. Sizin o qeyri-əxlaqi şəkildə apardığınız istintaq tamamilə rüsvayçılıqdır. Meydan TV işində sinifdə qaldınız, bəylər!
Gəlin rolları düzgün müəyyənləşdirək. Durduğunuz pozisiyaya aldanıb bizi mühakimə etmək xəyalına qapılmayın. Təftiş etmək bizim işimizdir. Biz sorğulayacağıq, vasitəçiliyini etdiyiniz hökumət cavab verməli olacaq. Biz cinayətlərinizi aşkara çıxaracağıq, müqəssir yenə siz olacaqsınız!”
Aytac Tapdıq çıxışının sonunda qeyd edib ki, “özümü təqsirli bilirəmmi?” sualını şəxsinə qarşı təhqir hesab edir və bütün proses boyunca bu sualın ona verilməsini qadağan edir.
Ülviyyə Əlinin ittihamın mahiyyətinin ona aydın olması sualına cavab verərkən isə bunları deyib:
“İttihamın böhtan olduğu aydındır, özümü təqsirli bilmirəm. Məhkəmədən tələb edirəm ki, bu ittihamları tərtib edənlər barəsində Cinayət Məcəlləsinin 270-ci beynəlxalq uçuş qaydalarını pozma maddəsi ilə cinayət işi başlansın. Çünki cinayət işinin materiallarından görünür ki, çox göylə uçublar və absurdun ən üst təbəqəsinə çatıblar.
Heç kimə bu tip vəsatətlər verməyim qəribə gəlməsin. İstintaq qrupu da bizim barəmizdə seçdiyi maddələri məhz belə tətbiq edib.
Mən ittihamın dediyi mütəşşəkkil dəstənin bir üzvü deyiləm, daha böyük bir mütəşəkkil dəstənin üzvüyəm: Müstəqil Jurnalistlər.
Yaşasın Azad Media! Yaşasın Müstəqil Jurnalistika!”
“Çıxışımı kəssəniz masanın üzərinə çıxıb danışacağam”
Fatimə Mövlamlı da hakimin eyni sualına cavabında özünün ancaq jurnalistika fəaliyyəti ilə məşğul olduğunu və cəmiyyət içində dürüst və etibarlı bir jurnalist kimi tanındığını qeyd edib. O, ittihamı şər-böhtan və uydurma adlandırıb.
Xəyalə Ağayeva isə cavabında qeyd edib ki, avtoritar rejimlər daha da avtoritarlaşmağa başladıqda birinci jurnalistləri hədəfə alırlar.
“Azərbaycan hakimiyyəti də belə edərək öz pəncələrini jurnalistlərin üzərinə atdı. Heç bir diktatura mətbuatın azad olduğu cəmiyyətlə bacara bilməz. Biz buna görə həbsdəyik. Bu gün həbs olunsaq da qaranlığa işıq saçmağa davam edəcəyik!”
Aysel Ümüdova ittihamın mahiyyəti ilə tanış olub-olmaması sualını cavablandırarkən hakim ona müdaxilə edərək çıxışına imkan verməyib. O isə çıxış etməyin onun haqqı olduğunu bildirərək yüksək səslə hakimin sualını cavablandırmağa davam edib.
“Əgər mənə danışmağa imkan verməsəniz masanın üzərinə çıxaraq çıxış etməyə davam edəcəm!”
Hakim yenidən Ümüdovanın çıxışının qarşısını aldıqda isə o, masanın üzərinə çıxmağa cəhd edib. Bu zaman qadın konvoy əməkdaşı jurnalistin masanın üzərinə çıxmasına imkan verməyib.
Ümüdova isə yüksək səslə qışqıraraq cinayət işinin saxta olmasını, onların siyasi sifarişlə həbs olunmasını deməyə və çıxışına davam edib. Bu zaman hakimlər kollegiyası prosesin qeyri-müəyyən vaxta təxirə salındığını deyərək iclas zalını tərk ediblər.
Meydan TV işinin beşinci məhkəməsi