"Meydan TV işi": “Məhkəməni ləğv edin, cəzamızı İlham Əliyevin fərmanı ilə alaq”
Meydan TV işinin altıncı məhkəməsi
Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə “Meydan TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bundan öncəki məhkəmə prosesində hakim jurnalistlərə şüşə qəfəsin içərisindən çıxaraq vəkillərinin yanında əyləşmələri üçün imkan yaratmamışdı. Jurnalistlər şüşə qəfəsin içərisindən çıxarılmamağa və müdafiə çıxışları etmələrinə icazə verilməməsinə etiraz etmiş, Aysel Ümüdova çıxış edərkən hakimlər kollegiyası anidən zalı tərk etmişdi.
Bu proses də təqsirləndirilənlərin şüşə qəfəsdən çıxarılma tələbləri ilə başladı.
Aytac Tapdıq təqsirləndirilən 12 nəfərin hamısının şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında əyləşməyi tələb etdiyini deyərkən hakim Aytən Əliyeva onun çıxışına imkan yaratmayıb. Bu zaman jurnalist yüksək səslə etiraz edərək çıxışını davam etdirib:
“Ötən məhkəmədən sonra prosesin gedişini pozmaq adı ilə bizə akt tərtib etmisiniz. Davamında təcridxanada rəis müavini Cavid Güləliyevin rəhbərliyi ilə bizə fiziki zorakılıq göstərilib. Buradan bəyan edirəm ki, təcridxana rəisi Elnur İsmayılov da, Cavid Güləliyev də şahmat taxtasının kiçik fiqurlarıdır. Bizə qarşı olan zorakılığın göstərişi onlardan yox, əslində, İlham Əliyevdən, Prezident Administrasiyasından gəlir.
Şüşə qəfəsin içində saxlanılmaq insan ləyaqətini alçaldan davranışdır. Belə olarsa biz məhkəməyə gəlməkdən imtina edə bilərik. Hakimlər, bilin ki, İlham Əliyevin bacarmadığını siz bacara bilməyəcək, bizim səsimizi kəsə bilməyəcəksiniz”.
“Bizi nə karsla, nə qoluzorlularınızla qorxuda bilərsiniz!”
Xəyalə Ağayeva şüşə qəfəsin içərisindən çıxmalarının təmin olunmamasına etiraz edərək hakimlərə deyib ki, siz sonda 12-20 illik hökmlər oxusanız da hazırda özümüzü müdafiə etməyimizi əngəlləyə bilməyəcəksiniz.
“Ötən məhkəmədəki etirazlarımıza görə bizdən izahat istənildi. 2 gün öncə təcridxanada “şmon” adı altında bizə zorakılıq edilib. Mənim səsim üzləşdiyim zorbalıqda zamanı qışqırıqlarıma görə qısılıb.
Əvvəla sizin borcunuzdur təcridxanaya sorğu göndərib zorakılıq faktını araşdırasınız. Amma bundan başqa rəis Elnur İsmayılov bizə deyir ki, növbəti məhkəmədə bizə akt tərtib olunsa “kars”a salınacağıq.
Təklif edirəm lazım olan aktı gecikdirməyib bu gün bizlə bərabər təcridxanaya göndərəsiniz. Çünki bizi nə karsla, nə qoluzorlularınızla qorxuda bilərsiniz! Bu məhkəmə prosesi boyu pozulan bütün hüquqlarımız üçün etiraz edəcəyik!”
Daha sonra digər təqsirləndirilən şəxslərin də şüşə qəfəsin içərisindən çıxarılmaq üçün tələbləri davam edib. Ülviyyə Əli orada havasının çatmadığını bildirdikdə, hakim təkcə onun vəkilinin yanında əyləşməsinə razılıq verib. Müdafiəçinin yanına keçdikdən sonra Ülviyyə Əli səhhətindəki problemlərlə bağlı vəsatət verərək həkim müayinəsindən keçmək istədiyini deyib.
“2017-ci ildə başımda, daha dəqiq desək, hipofiz vəzinin yanında mikroadenoma şişi aşkar edilib. Həkim hər il MRT və KT müayinəsindən keçməyi məsləhət görmüşdü ki, şiş müşahidə altında saxlanılsın. Həmçinin illərdir insulin rezistentliyi, B12 çatışmazlığı, hipoqlikemiya, leykositlərin yüksəlməsi və hipotireozdan əziyyət çəkirəm.
Hər il mikroadenoma şişinin müşahidə altında saxlanılmasına görə MRT və KT müayinəsindən keçirdim, lakin 2025-ci ildə həbs olunmuşam deyə artıq 10 aya yaxındır ki, keyfiyyətli tibbi müayinədən məhrumam. Çünki həbsxanada bu təchizatlar mövcud deyil. İstintaqa bu barədə vəsatətlə müraciət etsək də icazə verilməyib”.
Ülviyyə Əli qeyd edib ki, hazırda müayinədən keçməsi üçün müraciət edə biləcəyi tək yer Bakı Ağır Cinayətlər Məhkəməsidir və o, özəl xəstəxanaların birində müayinədən keçmək istəyir.
Məhkəmə prosesi zamanı hazırda aclıq aksiyasını davam etdirən Nurlan Libre halının pisləşdiyini bildirərək həkim çağırılmasını tələb edib. Həkim gəlsə də şüşə qəfəsin kilidi xarab olduğundan bir müddət onun müayinə edilməsi mümkün olmayıb. Daha sonra jurnalist şüşə qəfəsdən çıxarılarkən əlləri qandallanıb. Zalda əyləşənlər onun halsız olmasını deyərək qollarının qandallanıb aparılmasına etiraz ediblər.
Nurlan Libre zala qayıtdıqdan sonra həkimin ona sadəcə əsəblərinin gərgin olması diaqnozu qoyduğunu bildirib.
“Şüşə qəfəsin içində qalmayacağıq”
Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edərək təqsirləndirilənlərin saxlanıldığı təcridxanada yaxınlarına etibarnamə vermələrinə imkan verilmədiyini bildirib. Vəkilinin problemin aradan qaldırılması tələbinə qarşılıq olaraq hakim bu məsələyə baxılacağını deyib.
Vəkil Cavad Cavadov hüquqlarını müdafiə etdiyi Aytac Tapdıq və Nurlan Librenin ev dustaqlığına buraxılması üçün vəsatətlə çıxış edib. Hakimlər dövlət ittihamçısının etiraz etdiyi bu vəsatəti təmin etməyiblər.
Daha sonra vəkillər təqsirləndirilən şəxslərin şüşə qəfəsin içərisindən çıxarılaraq onların yanında əyləşmələri üçün vəsatətlər səsləndiriblər.
Vəkil Nazim Musayev ilk məhkəmə prosesində hakimlərin təqsirləndirilən şəxslərin vəkillərinin yanında əyləşmək istəyini təmin etdiyini qeyd edərək tələb edib ki, məhkəmənin həmin qərarı icra edilsin.
Vəkil yanındakı oturacaqların boş olduğunu bildirsə də hakim Xəyalə Ağayevanın onun yanında əyləşməsinə icazə verməyib. Ardından vəkil hakim heyətinə etiraz etdiyini bildirərək yazılı etiraz vermələri üçün fasilə elan edilməsini istəyib.
Fasilədən sonra vəkillərin və təqsirləndirilən şəxslərin imzaladıqları yazılı etiraz hakimlərə təqdim edilib.
“Məhkəmə ilk prosesdə verdiyi qərara hörmət etsin”
Çıxış edən vəkillərdən Nazim Musayev Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına istinad edərək deyib ki, həmin qərarlarda məhkəmə zalında belə bir şüşə qəfəsin olması ümumiyyətlə insan ləyaqətini alçaldan davranışdır.
“Ölkə qanunvericiliyi ilə də bir məhbusa ən azı 4 metr ərazi düşməlidir. Deməli 12 nəfər üçün bütöv zal boyda yer olmalıdır. Ancaq siz çox kiçik yerə 12 nəfəri yerləşdirmək istəyirsiniz. Onlar orada nəfəssiz qalırlar. Bu, onlara işgəncə etməkdir.
Həm də məhkəmə ilk prosesdə fərqli qərar vermişdi, indi fərqli qərar verir. Eyni hakim heyəti necə fərqli qərar verə bilər ki?! Deməli məhkəmənin müstəqilliyi sual altındadır. Təqsirləndirilənləri orada saxlayıb işgəncə etməyə davam edən hakim heyətinin ədalətli qərar çıxaracağı sual altındadır”.
Vəkil Cavad Cavadov çıxış edərək qeyd edib ki, təqsirləndirilənlərin vəkilləri ilə birlikdə əyləşməsi elementar bir məsələdir.
“Bizim müvəkillərimizlə kommunikasiya çətinliyimiz yaranır. Onlar öz sözlərini bizə deyə bilmirlər”.
Vəkil Bəhruz Bayramov daha öncə müvəkili ilə danışmaq üçün şüşə qəfəsə yaxınlaşdığını, bu zaman hakimin ona irad bildirərək prosesin gedişini pozmaqda ittiham etdiyini xatırladıb. Vəkil əlavə edib ki, müvəkilləri ilə danışa bilmələri üçün onlarla birlikdə əyləşmələri mütləqdir.
Rövşanə Rəhimli isə qeyd edib ki, məhkəmə ilk prosesdə verdiyi qərara hörmət edib onu həyata keçirmir.
“Belə olduqda məhkəmənin bundan sonrakı qərarlarına da hörmətlə yanaşacağı şübhə altındadır. Əgər məhkəmə öz qərarlarına hörmət etmirsə bu zaman onun obyektivliyi və gələcək qərarları ədalətlə verə biləcəyi bizdə şübhə doğurur.
Təqsirləndirilən şəxslərin bizim yanımızda əyləşməsi üçün yetərli yer olsa da bunun təmin edilməməsi proporsionallığı pozur. Həmçinin, təqsirləndirilən şəxsin vəkili ilə məhkəmə iclası zamanı kommunikasiya yarada bilməməsi prosessual əsasların pozuntusudur”.
Çıxış edən vəkillər onların əyləşdiyi hissədə 24 stul olduğunu, təqsirləndirilənlərin hamısı onların yanında əyləşdikdə belə yenə də stullarının bir hissəsinin boş qaldığını deyib.
“Biz burada etiraz da edə, aksiya da keçirə bilərik”
Vəkillərin çıxışı bitdikdən sonra təqsirləndirilən jurnalistlər hakim heyətinə verilən etirazı dəstəklədiklərinə dair çıxışlar ediblər.
Şəmşad Ağa etirazı dəstəklədiyini bildirirək qeyd edib ki, ilk prosesdə məhkəmə hamıya vəkilin yanında əyləşmək və ya şüşə qəfəsin içində qalmaq üçün sərbəstlik vermişdi.
“Qərar verilməmişdi ki, hələ ki şüşə qəfəsin içində qalmaq istəyən şəxslər növbəti proseslərdə vəkilinin yanında əyləşə bilməzlər. Mən də hələlik şüşə qəfəsdə qalmağı istəmiş, növbəti proseslərdə vəkilin yanına keçəcəyimi bildirmişdim.
Siz ötən məhkəmədən sonra nadinclik edən uşaqların üzərinə adam göndərər kimi bizim üzərimizə təcridxanaya adamlar göndərmisiniz, bizə akt tərtib ediblər. Bizim son prosesdəki etirazımız tamamilə haqlı idi. Əgər yenə də şüşə qəfəsin içərisindən çıxmağa və müdafiə çıxışları etməyimizə imkan yaradılmasa biz burada etiraz da edə, aksiya da keçirə bilərik!
Mən bu istintaqın saxta aparıldığını artıq ilk məhkəmələrdə sübut etmişəm. Mənim sübutlarım ilə siz artıq bu saxta cinayət işinə xitam verməli idiniz. Əgər siz bizimlə belə davranmaq istəyirsinizsə bu məhkəmə ləğv olunsun. Çar Aleksandr necə məhkəmə ilə yox, fərmanla qərar verirdisə, birdəfəlik İlham Əliyev bizim cinayətkar olduğumuza dair fərman çıxarsın”.
“Aytən Əliyeva, çıx zaldan!”
Hakim jurnalistlərin çıxışı zamanı onlara tez-tez müdaxilələr edib və danışmaqlarını əngəlləyib.
Fatimə Mövlamlı digərlərinin hakim heyətinə olan etirazını dəstəklədiyini bildirib, bunu əsaslandırmaq istəyərkən hakim artıq çıxışların yekunlaşdığını elan edib. O, hakimlərə verilən etiraza münasibət bildirməsi üçün dövlət ittihamçısına söz verib. Bu zaman Mövlamlı və digər jurnalistlər buna etiraz ediblər.
Həmin vaxt şüşə qəfəsin üzərindən asılmış mikrofonun məhkəmə əməkdaşları tərəfindən götürülməsi onların etirazını daha da hiddətləndirib.
Aytac Tapdıq etiraz edərək yüksək səslə “Aytən Əliyeva, çıx zaldan!” deyib. Bu zaman zalı tərk edən hakim heyəti döndükdən sonra hakimlərə qarşı verilmiş etirazın baxılmamış saxlanıldığını edib.
Daha sonra vəsatətlə çıxış edən vəkil Zibeydə Sadıqova müvəkkili Şəmşad Ağanın ev dustaqlığına buraxılması üçün vəsatətlə çıxış edib.
O müvəkillinin cəmiyyət içində hörmətli bir şəxs kimi tanındığını, cəmiyyət üçün təhlükə törədəcəyinə dair indiyədək heç bir əsasın olmadığını qeyd edib. Jurnalist Aynur Elgünəş də söz alaraq vəkilin bu vəsatətini dəstəkləyib.
“Şəmşad Ağa həbs olunduqdan bəri onun ailəsindən 7 nəfər həyatını itirib. İndi bacısı da ağır xəstədir. O, indi ailəsinin yanında olmalıdır”.
Şəmşad Ağa da vəkilinin vəsatətini dəstəkləyib, tək özünün ev dustaqlığına buraxılmasını yox, burada saxlanılan hər bir şəxsə bəraət verilməsini tələb edib.
Dövlət ittihamçısı Ergin Qafarov isə Şəmşad Ağanın ev dustaqlığına buraxılması üçün heç bir əsasın olmadığını bildirərək vəsatətə etiraz edib. Hakim vəkilin vəsatətini təmin etməyib.
Aynur Elgünəş vəsatətin təmin edilməməsinə etiraz edib.
“Bunlar sadəcə bu tamaşanı legitimləşdirən şəxslərdir”, – Elgünəş belə deyib.
3 qadın jurnalistin məruz qaldığı zorakılıqla bağlı təcridxanaya sorğu göndəriləcək
Vəkil Nazim Musayev söz alaraq 2 gün öncə Bakı İstintaq Təcridxanasında Xəyalə Ağayeva, Aytac Tapdıq və Aysel Ümüdovanın zorakılığa mnəruz qaldığını qeyd edib.
“10 nəfər kameralarına girib qollarını burub, boyunlarını aşağı sıxaraq onları çölə çıxarıb. Qanun qadın məhbusların əşyalarının kişilər tərəfindən axtarılmasına icazə verməsə də, kameralarında keçirilən axtarış-baxışda təcridxananın kişi əməkdaşları iştirak ediblər. Onlara qarşı olan zorakılıq isə cinayət xarakterlidir.
Hesab edirəm ki, dövlət ittihamçısı 18 fevralda baş verən bu hadisəyə bizdən qabaq reaksiya verməli idi.
Vəsasət verirəm ki, məhkəmə baş verən zorakılığın araşdırılması və bunu törədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün baş prokurorluğa təqdimat versin. Eyni zamanda Penitensiar Xidmətin rəhbərliyinə yazı göndərilməlidir ki, bu zorakılıq araşdırılsın.
Dəhlizdəki kameraların təcridxana rəisi Elnur İsmayılovun kabinetindən izlənməsi faktı isə bu işin araşdırılmasının əhəmiyyətini iki qat artırır”.
Hakimin “bununla bağlı hansısa orqana müraciət etmisinizmi və etməmisinizsə səbəbi nədir” sualını cavablandırarkən Nazim Musayev bildirib ki, digər orqanlara müraciət etməkləri vaxt baxımından mümkün olmayıb.
“Hadisə 2 gün öncə baş verib və ictimailəşdikdən sonra dünən trəcridxanaya gedib Xəyalə Ağayeva ilə görüşüb təfərrüatları öyrənə bilmişəm. Daha sonra məhkəməyə yazılı vəsatət halında hazırlayıb bu prosesə gətirməyimiz mümkün oldu”.
Aytac Tapdığın hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov da vəsatəti dəstəkləyərək zorakılıq hallarının araşdırılması üçün baş prokurorluğa təqdimat verilməsini istəyib.
Aysel Ümüdovanın hüquqlarını müdafiə edən Rövşanə Rəhimli bildirib ki, həm axtarış-baxış üçün kameraya daxil olan əməkdaşların birinin sinəsindən asılan kamera, həm də dəhlizi davamlı müşayiət altında saxlayan kameraların görüntüləri məhkəməyə təqdim edilməldir.
Jurnalist Nurlan Libre də söz alaraq dünən onun kamerasına da axtarış baxış üçün rəis müavini Cavid Güləliyevin başçılıq etdiyi əməkdaşların gəldiyini, rəis müavinin onunla kobud rəftar etdiyini qedy edib.
“Soruşduqda Cavid Güləliyev deyirdi ki, “Sadəcə belə istəyirik”. Şəxsi əşyaların hər birinə baxmaq şəxsi həyatın toxunulmazlığını pozur”.
Aytac Tapdıqla Xəyalə Ağayeva məhkəmə prosesinin əvvəlindəki çıxışlarına diqqət çəkərək vəsatəti dəstəklədiklərini, onlara zorakılıq göstərənlərin cəzalandırılmasını tələb etdiklərini deyiblər.
“Tələb edirəm ki, təcridxana rəisi Elnur İsmayılov və onun müavini Cavid Güləliyev cinayət məsuliyyətinə cəlb olunsun”, – Tapdıq belə deyib.
Hakim Aytən Əliyeva bu məsələ ilə bağlı təcridxanaya sorğu göndərməyi qərara aldıqlarını bildirib. Vəkil Nazim Musayev buna etiraz edərək deyib ki, sorğu vermək yaxşı hal olsa da cavabı bəllidir.
“Siz zorakılığı törətmiş qurumun özünə sorğu göndərib bunu edib etmədiklərini soruşursunuz. Bu sorğunun cavabı indidən bəlli olduğundan, bu məhkəmənin səmərliliyini azaldır”.
Hakim Aytən Əliyeva vəkilə cavabında bildirib ki, necə ki onlar vəkillərə hörmətlə yanaşır, onlar da məhkəməyə hörmətlə yanaşmalıdır.
“Artıq sözlərə ehtiyac yoxdur”, – hakim Aytən Əliyeva belə deyib.
Vəkil Nazim Musayev isə ona “şantaj etməyin!” deyərək qarşılıq verib.
“Kim qarantiya verə bilər ki, biz sabah orada zorlanmayacağıq?”
Aysel Ümüdova qeyd edib ki, axtarış üçün onların kamerasına girilərkən o, tualetdə olub.
“Çıxmaq üçün 1 dəqiqə vaxt istəsəm də axtarış-baxış şöbəsinin rəisi Əlibala Rəhimli qapını sındıraraq digər kişi əməkdaşlarla birlikdə içəri daxil oldu.
Rəis müavini Cavid Güləliyev spermalarına vurğu edərək bizə “Mənim toxumum hər yerdədir” deyib.
Bizim başımıza hər bir şey gələ bilər. Kim qarantiya verə bilər ki, biz sabah orada zorlanmayacağıq?
Tələb edirəm ki, baş verən zorakılığın araşdırılması üçün baş prokurorluğa təqdimat verilməli, cinayətkarlar cəzalandırılmalıdır”.
Daha sonra məhkəmə prosesinin gedişi ilə bağlı müdafiə tərəfi ilə hakim heyəti arasında anlaşmazlıq yaranıb. Müdafiə tərəfində bundan sonra birinci sübutların tədqiqi mərhələsinə, yoxsa, sərbəst ifadələrin verilməsi mərhələsinə keçilməsi ilə bağlı yekdil fikir olmayıb.
Bu zaman Aytac Tapdıq hakimlərə üzünü tutaraq deyib ki:
“Görürsünüz, təqsirləndirilənlərlə vəkillərin kommunikasiyasına yaratdığınız problem işin gedişinə mane olur”.
Vəkil Rövşanə Rəhimli təqsirləndirilənlərlə vəkillərin bu məsələni müzakirə edə bilmələri üçün fasilə elan olunmasını istəyib.
Hakim Aytən Əliyeva elan edib ki, məhkəmə iclası təxirə salınır və növbəti proses 13 mart saat 14:30-a təyin edilir.
Meydan TV işinin altıncı məhkəməsi