“Meydan TV işi” üzrə məhkəmə: "Qətnaməni icra et, mətbuatı azad et!"
“Meydan TV işi” üzrə məhkəmə
22 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Meydan TV işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Təqsirli bilinən jurnalistlər məhkəmədə mahnı oxuyaraq etirazlarını bildiriblər.
Bu proses 12 dekabrda baş tutan hazırlıq iclasında məhkəmə baxışa qəbul edildikdən sonra keçirilən ilk proses olduğundan yenidən təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Onlardan müdafiəçilərinə etirazlarının olub-olmadığı soruşulub.
Təqsirləndirilən şəxslərin hər biri vəkillərinin özləri tərəfindən seçildiklərini və onlar tərəfindən müdafiə olunmağa etirazlarının olmadıqlarını bildiriblər.
Mülki iddiaçı və zərərçəkən qismində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin təmsilçisi Əhmədova Fatimə Rza qızı da prosesdə iştirak edib və özü haqqında məlumatları təsdiqləyib.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
- “Meydan TV işi” üzrə məhkəmə prosesi başlayıb: vəsatətlərin əksəriyyəti təmin edilməyib
- Bakı Apellyasiya Məhkəməsinin konvoy rəisi barədə fiziki zorakılıq iddiaları – jurnalistlər şikayət edir
- “Abzas Media işi”: Həqiqəti çatdıranlara 59,5 il həbs cəzası

Aşağı sıra: Ülviyyə Əli, Xəyalə Ağayeva, Fatimə Mövlamlı, Aynur Elgünəş, Aytac Taqdıq, Aysel Umudova
Yuxarı sıra: Ramin Deko, Əhməd Muxtar, Ülvi Tahirli, Nurlan Libre, Şəmşad Ağa, Natiq Cavadlı
Məhkəmədə baş verənlərin xülasəsi
Ötən məhkəmə prosesində təqsirləndirilən şəxslərin şüşə qəfəsin içindən çıxarılaraq vəkillərinin yanında əyləşdirilməsi üçün verilən vəsatət qəbul olunsa da hakim hazırda zalda bunun üçün şərait olmadığını bildirmişdi. Bu prosesdə isə təqsirləndirilən şəxslərə vəkilinin yanında əyləşmək və ya şüşə qəfəsin içində qalmaq üçün sərbəst seçim imkanı verilib.
Anket məlumatlarının dəqiqləşdirilməsinin ardından söz alan vəkil Zibeydə Sadıqova yenidən məhkəmə proseslərində mətbuat nümayəndələrinin iştirakının təmin olunması və onların audio-vizual çəkiliş aparmaları üçün vəsatətlə çıxış edib. Sadıqova təqsirləndirilən şəxslərin hər birinin mətbuat fəaliyyəti ilə məşğul olmasını, ictimai əhəmiyyətli məhkəmə prosesi keçirildiyini vurğulayıb.
Dövlət ittihamçısı yenidən buna etiraz edərək bildirib ki, proseslərdə çəkiliş aparmaq üçün heç bir jurnalist tərəfindən məhkəməyə müraciət edilməyib.
Bu zaman Zibeydə Sadıqova zalda əyləşən jurnalistlərə və digər insanlara çəkiliş etmək üçün icazə verilməsini istəyib. Onun vəsatətini dəstəkləyən vəkil Nazim Musayev də qeyd edib ki, jurnalistlərin məhkəmə proseslərində çəkiliş aparmaq üçün öncədən müraciət etmələrini və hansısa qeydiyyatdan keçmələrini şərtləndirən hər hansı qaydalar mövcud deyil.
Vəkil Rövşanə Rəhimli də vəsatəti dəstəkləyərək deyib:
“Hər zaman demokratik ölkədə yaşadığımızı, mətbuatın azad olmasını vurğulamırıqmı? O zaman şərait yaradılsın və jurnalistlər proses boyunca çəkiliş aparsınlar”.
Jurnalist Nurlan Libre isə bu vəsatətin təmin olunmayacağı təqdirdə zalda əyləşən şəxslər tərəfindən onların foto və videolarının çəkilməsi üçün 3 dəqiqəlik zaman ayrılmasını tələb edib.
Yekunda məhkəmə bu vəsatətlərinin heç birini təmin etməyib. Hakim qeyd edib ki, mətbuat nümayəndələri zalda sərbəst şəkildə əyləşərək öz qeydlərini apara bilərlər, amma çəkiliş edə bilməzlər.
“Meydan”çıların tələbləri: “Götürdüklərinizi qaytarın!”
Aynur Elgünəş isə hazırlıq iclasında səsləndirdiyi, lakin məhkəmənin baxılmamış saxladdığı vəsatəti təkrar qaldıraraq 13 aydır onun istifadə etməsinə qadağa qoyulan əlillik üçün dövlət tərəfindən verilən müavinət kartının və məcburi köçkünlük üçün verilən müavinət kartının özünə qaytarılmasını tələb edib.
“İstintaqın digər bank kartlarını araşdırmaq üçün götürməsini haradasa başa düşmək olar, amma dövlət tərəfindən ödənən müavinətin kartında nə kimi qaçaqmalçılıq ehtimalına söykənib araşdırma aparırlar?”
Məhkəmə bu vəsasətlə bağlı müvafiq icra hakimiyyətinə sorğu göndərmək və məsələni araşdırmaqla bağlı qərar qəbul edib.
Vəkil Rövşanə Rəhimli cinayət işi materiallarında yer alan sübutların qiymətləndirilməsi sənədi ilə müdafiəçilərin heç birinin tanış olmadığını, bu sənədlə tanışlığın vəkillər tərəfindən müdafiənin qurulması işində olduqca vacib olduğunu qeyd edib.
“Vəkillərə bu sənədlə tanışlıq üçün şərait yaradılacaq”, – hakim belə deyib.
Daha sonra jurnalist Şəmşad Ağa söz alaraq ilk olaraq zalda əyləşən şəxslərə və insan haqları müdafiəsinin çətinləşdiyi bu zamanda onların hüquqlarını müdafiə edən vəkillərə təşəkkür etdiyini bildirib. O, istintaqın prosessual qanunvericiliyə uyğun formada aparılmadığını qeyd edərək tələblər irəli sürüb.
“Cinayət Prosessual Məcəllənin 52.3-cü maddəsinin tələbinə görə bütün istintaq hərəkətinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş gününddən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanlarının prokurorluqla birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır.
Bütün prosessual qərarlar hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur”.
Jurnalist qeyd edib ki, bu blanklar ortada yoxdur, çünki istintaq hərəkətləri bu blanklara qeyd edilməyib.
“Beləliklə cinayət işi materialları qanunvericiliyə uyğun formada tərtib edilməyib və bu səbəbdən də etibarsızdır. Etibarsız bir sənəd üzərindən məhkəmə işi aparıla bilməz.
Ya blanklar məhkəməyə gətirilsin, ya bizi dərhal azad edin, ya da cinayət işini ibtidai istintaqa geri qaytarın”.
Hakim heyəti onun bu vəsatətini təmin etməyib. Jurnalist etiraz edərək deyib:
“Özünüz açıq şəkildə qanunvericiliyi pozursunuz və bir qrup adam toplaşaraq hüquqi qüvvəsi olmayan bir A4 toplusu üzərindən məhkəmə işi aparırsınız”.
Bu zaman zalda əyləşənlər onu alqışlayıblar.
Jurnalist Ülviyyə Əli vəsatətlə çıxış edərək evindəki axtarış zamanı ondan götürülmüş iki mobil telefon və 1 noutbukda yer alan foto və videoların onun özünə, yaxınlarına və iki pişiyinə aid arxiv olduğunu deyib. O, bu cihazların özünə qaytarılmasa belə foto və videoaların bir daşıyıcı cihaza yüklənərək ailəsinə verilməsini istəyib. Jurnalist, əlavə edib ki, lazım olan daşıyıcı cihaz özləri tərəfindən də təmin edilə bilər.
Jurnalist Fatimə Mövlamlı da bənzər vəsatət verərək saxlanılarkən evində aparılan axtarış zamanı 4 telefonun və işləməyən bir kompüter sistem blokunun polislər tərəfindən götürüldüyünü qedy edib:
“Evdən götürülən telefonlardan sadəcə 1-i mənə məxsus olub. Anamın yataq otağından onun özünə məxsus olan telefonu götürüblər və hələ də qaytarmayıblar. Bu, mülkiyyət hüququnun da kobud pozuntusudur”.
Hakim bildirib ki, sübutların ekspertizası aparıldıqdan sonra məhkəmə bu məsələyə baxacaq və yekun qərar qəbul ediləcək.
Qadın jurnalistlər mahnı səsləndirib
Vəsatətlər yekunlaşdıqdan sonra hakim məhkəmə istintaqının başladığını elan edib və dövlət ittihamçısını yekun ittiham aktının nəticə hissəsini oxuması üçün kürsüyə çağırıb.
Dövlət ittihamçısı təqsirləndirilən şəxslərə yönəlmiş yekun ittiham aktını üzündən oxuyarkən “qaçaqmalçılıq” ifadəsini səsləndirib. Bu zaman Aytac Tapdıq ayağa qalxalaraq – Nə dedi? Qaçaqmalçılıq? – deyə soruşub və davamında bu iş üzrə təqsirləndirilən 6 qadın jurnalist birlikdə mahnı səsləndiriblər.
Onların mahnısı “Arşın mal alan” filmindəki mahnının sözləri redaktə edilmiş versiyası olub və “qaçaqmalçı, mal göstər” sözləri ilə başlayıb:
Qaçaqmalçı, mal göstər,
Mülklərini aç göstər.
Göstər, göstər hər nə var,
Xalqın öyrənmək istər.
Ah, nə gözəl ölkədir,
Hamısı bir əldədir,
Hər tərəfi türmədir, türmə, türmə.
Ondan bir azadlıq qoparsaydım,
Oynardım mən doyunca-doyunca.
Qadın jurnalistlərin mahnı performansı bitdikdə sonra zaldda əyləşənlər onlara gurultulu alqışlarla qarşılıq veriblər. Bu, hakim heyətinin narazılığına səbəb olub. Onlar bildiriblər ki, növbəti dəfə zalda əyləşən şəxslər kimisə alqışlasa zaldan çıxarılacaqlar.
Bu zaman Aynur Elgünəş replika edib: “Bizi yazmağa qoymurlar, oxuyuruq”.
Məhkəmənin sonunda insident baş verib
Dövlət ittihamçısının yekun ittiham aktının nəticə hissəsini səsləndirməsi 1 saatdan çox davam edib. Bu zaman vəkil Rövşanə Rəhimli artıq 2 saat yarımdır məhkəmənin davam etdiyini, təqsirləndirilən şəxslərin uzaqdan gətirildiyi və ac olmalarını qeyd edərək bu günlük prosesin yekunlaşması üçün müraciət edib.
O deyib ki, dövlət ittihamçısının hələ oxumadığı 8 səhifə qalıb və bunun üçün çox zaman lazım olacaq.
Hakim vəkilin müraciətini qəbul etməyərək prosesi davam etdirib. Bu zaman Nurlan Libre şüşə qəfəsin içindən üzünü zalda əyləşənlərə tutaraq çıxış etməyə başlayıb:
“Avropa Parlamentinin jurnalistlərin azad edilməsi tələbi ilə çıxardığı qətnamənin hökumət tərəfindən icra edilməsini tələb edirəm”.
O, çıxışına “Qətnaməni icra et, mətbuatı azad et!” şüarı səsləndirməklə davam edib.
Bu zaman Penitensiar Xidmətin əməkdaşları şüşə qəfəsin içinə girərək jurnalisti oradan zorakılıqla çıxarıblar. Nurlan Libre zaldan çıxarılarkən bir konvoy əməkdaşı əlini onun boynuna salaraq sıxmaqla və başını yan tərəfə əyməklə aparıb. Digər konvoy əməkdaşı isə onun qolunu burub.
Nurlan Librenin zorakılıqla aparılması iclas zalında əyləşənlərin etirazına səbəb olub. Baş verən insidentdən sonra hakim prosesinin başa çatdığını və növbəti prosesin 16 yanvara təyin olunduğunu elan edib.
Elbəyi Kərimli məhkəmədə anılıb
Hakim sözünü bitirdikdən sonra Aytac Tapdıq ayağa qalxıb və zalda əyləşənləri 2023-cü ilin avqustunda Heydər Əliyevin heykəlinə “Stalin” yazdıqdan sonra həbs olunan və bir neçə gün öncə – Heydər Əliyevin 12 dekabrdakı ölüm ildönümündə həbsxanada müəmmalı şəkildə həyatını itirən Elbəyi Kərimlinin xatirəsini 1 dəqiqəlik sükutla anmağa çağırıb.
Bu zaman təqsirləndirilən şəxslər və zalda əyləşənlər sükut üçün ayağa qalxıblar.
“Meydan TV işi” üzrə məhkəmə