Metadon proqramının qüsurları
Gələn il Gürcüstanda metadon proqramının 10 illiyi qeyd olunacaq, Səhiyyə Nazirliyi bu proqramı 2007-ci ildə, narkomanlıq və hepatitlərin yayılma miqyası fəlakətli göstəricilərə çatanda həyata keçirməyə başladı. ABŞ Dövlət Departamentinin həmin dövrə olan statistikasına görə, Gürcüstanda 275 min narkotik istifadəçisi və 200 min hepatit C virusuna yoluxan varıydı.
Gürcüstanda il ərzində əvəzləyici terapiya proqramından 4 minə yaxın adam istifadə edir. Hazırki dövrdə dövlət proqramı iki hissədən ibarətdir – pullu və pulsuz. Pulsuzu Qlobal Fond maliyyələşdirir, onun köməyi ilə terapiyanı 750 benefisiar keçir. Proqram pulsuzdur, bu da sosial təminatı olmayan və ya məhdud imkanlı insanların vəziyyətini yüngülləşdirir. Pullu proqramın benefisiarlarına gəlincə, onlar hər ay gündəlik metadon dozasına görə 110 lari ödəyirlər.
Dövlət nəzarəti altında olan pullu metadon proqramı Tbilisi, Poti, Kutaisi, Zuqdidi, Batumi, Ozurqeti, Telavi, yay mövsümündə isə Kobuletidə də fəaliyyət göstərir. Qlobal Fondun pulsuz proqramı isə Tbilisinin Saburtalo və Qldan rayonlarının cəzaçəkmə müəssisələrini, Qori, Batumi, Tbilisi və Kutaisini əhatə edir.
Metadon proqramına ancaq tiryək tərkibli narkotik maddə istifadəçiləri qoşula bilər. “Bemoni qeyri-hökumət təşkilatının son (2014-cü ilə olan) tədqiqatının nəticələrinə görə, Gürcüstanda 50 minə yaxın narkoman inyeksiya narkotiklərindən istifadə edir. Bu məlumatlar ekspertlərin narahatçılığına səbəb olur – cəmi beş il əvvəl narkotikdən asılı insanların sayı 45 minə çatırdı, amma kustar narkotirlərin (“tısbağa, “vint, “ceffin) yayılması son illərdə bu sayın xeyli artmasına gətirib çıxardı.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ildən ilə əvəzləyici terapiyaya müraciət etməyi məsləhət görür, çünki ötən əsrin 60-cı illərindən bəri metadon istifadəsinin tibbi təcrübəsi bu preparatın narkomanlarda nəinki abstinent sindromun aradan qaldırılması, həm də müxtəlif infeksiyaların yayılmasının məhdudlaşdırılması nöqteyi-nəzərindən ən effektiv preparat olduğunu göstərir.
Metadonun dozadan artıq istifadəsinin təsiri morfinin təsirinə bənzəyir, amma ondan fərqli olaraq, metadon eyforiya hissini bloklayır və xroniki asılılığı əhəmiyyətli dərəcədə azaldır. Amma bu zaman həkimlə pasientin birlikdə müəyyən etdiyi adekvat dozanın qəbulu vacibdir. Metadon sintetik narkotikdir və ondan asılı olmamaq üçün həkim uzun müddət ərzində dozanı yavaş-yavaş azaldır. Əksər vaxtlarda bu, bir neçə il davam edir və norkotikdən asılı insan tədricən adi həyat ritminə qayıdır. Səhərlər o yuxudan narkotik üçün pul tapmaq fikri ilə oyanmır, çünki onu öz metadon dozası gözləyir. Ona ümumi iynə lazım deyil və deməli o qanla keçən xəstəlikləri yaymır.
Metadon proqramının benefisiarı özünə nəzarət edir, məsuliyyətli işin öhdəsindən gələ, cəmiyyətdə normal münasibətlər saxlaya bilir. Metadonun təsir müddəti 25-36 saatdır. Buna görə də benefisiar mütləq gündəlik dozasını qəbul etməlidir.
Metadon proqramının bütün müsbət cəhətlərinə baxmayaraq, narkotik aludəçiləri, Gürcüstanın narkoloqları onun qüsurları barədə də danışırlar.
Biz proqramın benefisiarları ilə əvəzedici terapiyanın qüsurları barədə söhbət etdik və onlardan müvafiq informasiyanı aldıq:
Qüsur 1
Dövlət proqramının benefisiarı mütəmadi olaraq 110 lari ödəmək iqtidarında deyil, xüsusən də əgər proqramda bir neçə il ərzində iştirak edirsə. Bu da bir çoxlarının terapiyanı dayandırıb, narkotik istifadəsinə qayıtmasına səbəb olur. Ölkədə heç kim proqramdan çıxan benefisirların statistikası ilə məşğul olmur, heç kim bunun səbəblərini öyrənmir.
Qüsur 2
Proqramda stabil olaraq iştirak edən benefisiarın təşviqi mexanizmi yoxdur. “Beş ildir ki, proqramın benefisiarıyam – 120 qram metadondan 25-ə qədər “düşmüşəm. Proqramın daxili nizam-intizamını heç vaxt pozmamışam. Buna baxmayaraq, mənə şənbə-bazar metadon dozasını evə aparmaq qadağandır. Havadan, vəziyyətimdən asılı olmayaraq, hər gün mərkəzə gəlib, yerində mənə düşən dozanı almağa məcburam, – Giorgi M. deyir. Amma şənbə-bazar dozasını özüylə aparmaq
Qüsur 3
Proqrama həddən artıq sərt bağlılıq tək benefisiara deyil, ailəsinə də narahatlıq gətirir. Metadon proqramının benefisiarları metadonu məhdud zaman kəsiyində – 9.00-dan 14.00-a qədər (istirahət günləri isə daha az – 13.00-a qədər) ala bilirlər. Hər gün metadon üçün serviz mərkəzinə yüzlərlə insan müraciət etdiyi üçün böyük növbələr yaranır, xüsusən də səhər saatlarında. Benefisiarlar şikayətlənirlər ki, bu səbəbdən onlar tez-tez işə gecikir ki, bu da onlara cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilməsinə mane olur. Onlar ailələri ilə birlikdə istirahət edə bilmirlər, çünki mərkəzin fəaliyyət göstərdiyi yerdən uzağa gedə bilmirlər.
“Nə pullu, nə də pulsuz metadon proqramı Samsxe-Cavaxeti, Raçe, Svaneti, yay istirahəti zonalarında fəaliyyət göstərmir. Bundan əlavə, Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisidə pulsuz proqram işləmir, pullu proqramdam istifadə etmək üçünsə insanlar Terjola, Zestafoni, Samtredi, Çiaturadan gəlirlər. Təsəvvür edin, hər gün onlar təkcə yola nə qədər vaxt itirirlər! Bəs nə vaxt işləsinlər? Sənin bu zəmanətsiz müalicənin bütün xərcləri ailə üzvlərinin üzərinə düşürsə, müalicə almaq istəyi nə qədər çəkə bilər? – Mamuka Q. sual verir.
Qüsur 4
Metadonun qəbulu zamanı preparatın müalicə edən həkimlə pasientin birlikdə müəyyən etdiyi adekvat dozası çox vacibdir. Metadondan asılı vəziyyətə düşməmək üçün dozanı uzun müddət ərzində mikroskopik miqdarda azaltmaq lazımdır, amma terapiyanı dayandırmaq və müalicənin növbəti mərhələsinə keçməklə bağlı istəyini bildirən kimi həkim: “Dozanı özün müəyyən et. – deyir. Bununla da o sanki məsuliyyəti öz üstündən atır. Səbəb isə ondandır ki, həkimlər sadəcə dozanı necə tənzimləməli olduqlarını bilmirlər, bunu etiraf etmək də istəmirlər. Həkimlərin qeyri-peşəkarlığı o yerə gətirib çıxarır ki, benefisiar metadona paralel olaraq stimulə edici preparatlar və yuxu gətirici dərmanlardan istifadə etməyə başlayır ki, bu da səhhətə pis təsir edir və hətta proqramdan kənarlaşdırılmağa səbəb ola bilər.
Qüsur 5
Əslində metadon əvəzləyici terapiya həkimin stəkanda metadon dozası verməsi ilə məhdudlaşmamalıdır. Benefisiara həm də həkimin psixoloji köməyi lazımdır. Narkotikdən asılı insanlar isə tez-tez məhz tibb işçilərinin pis münasibəti ilə üzləşirlər. Benefisiar hər hansı narazılığını bildirəndə, onlar kobudluq edirlər. “Bir neçə dəqiqə gecikmisənsə, qapını düz üzünə bağlaya bilərlər. Sabaha qədər necə dözəcəyin onları narahat etmir, qapını açıb, içəri buraxsalar da min dəfə gecikdiyinə görə danlayacaqlar, -Giorgi M. deyir.
Qüsur 6
Metadon proqramına az sayda qadın qoşulub. Müstəqil narkotik ekspertlərinin qiymətlərinə görə, onlar benefisiarların ümumi sayının 2%-dən azını təşkil edir. Narkotik istifadəçisi olan qadınlar sosial xüsusiyyətlər, həya və bunun cəmiyyətdə üzə çıxması ilə bağlı qorxu səbəbindən nadir hallarda narkoloji klinikalara müraciət edirlər. “Metadon mərkəzlərində qadınlar anonimliyin qorunmasına ümid edə bilmirlər.
Qüsur 7
Əvəzləyici proqramın benefisiarlarına tək müalicə dövründə deyil, proqramdan çıxandan bir il sonra da sürücü vəsiqəsindən istifadə etmək qadağandır. Amma məhz avtomobil benefisiarların böyük hissəsi üçün gəlir mənbəyidir (distribusiya sahəsi, taksi və s.). Dövlət işə düzəlmənin alternativ variantını təkilf etmir. Belə çıxır ki, onsuz da fərli-başlı perspektivi olmayan insanların proqramdan çıxandan sonra işə düzəlmək çansı bir az da azalır. “Hansı sosiallaşmadan söhbət gedə bilər?.. Biz işsiz və məzlum olmağa məhkumuq, – Qela S. deyir.
Qüsur 8
Proqramın əsas qüsurlarından biri gələcəyinin dumanlı olmasıdır. 2018-ci ildən, Qlobal Fond Gürcüstanı tərk edəndən sonra metadon proqramının maliyyələşdirilməsi məsələsi durur. Dövlət fondun proqramlarının maliyyələşdirilməsini davam etdirə biləcəkmi? Bu suala heç bir qurumun cavabı yoxdur.
Dərc olunub 1.06.2016