Olimpiadaya qurban gedən meşələrin bərpasına yüz il lazımdır
“Novaya Qazeta”nın materialları əsasında
Kolxida şümşadı relikt bitkidir. Onun Qafqaz ərazisində 30 milyon il öncə bitməsinin paleontoloji sübutları var.
Şümşadın bədbəxt günləri Soçi olimpiadasından beş il əvvəl kütləvi tikinti zamanı başladı. Ekoloji vəziyyət xeyli pisləşdi. Şümşad meşələrini yoluxucu xəstəliklər zəiflətdi. Adler – Krasnaya Polyana trası və dəmiryolu xətti tikiləndə isə meşəni kütləvi şəkildə qırdılar. Bir çox nadir bitki növlərinə zərər dəydi.
2012-ci ilin payızında Olimpiya kəndi üçün İtaliyadan həmişəyaşıl şümşad gətirildi. Bu, park bitki növüdür. Alınan ağacların köklərində isə şümşad odlucasının yumurtaları və qurdu varıydı. Həmin odlucalar şümşadın bütün növlərinin yarpaq və qabığı ilə qidalanır. Başqa heç nə yemirlər.
İtaliya bitkilərini gətirməklə fitonəzarət qaydalarını pozdular. Baxış keçirmək üçün Soçi milli parkının mütəxəssislərini çağırdılar. Onlar gətirilən ağacların dərhal yandırılmalı olduğunu dedilər. Yoxsa bu fəlakətlə nəticələnə bilər. Onlar dedilər, amma onları eşidən olmadı. Yoluxmuş bitkiləri Olimpiya kəndi və bütün Soçi ərazisində əkdilər.
2012-ci ilin payızına qədər Krasnodar vilayətində şümşad odlucaları olmayıb. Bu iqlimdə onların təbii rəqibləri yoxdur. Yerli quşlar belə onların qurdları ilə qidalanmır, çünki həşəratlar xoflarla müdafiə olunur və zəhərlidir. Təbii düşmənin olmaması və xoş iqlim səbəbindən həddən artıq çoxalan bu gətirmə növləri alimlər “inveyder”lər (işğalçılar) adlandırır.
Odluca kəpənək əvvəl Soçi şəhərindəki bütün şümşadları yedi. Bunu Soçi milli parkının mütəxəssisləri gördü və RF-nin Təbiət Nazirliyinə məlumat verdi. Krasnodar vilayətində təbii şümşad meşələrini məhvdən xilas etmək üçün alimlər məmurlardan yoluxmuş ağaclara pestisid vurmaq üçün icazə istədilər. Təbiət Nazirliyi icazə vermədi. Kimyəvi maddələrin istifadəsini qadağan edən “Xüsusi qorunan təbiət əraziləri haqqında” federal qanunu əsas gətirdi.
2013-cü ilin sentyabr ayında Soçi milli parkının əməkdaşları qoruq ərazisində yarpaqların üzərində ilk “xarakterik diş yerləri” tapdı.
2014-cü ilin sentyabr ayında Xostda yerləşən məşhur Qaraçöhrə-şümşad ağaclığı məhv oldu. Orada odluca 182 hektarlıq ərazidə yerləşən bütün şümşadları yedi. Bu, Soçinin ən məşhur turizm məkanlarından biriydi.
İndi ağaclıq elə görünür ki, sanki atom qışından çıxıb.
Ətrafda sadəcə üstündən yaşıl mamır sallanan ölü şümşadlar var. Əvvəllər ağacların çətirlərinin altında alçaq kölgə sevər kol bitkiləri varıydı. Şümşad məhv olandan sonra da onlar düz günəş şüalarının altında qurudu. Ağaclığın nə qədər dərinliyinə getsəm də bir dənə də salamat şümşad tapa bilmədim, bir çox ağacın qabığı belə yox idi. Tırtıl belə görmədim. Hər şeyi yeyib getmişdilər.
“Şimali Qafqaz üzrə ekoloji növbə” şurasının keçmiş üzvü, ictimai və siyasi fəal Yevgeni Vitişko mənə Xostedəki şümşad ağaclığının məhv olmağından və məmur biganəliyindən danışır: “2014-cü ildə vilayətin bütün meşəbəyiliklərində artıq odluca ocaqları varıydı, özü də indiyə qədər olduğu kimi, yoluxma bir-iki yerdə yox, 90% ərazini tutmuşdu. Pestisidlərin istifadəsinə icazə almaq üçün yenə Təbiət Nazirliyinə yazdıq və onlar yenə də rədd cavabı verdi”.
Ay yarım ərzində (2014-cü ilin avqust ayından sentyabr ayına qədər) Kolxida şümşadı növünün yox olma təhlükəsi “təhlükəli” kateqoriyasından “kritik” vəziyyətə qədər qalxdı. Təbiət Nazirliyi cavab verdi: “Təkrarən nəzərinizə çatdırırıq ki, federal qanuna əsasən, dövlət qoruqları və təbiət (milli) parkların ərazisində pestisidlərin istifadəsi qadağandır. Tırtıllarla mübarizə üçün mexaniki və bioloji metodların işlənib hazırlaması imkanını nəzərdən keçirmək tövsiyə olunur”.
Sonra məmurlar milli parkın mütəxəssislərinə izah etdilər ki, bu metodlara bioloji preparatlar da daxil deyil, çünki onlar da pestisiddir.
1 oktyabr 2014-cü ilə olan məlumata görə, odluca ocaqları 1863 hektar şümşad meşələrinin 253 hektarını tutur. Eyni anda yoluxmuş ərazilər Novorossiysk, Krasnodar, Armavir, Maykopda, Krasnodar və Adıgeya vilayətlərinin başqa yerlərində də meydana çıxdı.
Təbiət Nazirliyinin növbəti rədd cavabından sonra Soçi milli parkının əməkdaşları odluca ilə bioloji mübarizə cəhdlərinə təşəbbüs etməyə başladılar və nəticədə onlar kəpənəyin daimi hücumlarına məruz qalan şümşad meşələrinin kiçik sahələrini qoruyub saxlamağı bacardılar.
Soçi milli parkının elm üzrə direktoru Boris Tuniyev deyir: “Biz çox şeyi sınaqdan keçirdik, amma bu cür populyasiyaya qarşı heç nə kömək etmirdi. Bizim iqlimdə odluca bir il ərzində 4 nəsil dəyişir, burada qışı da rahat keçirirlər. Bütün dünyada onunla pestisidlərlə mübarizə aparırlar, biz isə təzə nəsə tapmaq məcburiyyətindəyik”.
“İndi Təbiət Nazirliyində iclaslar keçirilir və günahkar axtarırlar”, – Boris Tuniyev deyir. – “Edilə bilən yeganə şey isə odlucaya şümşadın qalıqlarını yeyib qurtarmağa imkan verməkdir. Becərməyi dayandırmaq və xilas etməyə çalışmaq. Yeyib qurtarmağa imkan vermək və acından ölənə qədər gözləmək. Bu növ monofaqdır, yəni başqa heç nə yeyə bilmir. Şümşad olmasa odluca da olmayacaq. Paralel olaraq toxum ehtiyatları, bağlı müvəqqəti qoruqlar və şitillik yaratmaq lazımdır. Onları pestisidlərlə işləmək və yavaş-yavaş sayı artırmaq. Amma buna yüzlərlə il lazım olacaq”.