Şərh: Putin Trampdan istifadə edir, Avropa sayıq olmalıdır
Donald Trampın hər vəchlə qadağan etmək istədiyi kitab ABŞ-da mağazalara paylanmağa başlayıb.
Bu, Trampın milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Boltonun memuarlarıdır. Kitabda prezidentlə bağlı çox sayda qalmaqallı ifşalar yer alıb.
Tramp administrasiyası və Ədliyyə Nazirliyi “bütün ölkədə tirajı müsadirə etmək və məhv etmək” xahişi ilə məhkəməyə müraciət ediblər. Amma federal hakim Roys Lambert xahişi rədd edib – CNN xəbər verib.
Kitab “Hər şeyin mənim iştirakımla baş verdiyi kabinet” adlanır.
Bolton ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsində 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrına qədər çalışıb. Onun xatirələri 592 səhifəyə sığışıb.
Bolton həmçinin belə hekayələr də danışır.
Çindəki konsentrasiya düşərgələri – “doğru addım”
2019-cu ildə Çin rəhbərliyi ilə görüşdə Tramp bu ölkədə müsəlman azlığın – uyqurların saxlandığı konsentrasiya düşərgələrinin inşası ilə bağlı müsbət münasibət ifadə edib.
“Doğru addımdır”, – Boltonun yazdığına görə, Tramp deyib.
• ABŞ-da üsyan: niyə generallar və keçmiş prezidentlər Trampa qarşıdır?
• Tramp fələstin dövləti yaradır, yoxsa İsrailə işğal etdiyi əraziləri “leqallaşdırmağa” kömək edir?
• “Onilliyin simasını müəyyən edən” 50 nəfər – “Financial Times”ın versiyası
Həmçinin 2019-cu ildə dünya liderlərinin Yaponiyadakı görüşü zamanı Tramp “hamını heyrətləndirərək” Çin lideri Si Tszinpinlə ABŞ-da gözlənilən (2020-ci ilin payızında) prezident seçkiləri haqda danışmağa başlayıb.
Tramp deyib ki, qələbə üçün ona kənd təsərrüfatı ştatlarından olan seçicilərin dəstəyi çox vacibdir və Çin liderini Amerikadan aldığı taxıl və soyanın həcmini artırmağa çağırıb.
Əvəzində Tramp ABŞ və Çin arasında yeni ticarət razılaşmasında güzəştlər vəd edib.
Rusiya və Şimali Koreya liderləri Trampı manipulyasiya edir
ABŞ prezidenti Böyük Britaniyanın nüvə silahına sahib olduğunu bilmirmiş, ölkənin o zamankı baş naziri Tereza Mey ilə görüşü zamanı təəccüblə ondan soruşub: “O, siz nüvə ölkəsisiniz?”
O, həmçinin həmin vaxt Ağ Ev administrasiyasına rəhbərlik edən Con Kellidən də maraqlanıb ki, Finlandiya Rusiyanın tərkibinə daxildirmi?
Bu sualı ABŞ prezidenti 2018-ci ilin yayında Helsinkidə Vladimir Putinlə görüşü zamanı verib. Danışıqların yekununda Tramp bəyan edib ki, Rusiyanın Amerika seçkilərinə müdaxiləsi haqda danışarkən, o, öz kəşfiyyat xidmətindən daha çox Rusiya prezidentinə inanır.
“Yəqin ki, Putin Helsinkidə nəyə nail olduğunu görüncə möhkəm qəhqəhə çəkib”, – Bolton yazır.
Bolton onu da bildirir ki, Tramp açıq şəkildə Amerikanın Ukraynaya göstərdiyi yardımı prezident seçkilərində onun potensial rəqibi Co Baydenin bu ölkədəki fəaliyyəti ilə bağlı istintaqla əvəzləməyə çalışıb.
O öz kitabında demokratları tənqid edir və bildirir ki, bütün impiçment prosesi yanlış qurulub.
“Tramp öz vəzifəsini Ukrayna ilə əlaqədar qalmaqala görə yox, xarici siyasətlə bağlı qərarlar toplusuna görə tərk etməli idi”, – Bolton yazıb.
Botonun fikrincə, Vladimir Putin və Kim Çen In kimi avtoritar liderlər prezident Trampı “məharətlə manipulyasiya edir”.
Donald Tramp qadağan etməyə nail ola bilmədiyi kitaba reaksiyasını bildirərkən, Boltonu “yalançı” və “məxfi informasiyanı sanksiyadan kənar yayan” insan adlandırıb.
Avropadan şərh
Simon Tisdall, The Guardian
Tramp Avropa ilə əməkdaşlığı İsraildə və Fələstində, İranda, Çində, məhv etmək istədiyi Beynəlxalq Cinayət Məhkəməsinə münasibətdə uğursuzluğa uğradıb.
Tramp qorxunc pandemiyanın qızğın çağında Ümumdünya Səhiyyə Təşkilatının maliyyələşdirilməsini dayandırıb.
İndi onun yeni planı var – Amerika qoşunlarını Almaniydan çıxarmaq və bununla da orada Rusiyanın mövqelərini möhkəmləndirmək.
Tramp Putinə iltifat edir və yaltaqlanır.
Görəsən, Tramp cəmi bir il əvvəl Çin liderinə ümid bağlaması ilə indi Amerikada koronavirus pandemiyasının fəlakətli nəticələrinə görə məsuliyyəti yükləmək istədiyi Çinə qarşı hücum həyata keçirməsi arasında ziddiyyəti görürmü?
Trampı mümkün fəsadlar narahat edirmi? Və ya onun haqqında dünyanın nə düşündüyü? Yaxud da ABŞ konstitusiyasının nə diktə etdiyi?
Yox. Onun üçün əhəmiyyəti olan yeganə şey seçkidə qazanacağı qələbədir.
Bütün bunlar birlikdə belə təəssürat yaradır ki, ABŞ ardıcıl olaraq Avropanın maraqlarını iqnor edəcək. Bu gündən etibarən 2020-ci ilin noyabrına, Donald Trampın ABŞ prezidenti kürsüsündə qalıb-qalmadığı bəlli olana qədər bütün bu gərginləşmə getdikcə artacaq.