Maskada, tənəffüssüz və yeməkxanasız: Ermənistan yeni tədris ilinə hazırlaşır
Ermənistan məktəblərində dərslər sentyabrın 15-dən başlayacaq. Üstəlik söhbət distant təhsildən getmir – şagirdlər həftədə altı gün məktəbə gəlməli, tənəffüsə çıxmaq və yeməkxanaya getmək haqqı olmadan siniflərdə oturmalı olacaqlar.
Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi koronavirus pandemiyası dövründə dərslərin keçirilməsi qaydalarını dərc edib.
Bu sənədə əsasən, şagirdlər maskada olmalı, vaxtaşırı maskaları dəyişməli, sosial məsafəni gözləməli və dərslərə lövhəyə çıxmadan, yerlərindən cavab verməli olacaqlar.
Yeni məktəb qaydalarının bir qismi ermənistanlı valideynləri çaşdırıb, bir qismi isə onlara mümkünsüz görünüb. Onlardan bəziləri artıq sosial şəbəkələrdə yazırlar ki, bu şərtlərlə uşaqlarını məktəbə göndərməməyə üstünlük verirlər.
Təhsil naziri Araik Harutunyan isə koronavirusun yayılması riskinin qarşısını almaq üçün şagirdləri və tələbələri tədris ili başlayana qədər könüllü şəkildə özünütəcrid rejimində qalmağa çağırıb.
Yeni qaydalar
Qaydalara əməl olunmasına bütün məktəb əməkdaşları nəzarət edəcək, amma onlara əməl olunmamasına görə bütün məsuliyyət direktorların üzərinə qoyulub.
Bütün məktəblər şagirdləri maska və dezinfeksiya vasitələri ilə təmin edəcək. Məktəblərdə bu vasitələr azı bir həftəlik ehtiyatla olmalıdır. Bütün müəllimlər və şagirdlər hər 4 saatdan bir maskalarını dəyişməli olacaqlar.
Təhsil müəssisələrində kütləvi tədbirlərin keçirilməsi qadağandır, müvəqqəti olaraq uzadılmış dərslər, dərnəklər və fakultativlər ləğv edilib.
Şagirdlərə sinifdən çıxmaq yalnız tənəffüslərdə qadağan edilməyib. Sinifdən çıxmaq üçün yaranan istənilən ehtiyac zamanı onlar müəllimdən xüsusi icazə almalı olacaqlar.
Dərslər vaxtı şagirdləri imkan daxilində tək-tək, ya da partaların əks tərəflərində otuzduracaqlar.
Yeni məktəb qaydalarında sosial məsafənin gözlənilməsi, toplaşmaların və sıx təmasın qarşısının alınması xüsusi qeyd olunub.
Girişdə distant termometrlərlə hamının temperaturu ölçüləcək. Məktəblər ehtiyac yarandığı zaman istifadə etmək üçün fərdi termometrlərlə təmin olunacaq. Viruslu xəstəliklərin hər hansı əlaməti müşahidə olunduğu zaman şagirdlər evə göndəriləcəklər.
Eyni zamanda bir sinifdə maksimum 20 şagird ola bilər. Əgər şagirdlərin sayı çoxdursa, uşaqlar arasında metr yarımlıq məsafəni təmin etmək üçün sinif qruplara bölünəcək.
Sinif otaqları ilə bağlı tələblər:
- Sahəsi ən azı 54 kvadratmetr olan siniflərdə 20 şagird təhsil ala bilər. Bu, məktəb zalları və dəhlizlər də ola bilər.
- 10 şagirddən az olan siniflər sahəsi azı 42 kvadratmetr olan otaqlarda dərs keçə bilərlər.
Şagirdlərin məktəbdə gündəlik keçirdikləri zamanı azaltmaq üçün altı günlük tədris rejimi tətbiq edilib.
Yazı işləri üçün dəftərlərdən istifadə də qadağandır. Yoxlama işləri üçün ayrıca vərəqlər veriləcək. Onların yoxlanılması ilə müəllimlər ancaq bir gün sonra məşğul olacaqlar. Vərəqlərin şagirdlərə qaytarılması qadağandır – ehtiyac yarandığı zaman müəllim surətini təqdim etməli olacaq.
Sosial şəbəkələrdə nə yazırlar?
Valideynlərin çoxu dərslərin keçirilməsinin yeni qaydalarından narazıdır. Sosial şəbəkələrdə də fəal müzakirələr gedir.
Bəzi şərhlər:
“Anlamaq istəyirəm ki, koronavirus həngaməsinin lap əvvəlindən mənim sağlamlığımın, ətrafdakıların sağlamlığının qeydinə qalmaq üçün (ümid etmək istəyirəm) məni istidə küçədə maska ilə gəzməyə məcbur edən dövlət orqanları niyə indi bizim hamımızı unudaraq orta və ali məktəbləri açır? Əziz dövlət, bəlkə şəxsən mən uşaqlarımın xəstələnməyini, məni və digər ev əhlini, o cümlədən də yaşlıları yoluxdurmaqlarını istəmirəm?!”
“Siz daxma-siniflərdə uşaqlar arasında bu lənətə gəlmiş sosial məsafəni təmin edə bilməyəcəksiz! Siz mənim uşaqlarımın məktəbdə təhlükəsizliyi ilə bağlı mənə zəmanət verə bilməyəcəksiz!”
“Məktəbləri açacaqlar və bir ay sonra bağlayacaqlar, ali məktəbləri açacaqlar ki, tələbələrdən təhsil haqqını endirimsiz toplasınlar. Epidemioloji vəziyyətin yaxşı olmadığı zonalardan – hindistanlı və iranlı tələbələrin axını baş verəcək”.
“Belə təhsil naziri ilə ən yaxşısı təhsilsiz qalmaqdır, daha sağlam olarsan – həm fiziki, həm psixoloji”.
“Biz bu virusla yaşamağı öyrənməliyik. Virus heç yana getməyəcək. Effektli peyvənd olmayınca, biz nə cürsə birgə yaşamalıyıq. Tərəzinin digər gözündə uşaqların onlayn təhsili ilə məşğul ola bilməyən valideynlər var. Onları da anlamaq mümkündür. Vəziyyət ağırdır. Birmənalı həll yolu da yoxdur. Aydın məsələdir ki, sağlamlıq hər şeydən üstündür. Amma daimi təcrid vəziyyətində yaşamaq da real deyil”.
“Mən müəlliməm və mən qorxuram, nə öz canımla, nə də doğmalarımla risk etmək istəmirəm!”
“Uşağı maskada göndərmək istəmirəm, amma ümumiyyətlə məktəbə aparmamaq da variant deyil. Bilmirəm nə edim. Ümid edirəm ki, məktəb özəldir, şagirdlər azdır, maskasız dərs keçməyə icazə verilər”.
Ombudsmen məsələyə müdaxilə edir
Dərslərin sentyabrın 15-dən başlaması və şagirdlərin maska taxması ilə bağlı tələblə əlaqədar olaraq artıq bir sıra şagird və onların valideynlərindən insan haqları müdafiəçisinin ofisinə şikayət daxil olub. Bu haqda ombudsmenin rəsmi Facebook səhifəsində yazılıb:
“Ombudsmenə ünvanlanan şikayətləri, o cümlədən də sosial mediada səslənən narahatlıqları nəzərə alaraq, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə bir sıra suallar göndərilib ki, məktəblərdə dərslərin təşkili və uşaqların hüquqlarının təmin olunması ilə bağlı tam təsəvvür yaransın”.
Həmin sulların bir qismi:
- Tənəffüs necə təşkil olunacaq?
- Dərslər zamanı maska taxmaq tələbi hansı peşəkar, o cümlədən də pedaqoji və tibbi müzakirələrə və tədqiqatlara əsaslanır? Bunların nəticləri nədən ibarətdir?
- Uşaqlara dərs zamanı maska taxmaq məcburiyyəti ilə bağlı qərar üçün hansı beynəlxalq tələblər və ya təcrübələr diqqətə alınıb? Belə tədqiqatlar aparılıbmı?
- Maska taxmaq tələbini yerinə yetirməyən uşaqlar üçün hansısa hüquqi fəsadlar ola bilərmi? Əgər ola bilərsə, hansı fəsadlar və ya məsuliyyət tədbirlərindən söhbət gedir? Bu tədbirlər konkret kimlərə qarşı tətbiq olunacaq?