Azərbaycanın Mərkəzi Bankı 218 milyon avroya özünə yeni bina tikdirir – ekspertlər çaşqınlıq içindədir
Türkiyənin “Tekfen Holding” şirkəti Azərbaycanın Mərkəzi Bankının yeni binasının inşaatı ilə bağlı tenderdə qalib gəlib. 37 mərtəbəli göydələn ölkə büdcəsinə 218 milyon avroya başa gələcək. Ekspertlər bir ağızdan deyirlər ki, Mərkəzi Bankın bu dəyərdə yeni binaya ehtiyacı yoxdur.
- 75 günə bir cüt corab: Azərbaycanda yeni yaşayış minimumu – Bakıdan şərh
- Cənubi Qafqaz: əhalinin bir-birindən və dünyanın qalan hissələrindən daha varlı olduğu ərazi
“Tekfen İnşaat ve Tesisat A.Ş.” inşaat şirkətinin baş direktoru Mustafa Kopuzun sözlərinə görə, Azərbaycanın Mərkəzi Bankının yeni inzibati binasının 36 ay ərzində inşa edilməsi planlaşdırılıb. 37 mərtəbəli binanın hündürlüyü 168 metr, ümumi sahəsi isə 67 981 kvadratmetr olacaq.
Qeyd etmək lazımdır ki, buna Heydər Əliyev prospektində – aeroportdan şəhər mərkəzinə gedən yolun üstündə yerləşəcək. Həmin küçədə bir neçə digər yeni göydələn – “Azərsu”, “SOCAR” və sairə kimi dövlət şirkətlərinin inzibati binaları yerləşir.
Müstəqil ekspertlər bu həcmdə büdcə vəsaitinin Mərkəzi Bankın çox da ehtiyac duymadığı binanın inşasına xərclənməsinə dərin şübhə ilə yanaşırlar.
Ekspert rəyləri
“Adətən, inzibati binaların yenilənmək zərurəti əsaslı ehtiyacdan yaranmalı və ya başqa məntiqi izahı olmalıdır”, – müxalif “Respublikaçı Alternativ” partiyasının liderlərindən biri Natiq Cəfərli bildirib.
Onun fikrincə, ölkədə iqtisadi problemlər olduğu halda dövlət qurumları üçün yeni inzibati binaların inşası yanlış yanaşmadır və heç nə ilə arqumentləşdirilə bilməz.
“Dövlət qurumlarına yeni binaların tikilməsi həmişə ümumi infrastrukturun dəyişdirilməsi ilə əlaqələndirilib. Nəticədə Bakının Heydər Əliyev prospektini bir biznes-kvartala və dövlət idarəetmə orqanlarının toplandığı mərkəzə çevirmək istəyiblər. 2009-2010-cu illərdə belə bir plan vardı və hətta orada müəyyən tikinti işləri də aparılıb.
Məsələn, “AzərSu” ASC, Dövlət Neft Fondu və bir sıra başqa qurumların inzibati binaları həmin prospektə köçürülüb. Eyni zamanda, digər inzibati binalar da inşa edilib. Səhv etmirəmsə, Azərbaycan Hava Yollarının (AZAL) binası da qeyd olunan ərazidədir.
Sadəcə, 2009-2010-cu illərdə Azərbaycanda ciddi iqtisadi problemlər yaranmamışdı, neftin qiyməti çox yüksək idi və biznes mərkəzi kimi layihənin həyata keçirilməsi başadüşülən idi. Mövcud şəraitdə isə məsələyə eyni qaydada yanaşmaq ürəkaçan və məntiqli deyil.
“Azərsu” ASC-nin yeni inzibati binasına 200 milyon manatdan çox vəsait xərclənib. Lakin ölkənin elə yerləri var ki, hələ də su-kanalizasiya problemləri mövcuddur. Əslində, dövlət qurumları yeni binaya köçməkdənsə, mövcud problemlərin həllinə çalışmalıdırlar.
Bundan başqa, Mərkəzi Bankın şəhərin mərkəzində 1998-ci ildə tikilmiş çox gözəl və müasir binası var. Bu binanın yenilənməsinə nə ehtiyac var?
Nəzərə almaq lazımdır ki, Mərkəzi Bankın indiki binasının alt qatlarında xəzinədarlıq və təhülkəsizliklə bağlı hallar üçün möhkəmləndirilmiş qoruyucu vasitələrdən istifadə olunmuş infrastruktur mövcuddur. Çünki dövriyyədən çıxarılan pul kütləsi, həmçinin Mərkəzi Bankın bəzi ehtiyat vəsaitləri də həmin yerdə saxlanılır.
Bu binanı modernləşdirmək, yeni qoruyucu avadanlıqlar quraşdırmaq və təhlükəsizlik qaydalarını təkmilləşdirmək daha ucuz başa gələrdi. Yəni yeni sistemi 5-10 milyon manata qurmaq mümkündür və daha məntiqlidir.
Əgər söhbət müasir təhlükəsizlik qaydalarına uyğun saxlanma yerlərindən gedirsə, onda 200 yaşlı ABŞ Federal Rezerv Sistemi hər 10 ildən bir yeni bina tikməlidir.
Mərkəzi Bankın yeni inzibati binasının inşasına ayrılacaq təxminən 450 milyon manat civarında vəsaitin sosial problemlərin həllinə, işğaldan azad olunmuş torpaqların bərpasına yönəldilməsi daha məntiqli olardı”, – iqtisadçı Facebook səhifəsində yazıb.
“Bura Estoniya Mərkəzi Bankının binasıdır.
Ölkədə minimum əməkhaqqı 584 avro, orta aylıq əməkhaqqı 1472 avro, ibtidai və orta təhsil müəssisələrində ən aşağı müəllim maaşı 1315 avrodur.
Sağ olun”, – iqtisadi-siyasi şərhçi Şahin Cəfərli Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının tikilməsi planını şərh edərkən Facebook-da yazıb.