75 günə bir cüt corab: Azərbaycanda yeni yaşayış minimumu – Bakıdan şərh
Azərbaycan parlamenti yaşayış minimumu haqda qanun layihəsini ilk oxunuşdan qəbul edib. Ötən illə müqayisədə bu göstərici 6 manat [3,52 dollar] və ya 3,1 faiz artıb. Ekspertlərin fikrincə, bu məbləğlə bir ay dolanmaq mümkün deyil.
- Yolka quraq, ya qurmayaq? Azərbaycan təcrübəsi
- Səhərə qədər gözləyin: Azərbaycanda təcili vəziyyətlərdə ev heyvanlarına yardım edəcək kimsə yoxdur
- Karantin kazusları: Azərbaycanda yeni doğulan körpələrin sayı kəskin azalıb
2021-ci ildə Azərbaycan üzrə yaşayış minimumu 196 manat [115,3 dollar], işlə təmin olunmamış əhali üçün 207 manat [121,8 dollar], pensiyaçılar üçün 162 manat [95,3 dollar], uşaqlar üçün isə 175 manat [102,9 dollar] səviyyəsində müəyyən edilib.
İqtisadi məsələlər üzrə ekspert, müxalif “Respublikaçı Alternativ” partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsinə yaşayış minimumu haqda qanuna edilən dəyişiklikləri şərh edib:
“Azərbaycan hökuməti rəqəmlərlə “rəqs etməyi” sevir, statistik məlumatları siyasi ritorikaya uyğunlaşdırır. Gələn il üçün yaşayış minimumu ortalama 196 manat götürülüb, bu da minimum istehlak zənbilinə əsaslanaraq hesablanır. Azərbaycan hökuməti minimum istehlak zənbilinin meyarlarını müəyyən edib:
Çörək – ilə 136,8 kq, yəni, günə 380 qram (günlük kalori normasının dolması üçün çox götürülüb),
Kərə yağı – ilə 7 kq, günə 19 qram,
Ət və ət məhsulları (bütün növ) – ilə 32,9 kq, günə 90 qram,
Balıq, balıq məhsulları – ilə 7,7 kq, günə 21 qram,
Yumurda – ilə 150 ədəd, yəni, 2,5 günə 1 ədəd,
Şəkər və qənnadı məmularları, şirniyyat – ilə 16,9 kq, günə 46 qram,
Kartof – ilə 54,8 kq, günə 150 qram (bu da kalori norması dolması üçündür).
Gələk qeyri-ərzaq mallarına, burada qiymət ortalamasının necə götürüldüyü müəyyən edilməyib (məsələn, üst geyim, ayaqqabı və s. orta qiyməti yoxdur), amma normalar var:
Palto və ya üst geyimi – 8 ilə 3 ədəd,
Ayaqqabı – 4 ilə 6 cüt,
Corab – 1,5 ilə 7 cüt, yəni 2,5 aya, 75 günə 1 cüt corab,
Alt paltarı (tuman-mayka) – 2,5 ilə 9 ədəd (bu da maraqlıdır, niyə 9, yəni tək rəqəm? 4 tuman, 5 mayka, ya 5 mayka 4 tuman), yəni 100 günə ya bir tuman, ya bir mayka.
Başqa bir şey demirəm, biz hökumətin corab-tuman norması ilə yaşasaydıq, millət iy verərdi, ya da tumancağ gəzərdi.
Hə, 2015-ci ildə hökumət internet xərclərini də nəzərə alıb, sağ olsunlar, 4 nəfərlik ailə üçün gündə 1 saat, yəni, hər ailə üzvünə sutka ərzində 15 dəqiqə.
Rəqəmlərlə bu gür “rəqs” edərək hökumət həm minimum əmək haqqının, həm də minimum təqaüd və sosial müavinətlərin məbləğını aşağı götürməyə nail olur. Belə…” – Cəfərli yazıb.