“Mənimlə danış” – Azərbaycanın Təhsil Nazirliyi bullinqə qarşı kampaniyaya başlayıb
Azərbaycanın Təhsil Nazirliyi məktəblərdə bullinq haqqında video-çarx hazırlayıb və #MənimləDanış heşteqi ilə kampaniya başladıb. Çarxın əsas mesajı bundan ibarətdir – müəllimlər və valideynlər uşaqlara daha çox diqqət ayırmalıdır.
• Gürcüstan məktəblərində bullinq: başqalarına bənzəməməyin cəzası
• Ermənistanda inklüziv təhsil: ilk uğurlar və uğursuzluqlar
Sosial şəbəkələrdə video-çarx birmənalı qarşılanmayıb – bir qism bəyənir və minnətdarlıq edir, digərləri isə nazirliyi öz öhdəliklərini valideynlərin boynuna yıxmaqda günahlandırır.
Bu haqda niyə danışmağa başlayıblar?
2019-cu ilin aprelində Bakıda on dörd yaşlı Elina Hacıyeva digər şagirdlər tərəfindən mütəmadi olaraq qısnamaya məruz qaldığı, məktəb rəhbərliyinin isə buna göz yumduğu üçün özünü məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edib.
Elina bir neçə gün sonra xəstəxanada həyatını itirib.
Məktəb direktoru hazırda səhlənkarlıq və təhlükədə qoyma (o, təcili yardımı qız özünü pəncərədən atandan təxminən 2 saat sonra çağırıb) ittihamları ilə mühakimə olunur. Prokurorluq onun üçün iki il yarım cəza tələb edib.
Hadisə cəmiyyətdə böyük rezonans doğurub, çünki məktəb işçilərinin davranışları açıq-aşkar laqeyd olub, günahkarların ədalətli cəzalarına çatacaqlarına da ümid azdır.
Rəsmi məlumat
Təhsil Nazirliyi bildirir ki, kampaniyanın məqsədi “valideynlərin, məktəb rəhbərliyinin və geniş ictimaiyyətin diqqətini bu problemə cəlb etməkdir”.
Nazirlik xatırladır ki, bu ilin mayında “Ümumtəhsil məktəblərində əlverişli tədris mühitinin yaradılması və inkişaf etdirilməsi üzrə əlavə tədbirlər üçün fəaliyyət planı” təsdiqlənib. Digər məsələlərlə yanaşı bu plan məktəblər və ailələr arasında münasibətlərin yaxşılaşdırılması və şagirdlərin istənilən fiziki və psixoloji zorakılıqdan müdafiəsini nəzərdə tutur.
Qaynar xətt də açılıb: 146-2 nömrəsinə zəng vuraraq bullinq və buna bənzər digər problemlərlə bağlı nazirliyə şikayət etmək mümkündür.
Oktyabrın əvvəllərində Azərbaycanda Avropa Telekommunikasiya Şəbəkəsinin Uşaq Qaynar Xətti (116-111) fəaliyyətə başlayıb.
Təzadlı reaksiya
Sosial şəbəkələrdə insanlar uşaqların təhlükəsizliyi və psixoloji sağlamlığına görə kimin daha çox məsuliyyət daşıdığı ətrafında mübahisə edirlər: valideynlər, yoxsa məktəb və nazirlik? Bir də “bullinq problemini video-çarxlar və heşteqlərlə həll etmək mümkündürmü?” sualı ətrafında fikirlər ayrılır.
Bəzi şərhlər:
“Gözəl kampaniyadır! Sağ olun!”;
“Nazirlik bizə bunu demək istəyir: “öz uşaqlarınızla özünüz məşğul olun”. Onların isə daha vacib işləri var. Məsələn, səhv dolu dərslik hazırlamaq kimi”;
“Hər şeyi nazirliyin üstünə yıxmaq lazım deyil. Valideynlər özlərinə etiraf etməlidirlər ki, bəli, uşaq məktəbdə olduğu müddətdə məktəb uşaqlara görə cavabdehdir, ailə isə övladlarımızın mövcud olduğu əsas mühitdir”;
“Uşaqlara yalnız valideynlər nəzarət etməməlidir. Bunu bizim hamımız etməliyik. Yalnız o zaman bəlkə cəmiyyət daha sağlam ola bilər”.