Məşhur aktyor Yerevan meri vəzifəsinin icrasına başladı
Bu yaxınlarda seçilmiş Yerevan Ağsaqqallar Şurasının, başqa sözlə, şəhər parlamentinin ilk iclası keçirilib. Ənənəyə uyğun olaraq, iclası Şuranın ən yaşlı üzvü açıb. Hazırda bu “Mənim addımım” blokunu təmsil edən Lilit Pipoyandır. Nəzərdə tutulmuş gündəliyə əsasən, o, sədrliyi yeni merə ötürüb. Bu, “Mənim addımım” blokunun lideri Hayk Marutyandır.
Ağsaqqallar Şurasının ilk qərarları
İlk iclasda şəhər özünüidarə orqanının üzvləri yekdilliklə oktyabrın 13-də merin andiçmə mərasiminin keşirilməsini qərara alıblar.
Həmçinin merin müavinləri, daimi komissiyaların rəhbərləri seçilib.
Mer vəzifələrinin icrasına başlamış Marutyan özü isə bildirib ki, partiya mənsubiyyətindən asılı olmayaraq, hamı şəhərin rifahı üçün işləməlidir.
«Burada siz gecikdirmədən və çəkinmədən yerevanlıları narahat edən məsələləri səsləndirməli, biz isə onların həllini tapmalıyıq».
Yerevan meri kim oldu
Hayk Marutyan Ermənistanda məşhur komediya aktyorudur. O, çoxsaylı filmlərdə çəkilib. Lakin son zamanlar Marutyan ölkənin siyasi həyatında fəal iştirak edirdi, ələlxüsus, vətəndaş itaətsizliyi aksiyalarında keçmiş hakimiyyətə qarşı çıxış edirdi. Hayk Marutyan inqilab günlərində onun lideri Nikol Paşinyanın yanında idi və onu dəstəkləyirdi.
Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının üzvləri qərara alıblar ki, məhz Hayk Marutyan Yerevan meri postuna onların namizədi olmalıdır. Müvafiq olaraq, o, “Mənim addımım” blokunun siyahısında birinci yeri tutub. Sentyabrın 23-də keçirilmiş seçkilərin nəticələrinə görə, blok 80%-dən çox səs toplayıb və Ağsaqqallar Şurasında 57 yeri özü üçün təmin edib, Hayk Marutyan isə avtomatik olaraq – Ağsaqqallar Şurasında əlavə səsvermə keçirilmədən – şəhərin meri olub.
Qanunvericiliyə əsasən, Ağsaqqallar Şurasına seçkilərdə iştirak etmiş və mandatların 40 faizini və daha çoxunu qazanmış siyasi qüvvənin seçki siyahısındakı birinci nömrəsi şəhər meri olur.
Hayk Marutyanın vədləri
Yerevanın yeni seçilmiş meri şəhərin ən vacib problemini – nəqliyyat məsələsini həll etməyə söz verir. O, “marşrut taksilər” və xətlərin mülkiyyətçiləri olmadan vahid yerüstü nəqliyyat sisteminin tətbiqini təklif edir. Marutyanın fikrincə, proqramın həyata keçirilməsi 1 ildən 3 ilə qədər vaxt aparacaq.
O, həmçinin yeni metro stansiyalarının tikintisinə başlamaq niyyətindədir ki, bu şəhərin mərkəzi küçələrinin yükünü xeyli azaldacaq. Pik saatlarında Yerevan artıq avtomobil axını ilə bağlı problem yaşayır. Lakin hələlik şəhər başçısının metro stansiyalarının tikintisi üçün pulu haradan tapacağı aydın deyil.
O, baş nazirin adamıdır
Bütün seçki kampaniyası boyunca Hayk Marutyan baş nazir Nikol Paşinyan prizması vasitəsilə qəbul olunub. Dövlət başçısı da seçkiöncəsi yarışda fəal iştirak edib və Marutyanı dəstəkləyib.
Nəticədə, Yerevan Ağsaqqallar Şurasına seçkilər Ermənistanın yeni hakimiyyətinə etimadın ifadəsi üzrə referenduma çevrildi. Seçkilərdən sonra Nikol Paşinyan da bildirib ki, onların xeyrinə verilmiş bu cür yüksək səs faizi deməyə imkan verir ki, ölkədə siyasi qüvvələrin nisbəti dəyişib.
İş burasındadır ki, paytaxtda ölkənin bütün əhalisinin az qala yarısı yaşayır. Müvafiq olaraq, ekspertlər də qeyd ediblər ki, hazırda parlament seçkiləri keçiriləcəyi təqdirdə vətəndaşların əksəriyyəti səslərini yeni hakimiyyətə verəcəklər.
Keçmiş mer Taron Marqaryan niyə getdi
İnqilabdan dərhal sonra 2018-ci ilin yazında Ermənistan paytaxtında şəhər başçısı Taron Marqaryanın istefası tələbi ilə etiraz aksiyaları başladı.
Bundan bir ay sonra Milli Təhlükəsizlik Xidməti Taron Marqaryanla məşğul olmağa başladı. Məlum oldu ki, meriyada tikinti üçün icazələrin verilməsinə və əmlakın qeydiyyatına rüşvət alınırmış.
Sonradan Ermənistanda Tarin Marqaryanın adı ilə bağlı korrupsiya qalmaqalı böyük səs-küylə müzakirə olundu. Jurnalistlər Marqaryanın bəyan edilməmiş gəlirləri ilə əlaqədar araşdırma apardılar və belə qənaətə gəldilər ki, şəhər başçısı eyni maaşı ilə 210 il işləməli idi ki, bu cür var-dövlət toplasın. Jurnalistlər materialları MTX-yə təqdim etdilər və Yerevanda yenə mitinqlər başladı.
Hımçinin saytda oxuyun: Yerevan merinin istefası barədə epopeya – bütün təfərrüatları ilə
İki ay müqavimətdən sonra iyulun 9-da Taron Marqaryan istefa verməli oldu. Lakin indiyə kimi də jurnalistlərin önünə çıxmayıb və ona qarşı irəli sürülmüş heç bir ittihama görə izahat verməyib.
İstefasından sonra Marqaryan daha bir dəfə MTX-də dindirilib və təxminən 3 milyon dollar vəsaiti dövlət büdcəsinə qaytarmağı öhdəsinə götürüb.