“Mən koronavirusdan yox, darıxmaqdan öləcəm” – karantin rejimində bakılıların ehtiyac duyduqları
Pab, pivə və dostlarla görüş xüsusi dəyər qazanıb
Martın 27-ə olan rəsmi məlumata əsasən, Azərbaycanda 122 koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanlardan üç nəfər ölüb, on beş nəfər sağalıb. Martın 23-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunur.
Martın sonunda Bakıda artıq hava mülayimdir, adətən bu vaxtlar kafelərin terrasları canlanır.
Amma bu il terraslar boşdur, elə kafelərin içində də demək olar ki heç kim yoxdur.
Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq Azərbaycanda koronavirus pandemiyasına görə kafe və restoranları bağlamayıblar. Amma onlar gün ərzində cəmi üç saat açıq olur – 12:00-dan 15:00-a qədər.
Bu da çoxları üçün gözlənilməz problemlər yaradıb.
ƏMİR KƏRİMOV:
“Mən şəhərkənarı qəsəbədə yaşayıram, burada istənilən vaxt darıxdırıcıdır – istəyir karantin olsun, istəyir olmasın. Mənə ofisə getmək lazım deyil, amma adətən noutbukumu götürüb şəhərin mərkəzinə gedir və sevimli pabımda otururdum. Başqasının ora xoşuna gəlməyə də bilər, dəbdəbəli yer deyil, adi “pivəxanadı”, amma mən ora çox öyrəşmişəm. Bu, gündəlik ayin kimi bir şeydi – “öz” pabıma gəlib, bir parç pivə götürüb, işə başlamaq. Mənimlə görüşmək istəyən dostlarım da bura yanıma gəlirdi. Beləcə axşama qədər otururdum.
İndi “mənim” pabımın da bütün başqaları kimi saat 3-də bağlandığı bir vaxtda ora gedib-qayıtmaq üçün yola o qədər vaxt sərf eləməyə dəymir. Evdə oturmuşam. Evdə isə diqqətini işə yönəltmək çətindir, pivə də içmək olmur – yaşlı anam var, mənim bu adətim onu çox məyus edir. Amma bu templə mən koronavirus və ya sirrozdan yox, darıxmaqdan öləcəm”.