Lukeşenkonun oğlu Tbilisiyə gətirilib? Tbilisi-Minsk-Tbilisi xüsusi reysi haqda
Gürcüstanın hökumət təyyarəsi avqustun 16-da Minskdə olub, orada bir saat qalıb və Tbilisiyə qayıdıb.
Gürcüstanın “Mtavari” telekanalının məlumatına əsasən, təyyarə Belarus prezidentinin oğlu Kolya Lukaşenkonu Gürcüstana gətirib.
Aleksandr Lukaşenko artıq 26 ildir ki, Belarusda hakimiyyətdədir. On gündür ki, ölkədə yüz minlərlə insan onun istefasını tələb edir.
• Belarus: yüz minlərlə insan küçələrdədir, Lukaşenko getmir
• Belarus: etirazçılara qarşı dəhşətli işgəncə və zorakılıq, ümummilli tətil başlayıb

Gürcüstanın Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləməyib və bəyan edib ki, hökumət reysi ilə avqustun 6-dan Tbilisidə olan Gürcüstanın Belarusdakı səfiri Minskə qayıdıb.
“Belarusun hava əlaqələrini məhdudlaşdırdığını, səfirin isə qısa müddətdə Minskə qayıtmalı olduğunu nəzərə alaraq onu hökumət təyyarəsi ilə yola salmaq qərara alınıb”, – Gürcüstan XİN-in bəyanatında deyilir.
Gürcüstan hakimiyyətinə aid təyyarənin Minskə enməsi haqda ilk xəbərdən sonra Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin təyyarə ilə Belarusa yollandığı ilə bağlı məlumat da yayılıb.
Prezident administrasiyası bu informasiyanı qətiyyətlə inkar edib.
Belarusda etirazlar avqustun 9-da, Aleksandr Lukaşenkonun 80,2 faiz səslə qalib gəldiyi elan edilən prezident seçkilərindən sonra başlayıb.
Amma əhali və beynəlxalq aləm böyük əksəriyyəti ilə seçkiləri saxtalaşdırılmış hesab edir və hazırda təhlükəsizliyinin təmin olunması üçün Litvaya sığınan Svetlana Tixanovskayanı qalib adlandırır.
Polis aksiyaların dağıdılması üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Nəticədə iki nəfər ölüb, onlarla insan zərər görüb, minlərlə etirazçı saxlanılıb və təcridxanalarda işgəncə və zorakılığa məruz qalıb.