"Le Figaro": “Gürcüstan Moskva orbitinə qayıtmaq üçün Aİ-ni tərk edir”
Fransanın “Le Figaro” nəşri Gürcüstan hökuməti haqqında məqalə dərc edib, müəllif İzabelle Lazer ölkənin siyasi kursunu və hakimiyyəti tənqid edib. Məqalənin başlığı belədir: “Gürcüstan Moskva orbitinə qayıtmaq üçün Aİ-ni tərk edir”.
Lazer qeyd edir ki, Gürcüstan hökuməti Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib və Kremlə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb.
Məqalədə bildirilir ki, Donbassdakı hərbi əməliyyatlarla paralel olaraq Rusiya postsovet məkanı ölkələrində də digər hərbi əməliyyatlar aparır və buna misal olaraq Mixail Saakaşvilinin saxlanmasını göstərir.
“Donbasda döyüşlər hər gün davam edərkən, Rusiya keçmiş Sovet İttifaqında başqa üsullarla müharibə aparır. Vladimir Putinin bir nömrəli ictimai düşməni, 2004-cü il “Qızılgül inqilabı”ndan sonra ölkəsi Gürcüstanı bazar iqtisadiyyatı islahatları sayəsində Qərb demokratik ailəsinə doğru aparan Mixail Saakaşvili 54 yaşında həbsxanada tədricən ölür.
“Qohumlarının fikrincə, keçmiş xarizmatik və Avropapərəst prezident qurbanı olduğu pis rəftara uzun müddət dözə bilməyəcək”, – məqalə müəllifi yazıb.
Gürcüstanın baş naziri İrakli Qaribaşvili məqaləyə münasibət bildirib. Onun sözlərinə görə, bu, Rafael Qluksmanın sifarişi ilə hazırlanan növbəti çirkin məqalədir:
“Rafael Qluksmanın kim olduğunu yaxşı bilirsiniz. Saakaşvilinin insanları öldürdüyü, kəsdiyi, zorladığı, işgəncə verdiyi, faktiki olaraq ölkəni ən mafioz dövlət kimi qələmə verdiyi bir vaxtda o, Mixail Saakaşvilinin müşaviri olub. Bu adam, Qluksman, indi Avropa Parlamentinin deputatıdır. Qluksman sonra hökumət siyasətinin formalaşdırılmasında fəal iştirak edirdi. Bugünkü məqalənin müəllifi Qlüksmanın rəfiqəsi xanım İzabelle Lazerdir. Buna görə də, bu məqalə Qluksmanın sifarişi ilə yazılıb”.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Yan Kelli və ABŞ dövlət katibinin keçmiş köməkçisi Devid Kramer “Putin Ukraynada uduzur, Gürcüstanda isə qalib gəlir” başlıqlı birgə məqalə dərc ediblər.
Yan Kelli və Devid Kramerin fikrincə, “Gürcü arzusu” qərarları Putinin heysiyyatına toxunmamaq niyyəti ilə qəbul edir. Həm də onların fikrincə, Gürcüstan hökuməti hakimiyyətin bütün cilovlarını öz əlində cəmləyir.