Lari niyə qiymətdən düşüb və payızda gürcü valyutasının aqibəti necə olacaq?
Ötən həftə lari dollara nisbətdə 6,5 tetri düşüb, bu da 2017-ci ildən sonra larinin ən aşağı göstəricisidir.
Sonrakı günlər ərzində milli valyuta məzənnəsi möhkəmlənməyə başlayıb, amma iqtisadçılar deyir ki, onun vəziyyəti hələ də möhkəm deyil, çünki lariyə təsir edən daxili və xarici amillər nikbinlik üçün əsas vermir.
_________________
Lirə və rublun ucuzlaşması nəticəsində panika
Bu həmin o vəziyyətdir ki, ekspertlər və hökumət bu dəfə larinin məzənnəsinə əsasən xarici amillər, o cümlədən türk lirası və Rusiya rublunun kəskin düşməsinin təsir etməsində həmfikirdilər. Hər iki ölkə Gürcüstanın mühüm ticarət tərəfdaşlarıdır. [2018-ci ilin yanvar-iyul aylarına olan məlumata görə, Gürcüstanın öz mallarını ixrac etdiyi ölkələr siyahısında Rusiya 3-cü (bütün ixracın 12.9%-i), Türkiyə 4-cü yer tutur (9.2%). İdxal göstəricilərinə əsasən, analoji dövr ərzində Türkiyə Gürcüstanın əsas tərəfdaşıdır — 16%, onun arxasınca Gürcüstana bütün idxalın 10%-i ilə Rusiya gəlir. Təbii ki, orada müşahidə olunan iqtisadi qeyri-stabillik ilk növbədə gözləntilərə mənfi təsir göstərir.
“Sərmayədarlar, valyuta ticarətçiləri və başqa tip iqtisadi agentlər qonşu ölkələrdəki böhrana qısa müddətli nöqteyi-nəzərdən baxırlar. Qonşu ölkələrdə böhran müşahidə olunanda belə bir gözlənti yaranır ki, lari də qiymətdən büşəcək, bu da nəticədə həqiqətən də bizim valyutanın qiymətdən düşməsinə gətirib çıxarır”, — iqtisadçı Zviad Xorquaşvili bildirib.
“Birinci panika söndü və lari stabilləşməyə başladı. Stabilləşmə prosesi davam etməsə, onda biz güman edə bilərik ki, larinin qiymətdən düşməsinin başqa səbəbləri də olub. Amma hələ ki, başqa statistik məlumatlar yoxdur deyə, başqa nəticə çıxara bilmərik”, — deyə o, qeyd edib.
Hökumətin reaksiyası
Larinin stabilləşməsi rakursunda əsas məqsəd kimi Gürcüstanın baş naziri xarici amillərdən asılılığın azaldılmasını göstərib.
“Məqsədimiz, bir tərəfdən, qlobal iqtisadiyyata daha effektiv inteqrasiya olunmaqdır, digər tərəfdən isə biz mütləq xarici amillərə münasibətdə asılılığımızı azaltmalıyıq. Bu iki məsələnin həlli asan deyil, amma mümkündür. Son günlərdə baş verənlər (larinin möhkələnməsi) buna çox yaxşı misaldır”, — Mamuka Baxtadze bildirib, amma Gürcüstan iqtisadiyyatının hansı yolla bu məqsədə nail olmaq niyyətində olduğunu konkretləşdirmir.
İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kobuliya ümumiyyətlə larinin tərəddüdlərini pozitiv hadisə sayır və bunu aşağıdakı kimi izah edir:
“Larinin tərəddüdü iqtisadiyyatımız üçün “təhlükəsizlik yastığı” yaratmaq imkanı verir… Bu tərəddüdlər bizi müdafiə edir… Misal üçün, lirə qiymətdən düşsə, bizim lari isə möhkəm qalsa, böyük miqdarda türk malı ala bilərik. Bu, bizi qane etmir, çünki öz malımızın istehsalı bahalaşacaq və biz istehsal edə bilməyəcəyik, biz də bunu istəmirik axı?!”.
Ekspertlərin bir hissəsi Geogi Kobuliyanın bu bəyanatını məsuliyyətdən qaçmaq və reallığın səhv qiymətləndiriliməsi kimi dəyərləndirib.
İqtisadçı Akaki Tsomaya hesab edir ki, larinin qiymətdən düşməsində xarici amillərlə birlikdə hökumətin qeyri-peşəkarlığı da çox böyük rol oynayır. Onun sözlərinə görə, hökumət və Milli Banka münasibətdə total inamsızlıq var ki, bu da mənfi gözləntilər və ümidsizliyə gətirib çıxarır.
“Gürcüstan Milli Bankı susur, təsadüfən nəsə deyədə də elə dildə deyir ki, onu ancaq onsuz da nəyin baş verdiyini anlayan adamlar başa düşür. Xalqa heç kim heç nə izah etmir və panika var”, — Akakin tsomaya deyir.
Proqnozlar
Eksertlər hələlik konkret proqnoz vermir, amma Türkiyə və Rusiyada cari böhran nəticəsində problemlərdən biri kimi qiymətlərin qalxmasını hesab edirlər. Maliyyəçi İrakli Eradze “Business Media Georgia”ya müsahibəsində bildirib ki, qeyd olunan tərəddüdlər müxtəlif mallara qiymətlərin qalxmasına gətirib çıxara bilər.
“Ölkəmizin idxaldan xeyli asılı olduğunu nəzərə alsaq, ortamüddətli dövrdə milli valyutanın tərəddüdləri mütləq inflyasiya proseslərinə gətirib çıxaracaq, belə olan halda da hökumət və Milli Banka artıq inflyasiyanın qarşısını almaq daha çətin olacaq”, — İrakli Ereşadze bildirib.
Müxtəlif sahələrdə qiymətlər artıq qalxmağa başlayıb. Gürcüstanın Buğda İstehsalçıları Assosiasiyasının rəhbəri Levan Silaqavanın sözlərinə görə (mənbə: Business Media Georgia), son iki həftə ərzində bir kisə unun qiyməti 35 laridən 42 lariyə qalxıb, əsas səbəb də rublun dəyərdən düşməsidir.
“Galt & Taggart” sərmayə bankı da ümidverici proqnoz vermir. Bu proqnoza əsasən, Türkiyədə iqtisadi böhran davam edərsə, larinin məzənnəsi ilin axırına qədər ola bilsin ki, 2.70 həddində olacaq.
Ötən 6 ayın təhlili nəticəsində müəyyən olunub ki, türk lirəsinin hər 10 faizlik ucuzlaşması avtomatik olaraq gürcü larisinin 1.2 faiz dəyərdən düşməsinə gətirib çıxarıb. Bu, Türkiyədə iqtisadi böhranın Gürcüstandakı vəziyyətə təsirini açıq nümayiş etdirir.
Ekspertlərin fikrincə, Gürcüstanın bəxti gətirib ki, qonşu ölkələrdə böhranlar yay vaxtına düşüb, çünki fəal turist mövsümünün sayəsində lariyə təsir nisbətən yumşaq olub.
Rəsmi məlumatlara görə, Gürcüstanın turizm sahəsindən gəliri bu ilin yanvar-iyul ayları ərzində 1,7 milyard dollar təşkil edib. Daha çox daxilolma iyulda qeydə alınıb – 431 milyon dollar, bu da bir il əvvəlki göstəricidən 14% çoxdur. Avqust və sentyabr turizm baxımından fəal aylardır, bu da larinin stabilləşməsi üçün yaxşı amildir.