Lənkəranda nadir ağaclar kəsilir, yerində çay plantasiyası salınacaq
“Ecofront” təşkilatının bildirdiyinə görə, Lənkəran rayonunda Azərbaycan hökuməti meşənin bir hissəsini çay istehsalçısına satıb və nadir ağacların qırılmasına göz yumur. Ekologiya nazirliyi müqavilə şərtlərinin bir hissəsinin şirkət tərəfindən pozulması ilə razılaşıb və şirkəti cərimələyib. Lakin fəallar müqaviləyə xitam verilməsini istəyirlər.
- “Turistik ofşor”: ərəb turistlərə Azərbaycanda ova kim icazə verib?
- Azərbaycanda növbəti ov qalmaqalı: brakonyerlərin bələdçisi nazirliyin əməkdaşıdır?
- Üç ağac kənd sakinləri ilə ekoloqları üz-üzə qoyub
“Ecofront” təşkilatının rəhbəri Cavid Qaranın sözlərinə görə, Lənkəran rayonunun Haftoni kəndinin yaxınlığında Qızılağac qoruğuna aid meşənin 45 hektar sahəsi “Beta” çay istehsalı şirkətinə icarəyə verilib.
Fəallar müqavilənin ləğvini tələb edirlər
Cavid Qara bildirir ki, meşə zolağı 49 il müddətinə icarəyə verilib, amma fəal müqavilə ilə tanış olmaq istəsə də, onu əldə edə bilməyib. O, müqavilədə icarə haqqının da rəmzi rəqəmdən ibarət olduğunu güman edir. Onun sözlərinə görə, indiyə qədər Şəki və digər rayonlarda da nazirlik tərəfindən müxtəlif şirkətlərə meşə zolaqları icarəyə verildiyi zaman müqavilələr cüzi məbləğlə bağlanıb.
“Əminəm ki, Şəkidə və digər rayonlarda olduğu kimi, burada da meşənin bir hektarını illik 25 manata (!!!) icarəyə veriblər. Başqa sözlə, dövlət 50 ilə bu icarədən yalnız 1250 manat qazanacaq. Halbuki, Lənkəranda torpağın bir hektarının bazar qiyməti 5-15 min manat arasında dəyişir”, – Cavid Qara qeyd edib.
Çay istehsalçısı artıq meşənin bir hissəsini qırıb və çay plantasiyaları salmaqla məşğuldur. Fəallarla birlikdə Lənkərana səfər edən JAMnews-un müxbiri ağacların qırıldığına şahid olub və fotolarını çəkə bilib.
“Göz görə-görə qanun pozulub. İcarə müqaviləsi dərhal ləğv edilməlidir, lakin nazirlik bu məsələni şərh etmir. İşlər dayandırılsa da, heç kim onların yenidən başlamayacağına zəmanət verə bilməz. Müqaviləni isə ləğv etməyəcəklər, çünki belə olan halda şirkətdən alınmış qanunsuz pullar geri qaytarılmalıdır”, – Cavid Qara əlavə edib.
“Ecofront” çay şirkəti ilə imzalanmış müqaviləyə xitam verilməsini tələb edir.
Nazirlik nə deyir?
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bilririb ki, ekoloji fəalların müraciətləri əsasında aparılan araşdırmalar zamanı “Beta” şirkəti ilə Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzi arasında meşə fondu torpağının açıq sahəsində bağ salınması məqsədilə bağlanmış müqavilənin icrası prosesində kənara çıxmalara yol verildiyi və ərazidə kol-kosdan əlavə yaş ağacların da kəsildiyi aşkar olunub.
“Araşdırmaların nəticəsi olaraq kəsilmiş ağacların əvəzinə yenilərinin əkilməsi, təbiətə dəymiş ziyanın ödətdirilməsi və “Beta” şirkətinin cərimə olunması həyata keçirilir”, – o bildirib.
Xidmət rəsmisinin sözlərinə görə, vəzifə öhdəliklərini layiqincə yerinə yetirməyən meşə xidməti işçiləri barəsində isə intizam tənbeh tədbirləri görülür.
Fəallarla görüş keçirilib
İyulun 11-də “Ecofront” fəalların Lənkərana – çay plantasiyasının salınacağı yerə səfərini təşkil edib. Elə həmin yerdə fəallarla Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov görüşüb.
“Bu ərazidə şirkət tərəfindən müqavilə şərtləri pozulub, bu işdə günahı olanlar barəsində tədbirlər görülür. Payızda kəsilən ağacların yerində ictimaiyyət nümayəndələrinin iştirakı ilə ağaclar əkiləcək, sonrakı mərhələlərdə isə icarəyə veriləcək açıq talalar ictimai dinləmələr əsasında ayrılacaq”, – nazirliyin məsul şəxsi deyib.
150 hektar meşə sahəsi də satılıb?
“Ecofront”un iddiasına görə çay istehsalçısına icarəyə verilmiş meşə sahəsinin yaxınlığında daha böyük bir sahə isə başqa iş adamına satılıb.
“Növbəti daha böyük 150 hektarlıq meşə sahəsi də məhv edilib. Ərazi Hirkan tipli meşə olub və qırmızı kitaba düşən, relikt və endemik növlərlə zəngin bir yer olub.
2020-ci ildə burada kürümə prosesi gedib. Ərazi möhkəm konstruksiya ilə çəpərlənib. Əkin hələ başlamayıb, amma limon bağı salınacağı deyilir”, – “Ecofront”un məlumatında bildirilir.