KTMT hərbi blokunun 20 illiyi ilə bağlı sammit: Putindən tərif, Paşinyandan tənqid
KTMT-yə üzv dövlətlərin rəhbərlərinin görüşü
Moskvada Rusiyanın himayəsi altında fəaliyyət göstərən KTMT hərbi blokuna daxil olan dövlətlərin rəhbərlərinin görüşü baş tutub. Sammit Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyinə və KTMT təşkilatının yaradılmasının 20 illiyinə həsr olunub. Bloka Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Ermənistan ötən ilin payızından təşkilata sədrlik edir.
Rusiya prezidenti sammitdə təşkilatın “görünür şəkildə gücləndiyini” bildirib, Ermənistanın baş naziri isə Ermənistanın kömək üçün müraciət etdiyi halda blokun fəaliyyətsizliyini bir daha təkrarlayıb. Nikol Paşinyan ilk dəfə deyil ki, ötən ilin mayında Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın suveren ərazisinə müdaxilə etdiyi zaman baş verənləri KTMT liderlərinə xatırladır. Ölkənin hakimiyyət orqanları kömək üçün Ermənistanın üzvü olduğu hərbi bloka müraciət edib və indiyədək bu məsələdə nəinki yardım, hətta müttəfiqlərin mövqeyi ilə bağlı dəqiq cavab almayıb.
Sammitin təfərrüatları – nələrin müzakirə edilib, hansı qərarlar qəbul edilib, Vladimir Putin nə deyib və bloka sədrlik edən ölkənin lideri Nikol Paşinyan təşkilatın işini necə qiymətləndirib.
- “KTMT Qazaxıstana hərbi kontingent göndərdi, Ermənistana isə gəlmədi”
- Azərbaycan XİN rəhbəri Ermənistanın altı təklifi haqda: “Bu, təkliflər adlandırıla bilməz”
- Ermənistan-Türkiyə münasibətlərində normallaşma: danışıqların üçüncü raundu Vyanada baş tutub
KTMT-nin məsuliyyət zonasında və dünyada vəziyyətin müzakirəsi
Sammit başlamazdan əvvəl Kremldən bildirilib ki, “mövcud və yeni, o cümlədən Əfqanıstan ərazisindən gələn çağırış və təhdidlərlə effektiv mübarizə üçün hərbi əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılır. Bioloji təhlükəsizliklə bağlı məsələlərə xüsusi diqqət yetiriləcək”.
Rusiya prezidenti öz çıxışında təşkilatın “gözlə görüləcək şəkildə gücləndiyini, KTMT ölkələrinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edən təşkilat kimi nüfuz qazandığını” bildirib. O, ABŞ-ın KTMT sərhədləri yaxınlığında bioloji silahlar yaratması faktından da danışıb, payızda KTMT-yə üzv ölkələrin hərbi kontingentlərinin iştirakı ilə bir sıra birgə hərbi təlimlərin planlaşdırıldığını qeyd edib.
Açılış nitqində Putin vurğulayıb ki, “Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur, lakin NATO-nun hərbi infrastrukturunun bu ərazilərə genişlənməsi “əks reaksiyaya səbəb olacaq”. O, bunu NATO-nun ABŞ tərəfindən xarici siyasətin aləti kimi istifadə olunması ilə əsaslandırıb.
İştirakçıların açılış nitqlərindən sonra sammit bağlı qapılar arxasında keçirilib və yalnız sonda KTMT-nin baş katibi Stanislav Zas bəyan edib ki,
- sammit konstruktiv keçib,
- sammitdə KTMT-nin Ukraynadakı xüsusi əməliyyatda iştirakı məsələsi müzakirə olunmayıb,
- Putin KTMT-dəki həmkarlarına Ukraynadakı xüsusi əməliyyatın gedişi barədə ətraflı məlumat verib,
- sammit iştirakçıları cavab sisteminin təkmilləşdirilməsi üçün KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasının təcrübəsinə əsaslanaraq təkliflər irəli sürüblər,
- “Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində müsbət nəticələrə baxmayaraq, gərginliyin davam etdiyi” Qafqaz regionundakı vəziyyət də müzakirə edilib,
- “dünya güclərinin və hərbi-siyasi blokların Rusiya Federasiyası və onun müttəfiqlərinə münasibətdə aqressivliyinin kəskin artmasının” KTMT üzvləri üçün ciddi çağırış olduğu bildirilib.
Sammit iştirakçıları birgə bəyanat qəbul ediblər
KTMT Kollektiv Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərin rəhbərləri blokun fəaliyyətini qiymətləndirən və gələcək işlərin prioritetlərini açıqlayan birgə sənəd imzalayıblar.
Kollektiv Təhlükəsizlik Şurasının üzvləri adından bəyanatın əsas tezisləri:
- Biz bəyan edirik ki, Avrasiya məkanında sülhün və təhlükəsizliyin qorunması üçün səylərin birləşdirilməsi lehinə etdiyimiz seçim zamanın sınağından çıxıb.
- 1992-ci ildə bağlanmış müqavilə onun iştirakçısı olan dövlətlərin təhlükəsizliyini və sabitliyini, ərazi bütövlüyünü və suverenliyini təmin etmək kimi əsas vəzifəsini yerinə yetirir.
- 2002-ci ildə yaradılmış KTMT üzv dövlətlərin əməkdaşlığını müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni səviyyəsinə qaldırıb.
- KTMT-nin strukturu təkmilləşdirilir, onun fəaliyyət dairəsi bütün əsas sahələrdə, o cümlədən xarici siyasətin əlaqələndirilməsi, hərbi və hərbi-iqtisadi əməkdaşlıq, böhranlara cavab, sülhməramlılıq kimi sahələrdə genişlənir.
- Üzv dövlətlərin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün müvafiq potensiala malik olan KTMT qəti şəkildə mövcud beynəlxalq problemlərin siyasi və diplomatik yollarla həllinə alternativin olmamasından çıxış edir.
- Biz beynəlxalq hüququn seçmə tətbiqindən, suveren ölkələrin qanuni maraqlarını nəzərə almaq istəməməkdən, onların daxili işlərinə qarışmaqdan narahatıq.
- Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu bir daha təsdiqləyirik.
- Biz təsdiq edirik ki, KTMT üzv dövlətlərin təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə təmin edəcək, qlobal və regional təhlükəsizliyin möhkəmləndirilməsi, beynəlxalq problemlərin beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında ədalətli həlli istiqamətində fəaliyyət göstərəcək.
Paşinyan KTMT-ni sərt tənqid edib, lakin Putinə təşəkkür edib
Ermənistanın baş naziri çıxışında bildirib ki, KTMT tarixində “çox müsbət şeylər” var, bu struktur regionda təhlükəsizliyin təmin edilməsində ən mühüm amildir, olub və olacaq. Lakin o, bundan dərhal sonra problemlərdən danışmağa başlayıb.
O cümlədən, Paşinyan bəyan edib ki, rəsmi Yerevan üçün vacib olan, üstəlik bütün Ermənistan cəmiyyətini narahat edən bir çox məsələlərə KTMT səmərəsiz reaksiya verir.
Təşkilatın nizamnaməsində təsbit olunmuş cavab mexanizmlərindən danışan Nikol Paşinyan xatırladıb ki, ötən il, təxminən, eyni günlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə təcavüz edib. Ölkə hərbi blokdakı müttəfiqlərə üz tutub, lakin gözlənilən yardım gəlməyib, KTMT böhranının qarşısının alınması mexanizmlərini işə salmayıb.
“Təəssüf ki, təşkilatın Ermənistan Respublikasının gözlədiyi kimi reaksiya verdiyini deyə bilmərik”, – baş nazir bildirib.
Bundan əlavə, Paşinyan xatırladıb ki, Ermənistan KTMT dövlətlərinin baş nazirin dediyi kimi, “Ermənistana dost olmayan ölkə” kimi Azərbaycana silah satması məsələsini dəfələrlə qaldırıb. O bildirib ki, bu silahlar son nəticədə Ermənistana və erməni xalqına qarşı istifadə olunub.
Baş nazir vurğulayıb ki, KTMT-nin bəzi üzvlərinin Qarabağda 44 günlük müharibə zamanı və ondan sonrakı mövqeyi də “Ermənistanı o qədər də sevindirməyib”. Amma bu tənqidlə yanaşı, Paşinyan Rusiyanın rolunu vurğulayıb və bir daha Vladimir Putinə 2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatları dayandırmaq üçün şəxsi səylərinə görə təşəkkür edib.
Baş nazir çıxışını müsbət məcrada yekunlaşdıraraq vurğulayıb ki, “Ermənistan təşkilatın qurucu üzvü kimi təşkilata və onun gələcək inkişafına hərtərəfli dəstək verməyə hazırdır”.
KTMT-yə üzv dövlətlərin rəhbərlərinin görüşü