Kremldə görüş: Putin və Əliyev nə haqda danışıb?
İyulun 20-də İlham Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Kremldə Rusiya və Azərbaycan prezidentlərinin görüşü baş tutub. Səfər haqda ancaq hadisə ərəfəsində məlum olub. Prezidentlərin qapalı qapılar arxasında nə haqda danışdıqları hələlik məlum deyil, amma ekspertlər söhbətin Azərbaycanla Ermənistan sərhədindəki və Dağlıq Qarabağdakı vəziyyət barədə getdiyindən şübhə etmirlər.
- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Şuşaya getməkdən imtina ediblər
- Sərhəd problemi: Azərbaycan Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif etdi
Putin nə haqda danışıb?
Rusiya və Azərbaycan prezidentlərinin görüşünün jurnalistlərə açıq hissəsində Vladimir Putin qeyd edib ki, 2022-ci ildə bu ölkələr “böyük bayram – diplomatik münasibətlərin bərqərar olmasının 30 illiyini” qeyd edəcəklər.
“Koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə iqtisadiyyatı nəzərdə tuturam. Ötən il müəyyən eniş oldu, indi əmin yüksəliş, bərpa var. Rusiya iqtisadiyyat sahəsində əminliklə lider yerlərdən birini tutur və bizdə hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlığın çox istiqamətləri mövcuddur”, – Rusiya prezidenti qeyd edib.
O əlavə edib ki, yaxın zamanda Rusiya Azərbaycana nümayəndə heyəti göndərəcək və onlar azərbaycanlı həmkarları ilə “müxtəlif istiqamətlər üzrə ikitərəfli məsələlərlə məşğul olacaqlar. Sənaye, nəqliyyat, infrastruktur, bəzi digər məsələlər də nəzərdə tutulur”.
Putin onu da bildirib ki, Rusiya Azərbaycan ərazisində koronavirus peyvəndinin birgə istehsalını başlatmaq üzərində də çalışır.
“Əlbəttə ki, əsas məsələlərdən biri olaraq regiondakı vəziyyətin nizamlanması qalır. Bilirəm, Siz, əlbəttə ki, böyük diqqət yetirirsiz əhəmiyyət [verirsiz] və kompromis həll yolları tapıldığı üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Bunlar həmişə ən mürəkkəbidir, amma biz nizamlama istəyiriksə, – biz isə hamımız istəyirik, – o zaman biz bu yolla getməliyik. İndiyə qədər biz bunu edə bilmişik, buna görə Sizə minnətdarlığımı bildirmək istəyirəm”, – Putin vurğulayıb.
Əliyev nə haqda danışıb?
“İlk yarım il ərzində mal dövriyyəsi yüksəlib. Bu çox vacibdir, çünki bizdə ötən il on faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri işində də əməkdaşlığı fəal şəkildə genişləndiririk. Mənə məlumat verdilər ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə ötən illə müqayisədə 20 faizə qədər çox yük daşınıb, odur ki, dəhliz artıq işləyir, demək olar ki, böyük həcmdə”, – İlham Əliyev bildirib.
Rusiyanın Azərbacana koronavirusla mübarizədə yardımına görə Putinə minnətdarlığını bildirən Əliyev həmçinin rus dilinin ölkəsinin ictimai həyatındakı rolundan da danışıb:
“Rusiyada təhsil alan azərbaycanlı tələbələr 15 mindən çoxdur, Azərbaycanın 16 min tələbəsi isə Azərbaycanda rus dili bölməsində təhsil alır”.
“Və əlbəttə ki, regionda münaqişədən sonrakı vəziyyət mövzusu. Mən bu məsələyə daimi diqqətinizə, çox mühüm və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz sizinlə daimi əlaqədəyik.
Hərbi əməliyyatlar başa çatandan sonra keçən səkkiz ay ərzində, düşünürəm ki, bizim şəxsi ünsiyyətimiz – həm yanvarda Moskvada, həm də telefonla – vəziyyətin stabilləşdirilməsində mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız ötməsinə köklənmişik. Düşünürəm ki, ümumi səylərlə biz buna nail olacağıq”, – Azərbaycan prezidenti əlavə edib.
Görüşün əsas hissəsi qapalı qapılar arxasında keçirilib və görüşdən sonra prezidentlər jurnalistlərin qarşısına çıxmayıblar.
Azərbaycanlı ekspertlər prezidentlərin tet-a-tet görüş zamanı toxunduqları mövzularla bağlı öz ehtimallarını irəli sürürlər.
Ekspert şərhləri
Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov hesab edir ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının reallaşdırılmasında növbəti disbalans yaranıb.
“Laçın ərazidən kənar dəhlizi planlaşdırılmış 5 ilin 8 ayını fəaliyyət göstərir, Zəngəzur müddətsiz ərazidən kənar dəhlizinin yaradılması isə bloklanır. Paşinyan onu kənar ərazi keyfiyyətləri olmayan adi kommunikasiya kimi təqdim etməyə çalışır.
Qazax rayonunda işğal edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasında Kərki qəsəbəsinin azad edilməsi ləngidilir.
Azərbaycan ərazisindəki işğalçı erməni hərbi kontingentinin qalıqlarının müəyyən edilməsi və çıxarılması həyata keçirilməyib.
Əcnəbi vətəndaşların Laçın NKM-dən girişi və çıxışı Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılmayıb” – Zülfüqarov Rusiya və Azərbaycan prezidentlərinin baş-başa söhbəti zamanı toxuna biləcəkləri mövzular haqda söz açarkən bildirib.
“Məncə prezidentlərin bu görüşü Ermənistanla sərhəddə və Qarabağın özündə baş verən son hadisələrin fonunda lazımlı idi”, – siyasi şərhçi Samir Hümbətov hesab edir.
“Məlum 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarından sonra Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə erməni silahlı qruplaşmaları atəşkəs rejimini pozur və Azərbaycan ordusunun mövqelərini atəşə tutur.
Həmçinin Ermənistan Zəngəzur dəhlizinin açılmasında qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Məhz bu məsələlər və nizamnamə vəzifələri çərçivəsini aşan sülhməramlıların əməlləri məsələsi bu görüşü labüd edirdi”, – ekspert vurğulayıb.