Koviddən sonrakı mövsüm. Turistlər Gürcüstana qayıdır
Gürcüstanda yay turizm mövsümü başlayıb. Koronavirus pandemiyasının doğurduğu böhranlı dövrdən sonra bu il əcnəbi turistlər Gürcüstana səfər etmək imkanı əldə ediblər.
Səyahət etmək çətinləşsə də, Gürcüstanda hələ də bəzi məhdudiyyətlər qalsa da (komendant saatı iyunun 1-ə qədər davam edib), ilk qonaqlar artıq ölkəyə gəlməyə başlayıb.
Biznesinin miqyasından asılı olmayaraq, turizm sahəsilə məşğul olan sahibkarlar onları səbrsizliklə gözləyirdi. Kiçik kafe və ya restoran, xudmani hostel və ya böyük otel sahibləri hazırkı turizm mövsümündən nə gözlədiklərinə dair suala eyni cür cavab verirlər – onlar ayaqda qalmağa ümid edirlər.
Batumidə iyun mövsümün ən başlanğıcıdır. Şəhərdə hava əladır. İstirahət edənlərin bəxtindən son günlərdə yağış olmayıb.
Xüsusən də uşaqlar sevini. “Ata, bax, mən necə üzürəm”, – ağbəniz oğlan suyun içindən sahildə çətir altında oturub, övladlarının şəklini çəkən valideynlərinə qışqırır.
Həm yerli, həm də əcnəbi turistlər məmnuniyyətlə dənizin fonunda şəkil çəkdirir, bir-biri ilə məmnunluqla söhbət edirlər.
- Anakliya – siyasətin girovuna çevrilmiş Gürcüstan kurortu
- Dondurulmuş mövsüm. Pandemiya Gürcüstanın qış kurortlarına necə təsir edib?
- Gürcüstan: turizmin axırı necə olacaq?
İstirahət, əyləncə, yeni tanışlıqlar, gözəl fotolar, günəşli çimərliklər, yerli mətbəx – bütün bunlar Tbilisinin 360 kilometrliyində yerləşən və qonaqları öz infrastrukturu və mədəni müxtəlifliyi ilə cəlb edən şəhərdə turistləri gözləyir.
“Vətənimdənsə bura daha çox xoşuma gəlir. Burada dəniz, dağlar var, turistlər üçün əsl cənnətdir”, – dörd il əvvəl Ukraynadan Gürcüstana köçmüş Tatyana deyir.
O danışır ki, Batumiyə canlı ritm və enerji verən turist izdihamları üçün çox darıxıb. “Mənə elə gəlir ki, turizm mövsümü hələ tam başlamayıb”, – o, çimərliyə nəzər yetirərək deyir.
Batumi bulvarında camaat həqiqətən az deyil. İnsanlar azad şəkildə velosipedlərdə və samokatlarda dolaşırlar.
Gürcüstana necə gəlməli?
Gürcüstan əcnəbi vətəndaşlar üçün hava sərhədlərini martın 1-dən, quru sərhədlərini isə iyunun 1-dən açıb.
Gürcüstanın Xarici İşlər Nazirliyinin iyulun 5-ə olan məlumatına əsasən, tam kurs vaksinasiyadan keçənlər heç bir əlavə şərt olmadan təyyarə ilə Gürcüstana gələ bilər. Quru sərhədini keçdiyi halda isə vaksinasiyalı turist son 72 saat ərzində edilmiş mənfi nəticəli koronavirus testinə sahib olmalıdır.
Peyvənd olunmamış əcnəbilər isə əvvəlcədən onlayn qeydiyyatdan keçməli və bu linkdə forma doldurmalıdırlar. Sərhədi keçdiyi zaman o, mənfi nəticəli koronavirus testini təqdim etməli, üç gün ərzində isə öz hesabına bir dəfə də test verməlidir.
Hindistan vətəndaşları və ya aon 14 gün ərzində bu ölkəyə səfər etmiş insanlar istisna təşkil edir. Testlə birlikdə onlar öz hesabına 14 günlük karantin müddətini də keçməlidirlər.
Amma Gürcüstan hakimiyyəti səyyahlara xəbərdarlıq edir ki, epidemioloji vəziyyətdən asılı olaraq ölkəyə daxil olma qaydaları dəyişə bilər. Gürcüstanda əcnəbilər üçün qüvvədə olan rejimi Gürcüstanın XİN-in saytında izləmək mümkündür.
İyulun əvvəlinə olan məlumata əsasən, Gürcüstanda demək olar ki, bütün mövcud məhdudiyyətlər aradan qaldırılıb. Komendant saatı, o cümlədən də küçədə maska taxmaq məcburiyyəti ləğv edilib. Amma qapalı məkanlarda və nəqliyyatda maska taxmaq hələ də mütləqdir.
Restoranlar açıqdır, amma 00:00-a qədər işləyir.
Statistikaya əsasən, 2021-ci ilin iyununda Gürcüstana 146 min turist səfər edib. Bu da 2020-ci ilin iyun göstəricisindən 287 faiz yüksəkdir. Amma 2019-cu ilin iyunu ilə müqayisədə 80 faiz azdır.
Gürcüstan üçün rekord ili olan 2019-cu ildə ümumilikdə ölkəyə 9,3 milyon əcnəbi səfər edib. 2020-ci ildə, pandemiya başlayandan sonra qonaqların sayı 90 faizdən çox azalıb.
Mövsüm başlayıb
Batuminin mərkəzində cavan oğlan suvenir, mimiatür oyuncaq və bijuteriya satır.
“Biz ötən il də burada aalver edirdik, o vaxt mən ailəmə də kömək edirdim, amma çox pis il idi. Deyirlər, bu il daha çox istirahət edənlər gələcək və biz də bunu gözləyirik. Biz buradan 200-300 metr aralıda bir piştaxta da qoymuşuq, anam orada satır”, – o deyir.
Yaxınlıqdakı restorandan musiqi səsi gəlir. Burada xüsusilə qələbəlikdi. Xidmət edən personal qonaqları restoranın pilləkanlarında qarşılayır və masalara doğru müşayiət edirlər. Musiqiçilər caz çalır.
“Bizim restoran çox doludur. Çünki bizim açıq məkanımız çox böyükdür. Müştərilər qapalı məkanlardan çəkinir. Buna görə də biz açıx havada rahat mühit yaratmağa vurğu etmişik”, – “Veranda Akropol” restoranının həmsahibi İrakli Tavartkiladze deyir.
O, restoranı 2019-cu ildə açıb və özünün də dediyi kimi o vaxtdan daima çətinliklərlə qarşılaşır.
“O zaman, yadınızda olar, Rusiya sərhədi bağlamışdı “Qavrilov gecəsi” olmuşdu [Rusiya Dövlət Dumasının dedutatı Sergey Qavrilovun Gürcüstana səfəri ilə bağlı Tbilisidə iğtişaşlar başlamış, buna görə də Rusiya Gürcüstanla hava əlaqələrini kəsmişdi] və özü ilə çətinliklər gətirmişdi. O zaman bizim restoran haqda hələ bilmirdilər. 2020-ci ildə artıq pandemiya vardı və bizdə əsasən gürcüstanlı müştərilər olurdu. Bu il bizə əcnəbilər də gəlir və demək olar ki, 2019-cu illə müqayisədə işimiz üç dəfə artıb”.
İraklinin nikbinliyi turistlərin tədricən artmasına əsaslanır.
Ən çox turist Batumi Pyatsada toplaşır – bura 2010-cu ildə açılmış meydandır, şəhərin mərkəzində yerləşir və italyan üslubunda – vitrajlarla, mərmək mozaikalarla və binalar arasındakı böyük boş məkanlarla işlənib.
“Mozaika [gürcü rəssam] Natali de Pita-Amiredcibinin orijinal eskizləri əsasında hazırlanıb”, – bələdçi rusdilli turistlər qrupuna danışır.
Kaprovani qəsəbəsi Batumidən 47 kilometr məsafədə, Qara dəniz sahilində yerləşir.
“Bizdə bütün iyun və iyul bron edilib, bunlar əsasən əcnəbilərdir. Biz həmçinin mayda bron edən yerli müştəriləri də gözləyirik”, – Kaprovanidə “Family Nest”in yaradıcısı Eka Tavdumadze danışır.
2019-cu ildə Eka əri ilə birlikdə bankdan böyük kredit götürüblər və Qara dəniz sahilində üç eyni cür kotec tikiblər.
Bir-birindən kol çəpərlərlə ayrılan bordo rəngli koteclər hələ yol kənarından diqqət çəkir. Ən başda kotecləri bir-birindən ayırmaq planda olmayıb, amma pandemiya öz qaydalarını gətirib – qonaqların təhlükəsizliyi üçün kotecləri bir-birindən çəpərlərlə ayırmaq qərara alınıb.
“Ötən il bütün xarici bronlar ləğv edilib və biz praktiki olaraq sıfırda, amma kreditlə qaldıq. Biz düşünürdük ki, çıxış yolu yoxdur, gürcüstanlı müştərilər məzuniyyətlərini bizdə keçirmək istədikləri üçün ayaqda qala bildik”, – Eka danışır.
Kaprovani koteclərində indi Rusiyadan olan qonaqlar istirahət edir.
Yekaterina Çeqamova deyir ki, onlar dostları ilə əvvəlcə Türkiyəyə, yoxsa Gürcüstana gedəcəklərinə qərar verə bilməyiblər.
“Biz Gürcüstanı seçdiyimizə peşman deyilik. Hava yaxşıdır, dəniz gözəldir. Əvvəlcə burada iki günlük ev tutduq, sonra qalmağa qərar verdik, çünki çox xoşumuza gəldi. Yaxşı çimərlik, şəhərin səs-küyündən uzaq, rahat koteclər”, – Kaprovanidə oğlu ilə dincələn Yekaterina deyir.
Turizm mövsümü rəsmi olaraq iyunun 15-dən açılıb, amma əcnəbi qonaqlar regiona hələ apreldən gəlməyə başlayıb – Acarıstan [Gürcüstanın tərkibində muxtar respublika, mərkəzi Batumidir] Turizm və Kurortlar Departamenti sədrinin birinci müavini Tamar Kaikatsişvili deyir.
“Bu mərhələdə Batumiyə əsasən İsrail, Ukrayna, Belarus, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanından təyyarələr uçur, amma tezliklə bu siyahıya Birləşmiş Ərəb Əmirlikləri, Polşa və Baltika ölkələri də əlavə olunacaq”, – Kaikatsişvili deyir.
Onun sözlərinə görə, bu il Acarıstanın qonaqlarını Uçxo kanyonu, Keda-Şuaxevidə velosiped yolu, Çiruxi, Kapnistavi və Şuamta kəndində piknik yerləri kimi yeni turistik məkanlar gözləyir.
“Bunlardan başqa, qonaqlar yeni turistik marşrutlar üzrə Qorcomi dərəsinə, Çvana-Kintrişi dərəsinə və Kapnistaviyə səfər edə bilərlər. Dörd milli parkən hər biri və regiondakı mühafizə olunan ərazilər ziyarətçilərin üzünə rəsmən açıqdır”.
Uçuşların bərpa olunmasına və qaydaların yumşaldılmasına baxmayaraq, turizm biznesində çalışan insanlar hələ də hesab edirlər ki, gəlir haqda danışmaq hələ tezdir.
“Pandemiya zamanı dəyən ziyanı ödəmək üçün indiki kimi iki-üç mövsüm lazım olacaq”, – “Best Western Premier Batumi” otelinin baş meneceri Temur Zoidze deyir.
Bu otel əsasən xarici turistlər üçün işləyir, buna görə də 2020-ci ildə pandemiyaya görə ölkədə fövqəladə vəziyyət elan olunandan sonra bütün bronlar ləğv edilib. Otel bir ildən çox bağlı qalıb və böyük ziyana düşüb.
Böhrandan çıxmış böyük və ya kiçik otellərin hekayələri oxşardır. Bəziləri sadəcə bağlanıb. Kafelər, barlar və restoranlar da ağır dövrdən keçib.
Pandemiyanı kim və necə keçirib?
Yay mövsümündə gələn turistlərin böyük hissəsi nadir hallarda Gürcüstana ancaq bir şəhəri görmək üçün gəlir. Onların əksəriyyəti dənizdə və ya digər digər regionda istirahət etdikləri zaman ən azından paralel olaraq Tbilisini də ziyarət edirlər.
Tbilisinin tarixi hissəsi hazırda turistlə dolu olsa da, kafelər, barlar, restoranlar və otellər hələlik böhrandan çıxmaq ümidində deyil.
“Pandemiyaya qədər burada qələbəlik idi. Gecə saatlarında insanları yarıb keçmək mümkün olmurdu. Biz cümə günləri tədbirlər təşkil edəndə insanlar hətta pilləkanlarda dayanıb yerlərin nə zaman boşalacağını gösləyirdilər”, – Tbilisinin Sololaki tarixi rayonunda bar sahibi olan Mariam Çaxava danışır.
Barın yerləşdiyi binada tanınmış gürcü aktyor, rejissor və drammaturq Valerian Quniya yaşayıb. Buna görə də mədəni irs obyektinin ərazisində açılan barı “Valiko” adlandırıblar.
Pandemiya zamanı bar sahibləri barmen, ofisiant və xadimə işlərini özləri görməli olublar ki, biznesi ayaqda saxlaya bilsinlər. 2020-ci və 2021-ci illərdə restoranlar və kafelər məhdudiyyətlərlə və böyük fasilələrlə işləməli olublar. Məkan daxilində ziyarətçi qəbuluna iyunun 1-dən tam icazə verilib.
“Martıqn 14-də bizə polisdən gəldilər və xəbərdarlıq etdilər ki, bizi bağlayırlar. Biz bilmirdik bu, nə qədər davam edəcək, bir ay keçdi, iki ay keçdi… Biz qənaət etməli olduq və bu da əməkdaşların sayına təsir etdi. Mən və digər həmsahib hər şeyi özümüz edirdik”, – Mariam deyir.
Onun sözlərinə görə, 2019-cu illə müqayisədə gəlir 90 faiz azalıb. Milli valyuta larinin dəyərdən düşməsi də problem yaradır, çünki məkanın icarə haqqı dollarla hesablanır.
Köhnə Tbilisidə yerləşən və minimalist üslubda tərtib olunan “Bizim bar” da eyni problemləri yaşayır. İcarədar hesabına böhranda salamat qala biliblər – lokdaun zamanı icarədar icarə haqqına endirim edib – bar sahibi Eto Şavşişvili deyir.
“Biz bacardığımız qədər, hissə-hissə ödəyirdik. Bu bizə açılış məqamında minusda olmamağa imkan verdi. Təəssüf ki, bütün kafe və barların bəxti belə gətirməyib”, – Eto deyir.
Həqiqətən də 2019-cu ildə Tbilisinin köhnə hissəsində gəzdiyiniz zaman hər addımda kafe, bar, restoran və ya hostel görmək olurdu, amma indi adamın gözünə əsasən qapalı məkanların üzərindəki “satılır” və ya “icarəyə verilir” yazıları dəyir.
Obyektlərin sayının az olması açıq obyektlər üçün problem yaradlr – sahibkarların dediklərinə görə, müxtəlifllik az olduğu üçün şəhər turistlər üçün maraqsızlaşır.
“Çox sayda turist gəlirdi, onları müxtəliflik cəlb edirdi və onlar bardakı qonaqlarla söhbət edərək mədəniyyətimiz haqda daha çox şey öyrənirdilər. Beləcə onlar daha çox həzz alırdılar. Təəssüf ki, indi turistlər əvvəlki kimi çox deyil”, – Eto deyir.
Alıcıları əsasən əcnəbilər olan mağazalar da turistlərin yoxluğundan şikayətlənir. Məsələn, şərab mağazaları. Belə müəssisələrdən birinin sahibinin indiyə qədər işçi götürməyə imkanı çatmır.
“Biz yüz faiz turistlərdən asılıyıq. Nə cürsə ayaqda qalmaq üçün böyük axın lazımdır. İndi elədiyimizi biznes adlandırmaq olmaz. Əslində biz sağ qalmaq üçün mübarizə aparırıq. İki mağazam var idi və mən rahat şəkildə onları idarə edirdim, amma olan oldu. Mən anladım ki, biz olduğumuz qədər qala bilməyəcəyik. Təəssüf ki, bütün işçiləri işdən çıxarmalı və mağazanın birini bağlamalı oldum. Heç kim bizi dəstəkləmirdi, mən heç bir yardım almırdım”, – Nino Onaşvili danışır.
Hostellər və kiçik otellər də ayaqda qalmağa çalışır. “Betlemi 25” ailə otelinin sahibi Maka Qelovani həyəti bəzəyir, dibçək güllərini, masaları və oturacaqları düzür.
“Pandemiya çox sayda problem yaratdı. Əlbəttə, birinci növbədə maddi tərəfdi. Elə bir biznes sahibi yoxdur ki, bank krediti olmasın. Banklar sanki möhlət veriblər, amma təcrübədə biz yenə də ziyandayıq, çünki bizim ödəniş etmədiyimiz aylarda borcumuz artıb”, – Maka danışır.
Onun ailə tipli otelində artıq əcnəbi ailə var, hərçənd, onun sözlərinə görə ötən illərlə müqayisədə bunu iş saymaq olmaz.
“Biz yenidən açıldıq, yenidən bir-bir qonaqları cəlb edirik. Köhnə qonaqlar bizə yenə də yazır, gəlməyi planlaşdırırlar. Amma bu, onlar üçün daha baha başa gəlir. Biletlər bahalaşıb, vaksinasiyadan keçməyənlər üçün testlər lazımdır və bunlar baha çıxır. Biz əlbəttə ki, ən yaxşısına ümid edirik, amma nə olacağını heç kim bilmir”.
Turizmin dirçələcəyinə ümid varmı?
Koronavirus pandemiyasından bir il əvvəl İqtisadiyyat və Turizm üzrə Ümumdünya Şurasının (WTTC) dərc etdiyi hesabata əsasən, Gürcüstanda turizm və səyahətlər sektoru 483 min iş yeri açıb – bunlar yalnız iaşə və yerləşdirmə sektoru deyil, ümumiyyətlə turizm industriyasının yaradılması və işləməsində iştirak edən insanlardır. Eyni ildə Gürcüstan turizm və səyahətlər sahəsində birbaşa məşğulluğa görə dünyada 78-ci yeri tutub.
2018-ci ildə Gürcüstanda turizm və yaxın sahələrdə məşğul olan işçilər 7,8 faiz təşkil edib, Gürcüstan bu göstəriciyə görə dünyanın 145 ölkəsi arasında 29-cu yeri tutub. Turizmin özünə gəlincə isə, bu ahədə bilavasitə 140,3 min iş yeri açılıb.
Tədqiqat müəllifləri o vaxt bildirmişdilər ki, bu rəqəmlər yaxın illərdə orta hesabla 2 faiz artacaq, amma pandemiya reallığı dəyişdi, obyektlərin bağlanması və ya personal ixtisarları bütün rəqəmlərdə özünü göstərib.
İndi Gürcüstan sərhədləri artıq açıldığı zaman hökumətin gözləntiləri nikbindir, amma Turizm üzrə Milli Administrasiyanın rəhbər əvəzi Medeya Caniaşvili hesab edir ki, tam bərpa üçün zaman lazımdır.
“2019-cu il turizm nöqteyi-nəzərindən presedentsiz olub, Bu, çox əhəmiyyətli artım idi, buna gör də biz tam bərpanı 2023-cü ilə proqnozlaşdırırıq”, – Caniaşvili izah edib.
“Mediaşəbəkənin” dəstəyilə