Koronavirus vaksinləri haqda – pandemiyanı yenmək mümkün olacaqmı və nə zaman?
Artıq dünyada 85 milyondan çox insan koronavirusa yoluxub, onlardan 1 milyon 800 mindən çoxu vəfat edib. Yeni virus haqda məlum olandan bir il sonra dünyada bir neçə vaksin hazırlanıb və artıq yüz minlərlə insana peyvənd vurulub.
2021-ci ilin yazında artıq Böyük Britaniya və ABŞ pandemiyadan əvvəlki həyata qayıtmağa ümid edir.
Düzdür, Ümumdünya Səhiyyə Təşkilatı o qədər də nikbin deyil. Təşkilatdan xəbərdarlıq edirlər ki, vaksindən sonra insan orqanizmində immunitetin nə dərəcədə uzun müddət qalacağı hələ aydın deyil.
ÜST bildirir ki, 2021-ci ildə koronavirusun yayılmasını ləngitmək və perspektivdə pandemiyanı yenmək ancaq iki yoldan istifadə etməklə mümkündür – vaksinasiya və məhdudlaşdırma tədbirləri.
İcmal: hansı vaksinlər məlumdur, müxtəlif ölkələr onlardan hansılarını seçir?
Qərb aləmində ən uğurlular – Pfizer Bion tərəfdaşlığı ilə və Moderna
Hazırkı mərhələdə iki preparat ən uğurlu hesab edilir – biri Amerikanın Pfizer şirlkətinin almaniyalı tərəfdaşı BionTech şirkəti ilə hazırladığı, digəri isə yenə də Amerikanın Moderna şirkətinin hazırladığı.
Hər iki vaksində koronavirusun özünün genomu mövcuddur və insan orqanizminə düşdüyü zaman virus zülalının sintezini təşkil edir ki, bu da orqanizmdə COVID-19 virusuna qarşı immunitet formalaşdırır.
Hər iki preparat on minlərlə könüllü üzərində tam silsilə testdən keçib. İlkin analiz zamanıı Pfizer 95 faiz, Moderna 94,1 faiz, ağır xəstələnmə hallarında isə 100 faiz effektivlik göstərib.
Əksər qərb ölkələri bu preparatı sifariş verib.
Preparatın saxlanıması ilə bağlı xüsusi tələblərə (çox aşağı temperatur) və böyük növbəyə görə peyvənd növbəsi prosesi ciddi reqlamentləşdirilib:
- Pasiyent kabinkaya daxil olur və paltarını soyunur – 4 dəqiqə.
- İki dəqiqə ərzində tibb işçisi iynə vurulacar yeri dezinfeksiya etməli və inyeksiyanı daxil etməlidir.
- Daha sonra peyvənd olunan şəxs 30 dəqiqə ərzində həkim nəzarətində olur.
- Proseduru 21 gündən sonra təkrarlamaq lazımdır. Ancaq ikindi dozadan sonra insanda koronavirusa qarşı immunitet formalaşır.
- Birinci və ikinci doza arasında koronavirusa yoluxmamaq çox vacibdir.
İkinci yerdə — AstraZeneca
AstraZeneca və Oksford Universitetinin hazırladığı vaksini bir çox ölkələr sifariş verib. Onun effektivliyi dozasından asılı olaraq 62 faizdən 90 faizə qədərdir.
Təsir mexanizminə görə, bu, Rusiyanın “Sputnik V” preparatına bənzəyir. Hər iki peyvənd insanı zəiflədilmiş virusla “yoluxdurur”, buna görə də COVID-19 virusuna qarşı immunitet formalaşır.
Amma Rusiya vaksini dünyada daha az etibar qazanıb, çünki preparatın klinik sınaqlarının üçüncü, ən mühüm mərhələsi başlanandan əvvəl qeydiyyatdan keçirilib, bu da beynəlxalq normalara ziddir.
Rusiyanın “Sputnik V” vaksini
“Sputnik V” Rusiya Səhiyyə Nazirliyinin Qameliya adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqat Mərkəzində hazırlanıb və hazırda klinik sınaqların üçüncü mərhələsini keçir.
Bununla belə Rusiyada vətəndaşlar artıq kütləvi şəkildə peyvənd olunur, dekabrın ortasına olan məlumata əsasən, artıq 200 min insan vaksinasiyadan keçirilib.
Onun effektivliyi vaksinasiyadan 21 gün sonra 91,4 faiz, 42-ci gündə isə 95 faizdir.
Rusiyanın rəsmi məlumatına əsasən, onun preparatı ilə bağlı 50-dən çox ölkə maraqlı olduğunu ifadə edib, Özbəkistan, Hindistan, Braziliya, Meksika, Nepal və Misirə çatdırılmalar artıq başlayır.
Avropa, ABŞ və Kanadada Rusiya vaksininə maraq göstərilməyib.
Türkiyə Rusiya ilə danışıqlar aparıb, amma “Sputnik V” peyvəndini almaqdan imtina edib – preparatın təhlükəsizliyi ilə bağlı şübhələrinə görə. Bunun yerinə Türkiyə Çindən Sinopharm şirkətinin vaksinini alacaq.
Bu preparatla bağlı vəziyyət Rusiyanın “Sputniki” ilə bağlı vəziyyət kimidir – o da klinik sınaqların üçüncü mərhələsindədir. Buna baxmayaraq, Çinin özündə bu vaksin milyon nəfərdən çox insana vurulub. Və Pekin öz preparatının qlobal satışına artıq başlayıb.