Gürcüstanın Marneuli şəhərində 1000 qonaqlıq toysuz həyat
Gürcüstanın Kvemo Kartli regionunun etnik azərbaycanlı sakinləri hakimiyyətdən kütləvi toy mərasimlərinə qoyulmuş qadağanın aradan qaldırılmasını istəyirlər.
Az əvvəl hakimiyyətin verdiyi qərara görə, toy mərasimlərinə 100-ə qədər qonaq dəvət etmək olar. Amma qonaqların sayının bu qədər az olmasını marneulililər biabırçı bir şey hesab edirlər. Burada toylarda ən azı 600-800 nəfərin toplaşmasına öyrəşiblər.
Gürcüstan azərbaycanlıları toylarını Azərbaycan adətlərinə uyğun keçirirlər. Amma koronavirus yalnız adətlərə və nikaha girənlərin planlarına müəyyən dəyişikliklər etməyib, həm də bu sahədə çalışan yüzlərlə insanı işsiz qoyub.
Azərbaycan mədəniyyətində toy xüsusi yer tutur. Bu, ailələrin ən əsas şənliyidir.
Ənənəvi azərbaycanlı toyu altı gün davam edir. Rəsmən iki gün: birincisi qız evində, ikincisi isə gəlinin köçdüyü oğlan evində. Amma sonra iki evin hərəsində şənlik daha iki gün davam edir. Ənənəyə görə azərbaycanlılar böyük toy məclisləri təşkil edirlər. 500 qonaq ortabab toy sayılır. Marneulidə 800 nəfərilik toy zalları var.
1990-cı illərdə ölkənin ağır sosial vəziyyətində toya dəvət olunan qonaqların sayını bir qədər azaltmışdılar, amma son illər marneulililər köhnə adətlərə qayıdıb, qonaqların sayını artırıblar.
Hərçənd ənənələrə müəyyən dəyişikliklər edilir. Adi tostlardan sonra daha çox müasir musiqilər səslənir.
Zalın kirayəsi, ərzaqların alınması, yeməklərin hazırlanması, gəlinlik, gözəllik salonu xidməti, hədiyyələr, qızıl, mərasimin video və fotoçəkilişi və sairə ilə müşayiət olunan bahalı əyləncədir toy. Buna görə də toy industriyası hətta Marneuli kimi kiçik şəhərlərdə də kifayət qədər gəlirli sahədir.
Əvvəllər toylar bir qayda olaraq yaz və payız aylarında keçirilirdi, amma indi yayda və qışda da toy eləyirlər. Yeganə istisna may ayıdır: əfsanəyə görə qədim zamanlarda qızılgül elan edib ki, may ayında ancaq o, şahzadə ola bilər, buna görə də bu ayda toy eləmirlər.
Amma Marneulidə artıq 4 aydır ki, toy sədaları eşidilmir.
Gürcüstanda 1104 koronavirusa yoluxma halı qeydə alınıb. 912 nəfər sağalıb, 16 nəfər ölüb.
Kvemo Kartli regionunda epidemioloji vəziyyət xüsusilə ağırdır.
Toylar bir çox Marneuli sakinləri üçün dolanışıq mənbəyi idi və epidemiyaya görə məhdudiyyətlərin tətbiq edilməsi onlara ciddi problemlər yaradıb.
Məsələn, “Qızıl Tac” banket zalının həmsahiblərindən biri Zakir Balakişiyev Marneuli radiosuna bildirib ki, mart və aprel aylarında zala 40 bron daxil olub və onların hamısı ləğv edilib.
“Aydan” gəlinlik salonu 95 bronundan məhrum olub və salonun 45 işçisi işsiz qalıb.
Restoran sahibləri, topdansatışçılar, fotoqraflar və videooperatorlar, dizaynerlər, dekorçular, gözəllik salonları, musiqiçilər, dərzilər və sairə praktiki olaraq işsiz qalıblar.
“Bütün yanvar və fevral aylarında toy mövsümünün açılmasını gözləmişəm. Mən restoranda günü 20 lariyə (6 dollara yaxın) xadimə işləyirəm. Üstünə də yemək. Amma koronavirusa görə mövsüm hələ də açılmayıb”, – yerli sakin Aidə deyir.
Gözəllik salonlarına müəyyən şərtlər çərçivəsində işlərini bərpa etməyə icazə verilib. Amma toylar olmadan müştərilər çox azdır.
Marneulili fotoqraf Raif Dərziyev toy çəkilişləri ilə pul qazanırdı. Onun sözlərinə görə, uzun illər boyu ilk dəfə toy mövsümündə o, işsiz oturub.
“Təsadüfi fotosessiyalarla keçinirəm. Ənənəvi toylara nə vaxt icazə veriləcəyi məlum deyil. İcazə verildiyi kimi kiçik – 100 adamlıq toylar isə Marneulidə keçirilmir”, – Raif deyir.
Ailə qurmaq qərarı verən gənclərin də bəxti gətirməyib. Bəziləri artıq gəlinlik alıb, zalın kirayəsini ödəyib, digər xərcləri çəkib, toyları isə qeyri-müəyyən müddətə təxirə salınıb.
23 yaşlı Ayselin toyu hələ apreldə baş tutmalı idi.
“Mənim hər şeyim hazır idi. Paltarımın da, restoranın da xərci ödənmişdi, qonaqlar da dəvət olunmuşdu, amma hər şeyi təxirə salmaq lazım gəldi. İnsanların heç bir qaydanı gözləmədən restoranlarda əyləndiklərini görəndə ikiqat məyus oluram. İndi isə deyirlər ki, qışda epidemiyanın ikinci dalğası gözlənilir… Heç olmasa bir aylıq məhdudiyyətləri ləğv edəydilər. Öz toyunu gözləyən təkcə mən deyiləm”, – Aysel deyir.
Onun sözlərinə görə, bəziləri toysuz keçinib, hətta uşaq doğmağa imkan tapanlar da olub, amma o, istəyir ki, hər şey ənənələrə uyğun olsun.
Koronavirus bütün toy industriyasını işsiz qoyub.