“Məhdudiyyətləri ancaq əhalinin böyük hissəsi mütəmadi test edildiyi təqdirdə aradan qaldırmaq olar” – Bill Qeyts pandemiyanın öhdəsindən gəlməyin yolları haqda
Planetin ən varlı insanlarından biri Microsoft şirkətinin sahibi Bill Qeyts koronavirus pandemiyasının yaratdığı böhrandan çıxış yolları haqda fikirlərini CNN telekanalı ilə bölüşüb.
Məhdudiyyətləri aradan qaldırmaqdan öncə yoluxmaları ən çox nələrin təhrik etdiyini müəyyən etmək lazımdır. Əks təqdirdə təkrar yayılma ilə bağlı böyük təhlükə ilə üz-üzə qalmaq mümkündür.
İlk növbədə aydın şəkildə dəyərləndirmək lazımdır:
Birincisi, virusun yenidən yayılması üçün məhz hansı fəaliyyət sahələri təhlükə daşıyır?
Qərar qəbul etməzdən əvvəl tədqiqat aparmaq və hansı sahə və yerlərin ən çox yoluxma hallarına gətirib çıxardığını müəyyən etmək lazındır. Bir də anlamaq lazımdır ki, bunlar ikinci kütləvi yoluxmalar dalğasını təhrik edə bilər.
İkincisi, hansı müəssisələr iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır, hansılar gözləyə bilər?
İlk olaraq ən mühüm obyektlər – təhsil müəssisələri, inşaatlar, sənaye istehsalı sahələri açılmalıdır.
Bundan başqa, əvvəlcə bütün əhali hər gün test edilməlidir və yalnız bundan sonra məhdudiyyətləri aradan qaldırmaq olar.
Bu, xəstəliyin yenidən yayılmasının qarşısını almaq üçün əsas vasitədir – hər bir sakinin ucdan-tutma test edilməsi. Və yoluxanların bütün təmaslarının izlənilməsi.
Yeni test-sistemləri və metodları sayəsində ABŞ-da tezliklə bir gündə 400-500 min nəfəri test etmək mümkün olacaq, bu, ABŞ üçün mümkün olan minimumdur.
Bu, bir çox ölkələrin buraxdığı əsas səhvdir – artıq epidemiya haqda məlum idi, virus getdikcə yayılırdı, amma kifayət qədər test ehtiyatı yaradılmırdı. Və nəticədə 24 saatdan çox gözləmək lazım gəlirdi.
Həm də bütün sosial qruplar üçün testin əlçatımlığı bərabər deyildi.
- Koronavirusun peyvəndi və dərmanı tapılacaqmı? Və nə vaxt?
- Koronavirus: Tramp Ümumdünya Səhiyyə Təşkilatına qarşı
- “Sağ qalmağa çalışanlar” üçün onlayn-mağazaların biznesi 20 dəfə böyüyüb
Peyvənd bir, ya iki ildən tez tapılmayacaq
Prosesləri real və ciddi dəyərləndirsək, Covid-19 virusunun peyvndi bir-iki ildən sonra tapıla bilər. Hazırda deyilən 12-18 aylıq müddət çox nikbin səslənir.
Peyvənd hazır olandan sonra onun fəsad verib-vermədiyini yoxlamaq lazım olacaq. Buna zaman lazımdır və bu zamandan qısmaq olmaz.
İttihamlar və cavab
Son bir ayda bütün dünyada sosial şəbəkələrdə koronavirusun süni mənşəli olduğu və onun IT şirkətlərinə və mobil rabitə operatorlarına sərf etdiyi haqda məlumatlar yayılır.
Çox sayda paylaşımlarda bu şirkətlərin evdə qalmağa məcbur olan və bu zaman kompüterlərdən və mobil rabitədən daha çox istifadə edən insanların özünütəcrid vəziyyətindən faydalandığı deyilir.
Konspirasiya nəzəriyyəsi həvəskarlarının ittiham etdiyi şəxslərdən biri Bill Qeytsdir.
“Mənim üçün bu ittihamlar çox ironik səslənir, çünki mənim xeyriyyə fondum onilliklər ərzində məhz təhlükəli infeksion xəstəliklərin tədqiq edilməsini və onlarla mübarizə yollarını maliyyələşdirir.
Mən şüurlu insanların çoxunun bu nəzəriyyələrə inandığını düşünmürəm”, – Bill Qeyts deyib.
