Koronavirus Gürcüstan iqtisadiyyatına zərbə vurur
Koronavirus Gürcüstana iki istiqamət üzrə zərbə vuracaq:
1. Qlobal iqtisadi problemlər Gürcüstana xarici daxilolmaların ixtisarını doğuracaq.
2. Gürcüstanda koronavirusla xəstələnənlərin təsdiq olunması turist axınının ixtisarını doğuracaq ki, bu da öz növbəsində milli valyutanın – larinin bir qədər qiymətdən düşməsinə gətirib çıxara bilər.
Koronavirusun qlobal iqtisadiyyata təsiri
Ən təsirli zərbəni Çin iqtisadiyyatı alıb – bu ölkənin iqtisadiyyatı dünya iqtisadiyyatının 16%-ni təşkil edir. Dünyanın bütün ölkələrinin iqtisadiyyatları bu və ya digər dərəcədə – ixracat-idxalat, turizm və s. – Çin iqtisadiyyatı ilə əlaqədar olduğundan, onlar da zərər görəcəklər.
• Koronavirus: İtaliya Avropada və digər qitələrdə xəstəliyi yayan mənbəyə çevrilir. Yenilənmə
“Oksford ekonomiks”in rəyinə görə, koronavirus dünya iqtisadiyyatının artım tempini 1,3% ləngidib və 2020-ci ildə dünya üzrə məcmu zərər trilyon dolları keçəcək.
• Son ay ərzində dünyanın aparıcı fond birjalarının indeksləri 10%-dən çox düşüb və eniş davam edir. Qiymətli kağızların sahibləri artıq 2 trilyon dollara qədər itiriblər. Rusiya fond birjasının indeksi 9% aşağı düşüb;
• Neftin dünya qiymətləri 27% aşağı düşüb ki, bu da neft ixrac edən ölkələrin iqtisadiyyatlarına əhəmiyyətli dərəcədə zərər vurur;
• Turizm sahəsində aparıcı dövlətlər turist axınının 20-30% enəcəyini proqnozlaşdırırlar;
• Çin ixracat-idxalatının azalması davam edir ki, bu da həmin ölkənin iqtisadiyyatı ilə bağlı olan bir çox dünya ölkələrinin iqtisadiyyatlarına təsir edir.
Qlobal problemlər mütləq Gürcüstanda öz əksini tapacaq
Gürcüstan açıq tipli kiçik, xarici amillərdən xeyli dərəcədə asılı iqtisadiyyata malikdir. Koronavirusun yayılması ilə əlaqədar dünyada yaranmış hazırkı vəziyyət Gürcüstanda xəstələnmə halı olmasa belə mütləq ölkəyə zərər vuracaqdı.
• Gürcüstan məhsullarına tələbat azalacaq, bunun nəticəsi olaraq, ixracat həcmi aşağı düşəcək.
• Turist axını azalacaq – bu vəziyyətdə əhalinin bir hissəsi pula qənaət edilməsini və evdə oturmağı səhayətlərdən üstün tutacaq.
• Xarici investisiyaların həcmi azalacaq, çünki dövlətlər ölkədən çıxarılan kapitalın həcmlərini azaldacaqlar.
• Qazancları azalan emiqrantlardan maliyyə daxilolmalarının həcmi azalacaq, bu isə Gürcüstan üçün xarici maliyyə daxilolmalarının əhəmiyyətli bəndidir.
2020-ci ildə Gürcüstan iqtisadiyyatının 4,5%-lik artımı planlaşdırılırdı. Göstərilən amillər nəzərə alınarsa, qarşıya qoyulmuş məqsədə çatılması inanılmaz dərəcədə çətin olacaq.
Koronavirusun Gürcüstan iqtisadiyyatına birbaşa zərbəsi
Gürcüstanda koronavirusa ilk yoluxma halı barədə məlumat ümumilikdə nikbinlik doğuran iqtisadi vəziyyəti müəyyən dərəcədə pisləşdirəcək.
2020-ci ilin əksər göstəriciləri indiyə kimi özlərinin ötənilki analoqlarını üstələyirdi.
Ələlxüsus:
• İxracatın həcmi 10% yüksəlib,
• Turist axını 19% artıb,
• Emiqrantlardan pul köçürmələrinin həcmi 9% yüksəlib,
• Larinin məzənnəsini dollara görə 2,87-dən 2,79-a qədər möhkəmləndirmək mümkün olub.
Koronavirus artıq larinin 1.1 bənd dəyərdən düşməsinə səbəb olub və bu, ekspertlərin fikrincə, hələlik başlanğıcdır, çünki əhali hələ ki, ərzaq malları almağa cəhd edir, valyuta deyil.
Turizm sektoru ciddi itkilərə məruz qalacaq.
Bəziləri koronavirus olduğu üçün Gürcüstana səfərdən imtina edəcək, digərlərinin isə səyahət üçün pulu olmayacaq. Daxilolmalar doğma ölkənin ümumilikdə zəifləməsi üzündən azalacaq.
Bir çox insanlar qadağalar səbəbindən Gürcüstana sadəcə olaraq gəlib çata bilməyəcəklər – söhbət hələlik Çin və İran vətəndaşlarından gedir, lakin qadağa başqa ölkələrə də şamil oluna bilər.
Qeyd etmək lazımdır ki, bu iki ölkədən gəlmiş turistlər ötən il Gürcüstanda təxminən 190 milyon dollar pul xərcləmişdilər.
Hərçənd, Gürcüstanda fəal turizm mövsümü may ayında başlayır və ola bilsin ki, o vaxta qədər vəziyyət yaxşılaşacaq.
Larinin taleyi
Milli valyutanın məzənnəsi əsas etibarilə turist axını ilə bağlıdır. Əgər sonuncu azalarsa, məzənnənin də aşağı düşməsini gözləmək olar.
Bu gün ekspertlər bildirirlər ki, koronavirusun yayılmasının larinin məzənnəsibin möhkəmlənməsi ilə üst-üstə düşməsi baxımından ölkənin bəxti gətirib – eniş mümkün olduğundan daha az səviyyədə olacaq.
O da ümidləndirir ki, turizm mövsümü əslində hələ başlamayıb. Lakin əgər dünya payıza qədər koronavirusun yayılmasının öhdəsindən gələ bilməsə, nəticələr xeyli acınacaqlı olacaq.