Koronavirus: İtaliya Avropada və digər qitələrdə xəstəliyi yayan mənbəyə çevrilir. Yenilənmə
26 fevral
Koronavirusa 300 nəfərin yoluxduğu və bu xəstəlikdən 11 nəfərin öldüyü İtaliyadan xəstəlik digər Avropa ölkələrinə – Avstriyaya, Xorvatiyaya və İsveçrəyə keçib və həmin ölkələrdə ilk yoluxma halları qeydə alınıb. Bu barədə BBC xəbər verir.
İlk dəfə olaraq Afrikada – Əlcəzairdə və Latın Amerikasında – Braziliyada koronavirus aşkarlanıb. Xəstələnmiş braziliyalı bu günlərdə İtaliyaya səfərdən qayıdıb.
Buna baxmayaraq, Fransa, İtaliya, Almaniya səhiyyə nazirlərinin və Avropa komissiyasının təmsilçilərinin görüşündə İtaliya ilə sərhədləri bağlamamaq haqqında qərar qəbul edilib.
Həmin görüşdə Almaniyanın səhiyyə naziri bildirib ki, İtaliyanın qonşuları vəziyyətə “çox, çox ciddi” yanaşırlar və o, “düzəlməyə başlamazdan əvvəl pisləşə bilər”.
Böyük Britaniyada tətil günlərində İtaliyada olmuş məktəblilərə məşğələlərə gəlmək qadağan edilib. Lakin iki ölkə arasında hava əlaqəsi kəsilməyib.
İran
İranda, rəsmi məlumatlara görə, 100-dən az insan yoluxub, lakin böyük qorxu var ki, onların sayı dəfələrlə çoxdur. Bu barədə, ələlxüsus, yerli parlamentin Qum şəhərindən olan üzvü Əhməd Əmirabadi-Fərəhani bildirib. O, hakimiyyəti koronavirusun ölkədə yayılması miqyasları barədə yalan danışmaqda ittiham edib.
Buna cavab olaraq İran səhiyyə nazirinin müavini Hərirçi bildirib ki, sübut edilmiş ölüm hallarının sayı cəmi 12-dir və əlavə edib ki, bu rəqəmlərin düzgün olmadığını isbat edən tapılsa, istefa verəcək. Bu, vur-tut iki gün əvvəl baş verib və budur, fevralın 26-da Hərirçi xəstəxanaya yerləşdirilib, onda koronavirus aşkarlanıb.
11 nəfərin öldüyü Cənubi koreyada 1100-dən çox insan yoluxub. Ölkə infeksiyaların sayına görə Çindən sonra ikinci yerdədir.
26 fevrala koronavirusun statistikası
26 fevrala olan məlumata görə, dünya üzrə 81.005 koronavirusa yoluxma halı təsdiq olunub. Xəstələnənlərin mütləq əksəriyyəti əvvəlki kimi Çinin Hubey əyalətindədir. Bu günə qədər virusdan 2.762 nəfər həlak olub, 30.116 nəfər sağalıb. Dünyada xəstəliyin yayılmasını bu onlayn-xəritə üzrə izləmək mümkündür.
25 fevral
Ümumdünya Səhiyyə Təşkilatı bəyan edib ki, dünya koronavirus pandemiyasına hazırlaşmalıdır – BBC xəbər verib.
Pandemiya dünyanın müxtəlif yerlərində virusun çox asanlıqla bir insandan digərinə ötürülməsidir. Hələlik bu baş verməyib, amma “ölkələr hazır vəziyyətdə olmalıdır”.
Koronavirusun ilk peyda olduğu Çindən başqa hazirda dünyanın 30 digər ölkəsində də bu xəstəlik aşkarlanıb.
İqtisadçıların hesablamalarına əsasən, 2020-ci ildə dünya iqtisadiyyatı virusa görə 1 trilyon dollara qədər vəsait itirə bilər.
Koronavirusun fevralın 25-ə olan statistikası
Fevralın 25-ə olan məlumata görə, dünyada 80,289 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstələrin böyük əksəriyyəti hələ də Çinin Xubey əyalətinin payına düşür. Həmin günə qədər virusdan 2,704 nəfər həlak olub, 27,840 nəfər isə sağalıb.
Xəstəliyin dünyada yayılmasını bu onlayn-xəritədən izləmək mümkündür.
Yer əhalisinin 40 faizindən 70 faizinə qədəri yoluxa bilər
The Atlantic Harvard Universitetinin epidemioloqu Mark Lipsitçin gəldiyi nəticə haqda yazıb.
Bir tərəfdən gəlinən nəticə həyəcanlıdır: Yer əhalisinin 40 faizindən 70 faizinə qədəri virusa yoluxa bilər.
Digər tərəfdən professor deyir ki, təşvişə əsas yoxdur. Koronavirus ötən illərdə yayılan “donuz” və “quş” qripi, o cümlədən də atipik pnevmaniya qədər aqressiv olmadığı üçün belə asan yayılacaq.
Xəstəlik daha yumşaq formada davam edir, bəzən hətta simptomlar özünü göstərmir, buna görə də bu virusun daşıyıcılarını üzə çıxarmaq daha çətin olacaq.
İranın Qum şəhərindən olan parlament üzvü Əhməd Əmirabadi Farahani hakimiyyəti ölkədə koronavirusun miqyası haqda yalan məlumat verməkdə günahlandırıb.
Qum İranda xəstəliyin qəfil yayıldığı mərkəzə çevrilib. Əmirabadi Farahani bildirir ki, təkcə Qum şəhərində artıq ən azı 50 nəfər ölüb – hərçənd cəmi bir neçə gün əvvəl xəstələnənlərin sayı cəmi 18 nəfər idi.
Amma İranın səhiyyə nazirinin müavini İrac Hərirçi bu bəyanatı təkzib edib və bildirib ki, təsdiqlənmiş ölüm hallarının sayı cəmi 12-dir. O deyib ki, əgər kimsə bu rəqəmlərin yanlış olduğunu sübut etsə, istefaya getməyə hazırdır – BBC xəbər verib.
İran hökumətinin rəsmi təmsilçisi Əli Rabiey də əminliklə bəyan edib ki, hakimiyyət heç bir halda virusdan ölüm hallarını və xəstəlik statistikasını gizlətməyəcək.
Amma Əmirabadi Farahani öz iddiasını geri çəkməkdən imtina edib.
“Mən 40 nəfər ölənin konkret adlarını nazir müavininə təqdim etmişəm. İndi biz istefanı gözləyirik”, – ILNA agentliyi onun sözlərindən sitat gətirib.
İki rəsmi şəxs arasındadkı bu qarşıdurma və bu qədər qısa zamanda yoluxanların sayının belə kəskin artması sosial şəbəkələrdə böyük debatlara və əslində hakimiyyətin epidemiyanın öhdəsindən gəlmədiyi, bu səbəbdən də real göstəriciləri gizlətdiyi ilə bağlı şübhələrə səbəb olur.
Həmin vaxtda hakimiyyət virusun yayılmasının qarşısını almaq üçün Qumda məktəbləri və universitetləri bağlamaq qərarı verib.
Asiya hüdudlarından kənarda ən pis vəziyyət İtaliyadadır
Epidemiya öz növbəsində yeni ölkələri və regionları əhatə edir. Asiya hüdudlarından kənardakı ölkələr arasında ən pis vəziyyət İtaliyadadır.
Lombardiya vilayətində 219 nəfər xəstəliyə yoluxub, yeddi nəfər ölüb. Halbuki ilk ölüm halı haqda cəmi üç gün əvvəl, fevralın 21-də xəbər verilib.
Avropa Komissiyası fevralın 24-də bəyan edib ki, İtaliyada koronavirusun yayılmasına cavab olaraq Avropa İttifaqı Şengen zonasında sərhədlərin bağlanması məsələsini hələlik nəzərdən keçirmir. Amma İtaliyanın özündə qonşu ölkələrlə hərəkətə məhdudiyyət qoyulub ki, bu da artıq 70 min insanı əhatə edib.
Cənubi Koreyada artıq ikinci tibbi təhlükə səviyyəsi tətbiq edilib. Yaşlı insanlara və xroniki xəstəliklərdən əziyyət çəkənlərə istənilən səfərdən imtina etmək tövsiyə olunub.
Küveytdə, Bəhreyndə və İraqda da ilk yoluxma halları qeydə alınıb.
Koronavirusun fevralın 24-ə olan statistikası
Fevralın 24-ə olan göstəricilərə əsasən, dünyada 79,5553 koronavirusa yoluxma halı qeydə alınıb. Onların mütləq əksəriyyəti hələ də Çinin Xubey əyalətinin payına düşür.
Həmin günə qədər virusdan 2,628 nəfər ölüb, 25,213 nəfər isə sağalıb.
Epidemiyanın iqtisadi fəsadları
Dünya iqtisadiyyatı epidemiyanın fəsadlarını öz üzərində hiss etməyə başlayıb. Çindən gələn mal və məhsullardan asılı olan bütün şirkətlər ziyan çəkir.
Bunun ardınca birja indeksləri aşağı enməyə başlayıb – investorlar vəsaitləri real sekordan çıxarıb, ilk növbədə son yeddi ildə qiyməti rekord həddə çatan qızıla yatırmağa başlayıblar.
İstehsalın azalması səbəbilə xammal, ilk növbədə də neft dəyərdən düşür.