Gürcüstanın müxalif partiyası stadiona buraxılmayan futbol azarkeşləri üçün aksiya təşkil edib
Paylaşmaq
Paylaşmaq
Oktyabrın 8-də Tbilisidə keçirilən oyunda Gürcüstanın futbol yığması Belarus millisinə 1:0 hesabla qalib gəlib və Avropa Çempionatının seçmə mərhələsinin pley-off finalında Makedoniya ilə görüşəcək.
Pandemiyaya görə UEFA-nın stadionların tutumunun 30 faizini dolduracaq qədər azarkeşlərin oyunu izləməyə buraxılması haqda qərarına baxmayaraq, Gürcüstan hökuməti azarkeşləri ümumiyyətlə stadiona buraxmayıb.
Amma seçkiqabağı kampaniya çərçivəsində “Qirçi” (“Qoza”) siyasi hərəkatı stadionun girişində oyunun yayımlanması üçün böyük ekran quraşdırıb. Azarkeşlər yığma komandanı pirotexnika və şüar qışqırmaqla dəstəkləyiblər, yüzlərlə azarkeş oyunu “Dinamo Arena” stadionunun girişində quraşdırılmış ekrandan izləyib.
“Qirçi”nin aksiyası cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri dəstəklə yanaşı, koronavirusa yoluxanların sayının kəskin artması fonunda kütləvi tədbirin keçirilməsi ilə bağlı təşkilatçıların ünvanına tənqid də yağdırıblar, çünki orada sosial məsafə gözlənilməyib və iştirakçıların çoxu maskasız olub.
Aksiya təşkilatçılarına bu ilin yazında pandemiyaya rəğmən dini ayinləri dayandırmadığı və pasxa liturgiyası keçirdiyi üçün Gürcüstan Pravoslav Kilsəsinin ünvanına səslənən tənqidlər xatırladılıb.
Qeyd etmək lazımdır ki, o zaman Gürcüstanda yoluxanların sayı onlarla idi, oktyabrın 9-a olan məlumata əsasən isə 11 min nəfərə yaxınlaşıb.