Koronavirusa görə Ermənistanda məktəblərdə buraxılış imtahanları ləğv edilib və abituriyentlətə bir imtahanla universitetlərə qəbul imkanı verilib
Ermənistanda fövqəladə vəziyyət rejimində məktəblərin, peşə məktəbləri və kolleclərin buraxılış siniflərində imtahanı ləğv etmək qərara alınıb. Bu haqda canlı efir zamanı təhsil, elm, mədəniyyət və idman naziri Araik Harutunyan deyib.
Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-da tətbiq edilib. İlkin olaraq fövqəladə vəziyyət aprelin 14-ə qədər qüvvədə olmalı idi. Amma ölkədə koronavirusun yayılmasını dayandırmaq mümkün olmadığı üçün hökumət karantini daha bir ay – mayın 14-ə qədər uzadıb.
Məzunlar üçün “son zəng” adlanan məktəblə vida mərasimi də təxirə salınıb. Bu tədbir hələlik qeyri-müəyyən müddətə ertələnib.
Abituriyentlər ali məktəblərə qəbul zamanı bir imtahan verməli olacaqlar. Məhz hansı fəndən imtahan verəcəkləri haqda hələlik məlumat verilməyib.
Gürcüstanda fövqəladə vəzyyətin yumşaldılmasının ilk mərhələsi başlayıb
Koronavirusun peyvəndi və dərmanları tapılacaqmı? Və nə zaman?
Məktəb imtahanları və “son zəng” haqda
Ermənistan məktəblərində yalnız məzunlar yox, dördüncü və doqquzuncu sinif şagirdləri də imtahan verir. Bunlar bir növ keçid imtahanlarıdır.
“Məktəblərdə 4 və 9-cu siniflərdə keçid imtahanlarının keçirilməməsi qərara alınıb. Bütün fənlər üzrə illik qiymətlər şagirdlərin martın 13-ə qədər aldıqları və elektron jurnala daxil edilən qiymətləri əsasında veriləcək”, – nazir canlı yayımda bildirib.
Ümumtəhsil məktəblərinin və texniki peşə məktəblərinin məzunlarının illik qiymətləndirilməsi də eyni qayda ilə aparılacaq. Amma dekabrda aralıq imtahanı verənlərə seçim imkanı verilir. Bu şagirdlər diploma yazılması üçün ya həmin imtahanda aldıqları qiyməti, ya da tədris ilinin yekununda aldıqları qiyməti seçə bilərlər.
Attestatların təqdim olunmasına gəlincə, məktəblilər şəhadətnamələrini mayın 25-də, kollec tələbələri isə öz diplomlarını iyunun 5-də ala biləcəklər.
Nazirin sözlərinə görə, attestatların və diplomların məhz bu tarixdə verilməsi qərara alınıb ki, hərbi xidmətə yay çağırışı qrafikinə mane olmasın.
“Fövqəladə vəziyyət rejimi şərtləri altında bizim üçün ən əsası hərbi xidmətə çağırış prosesinin pozulmaması və şagirdlərin maraqlarından çıxış edərək ən obyektiv qiymətlərin verilməsidir”, – Araik Harutunyan deyib.
Nazirin sözlərinə görə, məzunların “son zəngi” mütləq baş tutacaq, amma adətən olduğu kimi mayın 25-də yox.
“Səhiyyə Nazirliyi böyük tədbirlərin artıq təhlükə kəsb etmədiyini bildirən kimi biz bir gün seçəcək və “son zəngi” təntənəli şəkildə qeyd edəcəyik”, – nazir söz verib.
Abituriyentlər haqda
Nazirin bu canlı yayımı ən çox gözlənilənlərdən idi. Məktəbin ənənəvi buraxılış gününə bir aydan az vaxt qalıb, koronavirus pandemiyasına baxmayaraq, universitetlərə qəbul imtahanlarına qızğın hazırlıq gedir. Və çoxları bu il hər şeyin necə baş verəcəyi haqda məlumat gözləyirdi.
Nəticədə Araik Harutunyan elan edib ki, ali məktəblərə qəbul imtahanları iyulun əvvəlində keçiriləcək və abituriyentlər sənədlərini mayın 25-dən iyunun 15-ə qədər təqdim edə biləcəklər.
“Abituriyentlər bu il qəbul zamanı yalnız bir imtahan verəcəklər. Martın 15-ə qədər sorğu verən və bir neçə imtahana görə rüsum ödəyən abituriyentlərə pulları geri qaytarılacaq. Biz bu qərarı universitetlərlə müzakirə etməliyik. Ayın 30-dan sonra biz bu və ya digər ali məktəbə qəbul olmaq üçün abituriyentlərin hansı imtahanı verəcəyini elan edəcəyik”.
İmtahan keçirilməsi qaydasına gəlincə, nazir bildirib ki, bütün Ermənistan ərazisində imtahan mərkəzləri açılıb. İnsan izdihamlarının yaranmasının qarşısını almaq üçün zallara məhdud sayda abituriyent buraxılacaq.
Gələcək tələbə adına namizədlər maskada imtahan verəcəklər. İmtahan mərkəzləri dezinfeksiya vasitələri ilə təmin olunacaq.
“İmtahan bütün təhlükəsizlik qaydaları nəzərə alınaraq keçiriləcək”, – nazir əmin edib və abituriyentlərin valideynlərindən xahiş edib ki, övladlarının imtahan verəcəkləri mərkəzlərə gəlməsinlər.
Sosial şəbəkələrdə nə yazırlar?
Facebook-un erməni seqmentinin istifadəçiləri bu haqda müxtəlif fikirdədirlər. Bəziləri nazirin qərarını dəstəkləyir, digərləri tənqid edir.
Bəzi şərhlər:
“Bu təhsil deyil! Sadəcə marazmdır!”
“Uşaqları əlavə sarsıntıya məruz qoymaq lazım deyil! Dünya dağılmayacaq, sadəcə imkan daxilində hər şeyi təşkil etmək lazımdır”.
“Çox doğru qərardır”.
“Əgər uşaqları martın 13-ə qədər aldıqları qiymətlərə görə dəyərləndiricəklərsə, onda distant tədrisin nə mənası var? Axı onlar yenə də oxuyurdular və qiymət alırdılar!”