Şərh. Azərbaycanın koronavirus üzərində parlaq qələbəsi: müəmmadırmı?
Hər gün Azərbaycanda sağalanların sayı çoxalır, COVID-19 xəstələrinin sayı isə azalır. Yəqin ki, bu mətn dərc olunana qədər bütün xəstələr artıq “sağalmış” olacaq, hələliksə, mediamızda bildirildiyi kimi aktiv hallar bütün yoluxanların üçdə biri qədərdir. Yeni yoluxanların sayı da gündən-günə azalır. Halbuki gücləndirilmiş karantin rejiminin tətbiqindən hələ heç bir ay keçməyib.
Və?
Heç nə, sadəcə bu, belə tez ola bilməz.
Xəstəlik yüngül keçdiyi zaman sağalma müddəti 2 həftə çəkir, xəstəlik ağır keçəndə isə 3-6 həftəyə qədər uzana da bilər.
Səhiyyəsi inkişaf etmiş Almaniya kimi ölkədə yoluxanların sayını əks etdirən əyri martın 5-də kəskin yüksəlib. Yalnız üç həftədən sonra sağalanların sayını əks etdirən əyri birincinin ardınca uzanıb.
Azərbaycanda isə xəstələr 12 gündən sonra artıq kütləvi şəkildə sağalmağa başlayıb. Niyə? Hansı varinatlar var?
- Onların hamısında xəstəliyin yüngül forması olub və onlar sürətlə sağalmağa başlayıblar. Biz isə bilirik ki, belə olmur, çünki yalnız qızdırması və digər əlamətləri olan xəstələri test eləyiblər. Başqa ölkələrdən gələnlər istisna olmaqla – onların hamısı sərhədi keçən kimi karantin altına alınaraq testdən keçiriliblər. Amma “rəsmi qrafik” xəstələrin bir hissəsinin yox, hamısının 12 gündən sonra sürətlə sağaldığından xəbər verir – yəni aprelin 8-də xəstə olan hər kəs aprelin 20-də sağalıb!
- Diaqnoz çox gec qoyulub. Azərbaycan statistikasını ÜST-ün tədqiqatlarının nəticələrinə uyğunlaşdırmaq üçün xəstələrin əlamətlər özünü göstərəndən iki həftə sonra test edilməsi gərəkdir və ya testin nəticəsinin iki həftə sonra hazır olması (karantində olanların danışdıqlarından yetərincə həqiqətə uyğun versiyadır).
- Azərbaycanlılar heyrətamiz sağlam insanlardır, koronavirus onların orqanizmində 12 gündən artıq tab gətirə bilmir (əlimizdə bu fərziyyəni inkar və ya təsdiq edəcək heç bir fakt yoxdur).
Azərbaycan İqtisadiyyat Universitetinin Facebook səhifəsində paylaşılan videoda gənclər koronavirusun öhdəsindən məharətlə gəldiyi üçün prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər:
Fantastik versiyalar yoluxanların sayını əks etdirən əyrinin niyə belə düz olduğunu izah edir. Baxmayaraq ki, Azərbaycanda karantin aprelin əvvəlində tətbiq edilib və yalnız xüsusi şüurlu vətəndaşlar sosial məsafəni gözləmək tələbinə riayət edib.
Karantin ümumiyyətlə öz çətin yolunda mümkün olan hər yanda izdihamlarla qarşılaşıb – gah basabas avtobuslarda, gah banklarda, gah da sanki məhz bu məqsədlə sutkada iki saat işləyən metroda.
Azərbaycanın epidemiyanın çox sürətlə yayıldığı İranla sərhədləri “son ana qədər” bağlamadığını da xatırlamaq olar.
Hətta indi də polis icazə sms-i olmadan küçəyə çıxan camaatı ucdantutma sərimələməkdən bihal olduğu bir vaxtda da vətəndaşlar bir yerdə toplaşmağa macal tapırlar. Azərbaycanlıların maskalara soyuq münasbət bəslədiyindən xəbər verən hallar da çoxdur – polis baxmadığı zaman maskanı çənəsinin altına qoyanlar az deyil.
Cərimə və pozuntuların sayı hər şeyi aydın göstərir: xaş yeməyə gedənlər, mövcud olmayan dəfnə qatılmaq üçün icazə alanlar, saxta buraxılış alveri edənlər və sairə və ilaxır, misalları sonsuza qədər davam etdirmək olar.
İki metrlik məsafəni gözləməyi isə hakimiyyət heç tələb də etmədi, görünür, bunun mənasız olduğunu anlayırlar.
O zaman niyə yoluxanların dinamikası yalnız piyada gəzməyin mümkün olduğu və insanların bütün qadağaları ciddi qəbul etdiyi tamamən qapalı Gürcüstanla eynidir?
Versiyalar:
- Səhv. Heç də hamıya, hətta ağır xəstələrin hamısına diaqnoz qoyulmayıb. Bizim “Bakı qəsəbələrində”, ya da kəndlərdə epilepsiya tutmalarının çidağla müalicə olunduğu, qızdırması olanın isə çöpçüyə aparıldığı hallardan xəbərimiz var.70 yaşdan yuxarı insanın ölümü sadəcə qocalıqla izah edilə bilər, təcili yardın həkimləri insultdan sonra demidrol vururlar və yatıb dincəlməyi məsləhət görürlər, revmatizmanı isə onkoloji xəstəlik bilib xəstədən əllərini üzürlər, müalicə etməyə cəhd belə göstərmirlər.Azərbaycanda dahi həkimlər var, amma çox az adam bizim təhsil sistemimizin məhz bir sistem kimi səmərəli fəaliyyət göstərə biləcəyinə inanır. Hazırkı məqamda çox az adam inanır ki, bütün respublika üzrə hətta bircə xəstəliyin effektiv diaqnostikasının keçirilməsi mümkündür.
- Senzura. Statistika “yuxarının göstərişi” prinsipi ilə redaktə edilib. Axı bizim media resurslarının hansı xəbərə necə reaksiya verəcəklərini, kimi hansı sözlərlə tərifləməli, kimi tənqid etməli olduqlarını dəqiq bilmələri üçün yuxarıdan gələn sifarişə əməl etmək təcrübəsi var.
- Möcüzə. Sadəcə azərbaycanlılar sağlam həyat tərzi, təmiz hava və balanslı qidalanma sayəsində koronavirusa qarşı dayanıqlıdırlar (və bizim əlimizdə bu versiyanı təkzib, ya da təsdiq edəcək heç bir göstərici yoxdur).
Bəs necə yoxlamaq olar ki, karantin həqiqətən təsirli olubmu, biz həqiqətən xəstəliyə qalib gəlmişik, ya yox?
Bunu yoxlamaq üçün nəticələri gözləməkdən başqa heç bir vasitə yoxdur. Mənin subyektiv fikrimcə, hadisələrin üç ssenari üzrə inkişafı mümkündür.
- Rəsmi statistika feyk idi – bu zaman karantin tədbirlərinin zamanından tez dayandırılmasından sonra məzarlıq işçilərinin bütün yay uzunu işi bol olacaq. Rəsmi statistika isə yenə də iki vur ikinin beş olduğuna israr edəcək.
- Rəsmi statistika feyk deyildi (ya da çox da deyildi) və o zaman həyat öz normal axarına qayıdacaq.
- Koronavirus iyunda istidən öz–özünə öləcək.
Üçüncü varianta ümidliyəm.