Konstantinopol Patriarxlığı nümayəndə heyətinin səfəri Gürcüstan Kilsəsinin Ukrayna üzrə mövqeyinə təsir etməyəcək
Gürcüstan Pravoslav Kilsəsi hələ də Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanımağa tələsmir.
Ümumdünya Patriarxlığı nümayəndələrinin Gürcüstan Katolikos patriarxı İkinci İliya ilə bugünkü görüşü heç bir nəticəsiz sona çatıb.
Konstantinopol Patriarxlığınnın nümayəndələri Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsinin təfərrüatlarını müzakirə etmək üçün Tbilisiyə gəlib. İki saata yaxın davam edən görüşdə Gürcüstan Pravoslav Kilsəsi Müqəddəs Sinodunun bir neçə üzvü, o cümlədən də patriarxın naibi baş yepiskop Şio da iştirak edib.
Görüşdən sonra Gürcüstan Pravoslav Kilsəsinin nümayəndələri qeyd ediblər ki, Konstantinopol Patriarxlığının nümayəndə heyətinin səfəri Gürcüstan Kilsəsinin mövqeyinə heç bir təsir göstərməyib – kilsə yenə də öz fikrində qalır və Ukrayna Kilsəsinin müstəqilliyini tanımağa tələsmir.
Görüşdən sonra yepiskop Şio bildirib ki, bu məsələni Sinod yazda baş tutacaq növbəti iclasında müzakirə edəcək. O zamana kimi Gürcüstan Patriarxlığı bu məsələ ilə bağlı qərar qəbul etməyəcək.
“Bu, çox vacib görüş idi. Əsas odur ki, onlar bizim kilsə ilə bağlı nəzakətli şəkildə fikirlərini bildirdilər, çünki onlar bura bizi bu və ya digər qərarı qəbul etməyimiz üçün inandırmağa gəlmişdi. Onların bizim tələsmədiyimizə (qərar qəbulu üçün) tam anlayışla yanaşması da çox vacibdir. Mitropolit söhbət zamanı bunu bir neçə dəfə təkrar edib”, – yepiskop Şio deyib.
Jurnalistlər Şiodan soruşublar ki, Rusiya Pravoslav Kilsəsinin Ukrayna Kilsəsinin müstəqilliyi məsələsinə münasibəti prosesə nə dərəcədə təsir edir? Yepiskop Şio belə cavab verib:
“Təəssüf, bizdə (Gürcüstanda) belə bir fikir var ki, hazırkı mövqeyimiz Rusiyanın təsiri ilə assosiasiya olunur. Əslində isə bu gün siz özünüz Ümumdünya Patriarxlığının bizim mövqeyimizlə razı olduğu haqda fikrini eşitdiniz”.
Konstantinopol Patriarxlığı nümayəndə heyətinin başçısı, Fransa mitropoliti Emmanuel jurnalistlərə bildirib ki, nümayəndə heyətinin məqsədi “hər hansı təzyiq və ya öz mövqeyini yeritmək” yox, Gürcüstan Kilsəsini Ukrayna Kilsəsinə müstəqillik verilməsi haqda qərarın təfərrüatları ilə bağlı xəbərdar etməkdir.
“Biz bilirik ki, Gürcüstanın Katolikos Patriarxı müdrik qərar verə biləcək qədər müdrikliyə sahibdir”, – Emmanuel deyib.
Mitropolit bir neçə dəfə qeyd edib ki, “bu gün ən əsası – pravoslav kilsələr arasında vəhdəti qorumaqdır”.
Onun sözlərinə görə, nümayəndə heyətinin Tbilisiyə səfəri Konstantinopol Patriarxlığı və Gürcüstan Kilsəsi arasında ziddiyyətin mövcud olması ilə bağlı deyil.
“Biz Gürcüstan Kilsəsi ilə qarşılıqlı münasibətlərdə problemlər yarandığı üçün gəlməmişik. Bizim ümumi fikrimiz, ümumi baxışlarımız var və bu, iki qardaş kilsənin adi qardaşlıq, mehribanlıq görüşüdür”, – mitropolit Emmanuel bildirib.
Konstantinopol Patriarxlığının nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvili ilə də görüşüb.
_________________
Yanvarın 5-də Ümumdünya patriarxı Bartolomey Tomos – Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini təsdiqləyən sənəd imzalayıb. Bu da onun Rusiya Kilsəsindən azad olması deməkdir.
Amma Gürcüstan kilsəsi hələ də bu faktı tanımaq üçün tələsmir.
Ukrayna Kilsəsi məsələsi Gürcüstan Kilsəsi daxilində parçalanmaya səbəb olub – sinod üzvlərinin bir qismi Gürcüstanın Ukrayna kilsəsinin müstəqilliyini tanımalı olduğu fikrindədir.
Digər hissəsi isə hesab edir ki, Gürcüstan bu məsələdə ehtiyatlı olmalıdır. Onların əsas arqumenti – əgər Gürcüstan Ukrayna Kilsəsinin müstəqilliyini tanıyarsa, Rusiya Abxaziya Kilsəsinin müstəqilliyini tanıya bilər.
Konstantinopol Patriarxlığı nümayəndə heyətinin gəlişindən bir neçə saat öncə Gürcüstan Patriarxlığı bu mövzuda daha bir açıqlama verməyə gərək duyub.
Yanvarın 29-da açıqlanan bəyanatda deyilir ki, Ukrayna Kilsəsinə münasibətdə “tələsik, uzaq getməyən hərəkətlər xeyir verməyəcək”.
Bəyanatda həmçinin bildirilir ki, bu gün ən əsas məsələ “pravoslavların vəhdətinin qayğısına qalmaqdır”.
Gürcüstan Patriarxlığı ruhaniləri təmkinə dəvət edib:
“Ukrayna Kilsəsinə Tomas təqdim olunması bütün pravoslav dünyasında – həm dünyəvi, həm kilsə çevrələrində ziddiyyət doğurub. Bizdə də ayrı-ayrılıqda doğru bildiyi mövqeyi müdafiə edən iki tərəf üzə çıxıb”, – bəyanatda deyilir.