“Konkret təkliflər var”. Əliyev və Lavrov sərhədlərin delimitasiyası məsələsini müzakirə ediblər
Azərbaycan prezidenti İlham Əliyevin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə tərəflər Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması məsələsini müzakirə ediblər. Həmçinin iki ölkə arasında sərhədlərin delimitasiyası da müzakirə olunan məsələlər arasında olub. “Konkret təkliflər var”, – Lavrov qeyd edib.
- Rusiya və Azərbaycan arasında pomidor-alma müharibəsi davam edir
- “Biz Türkiyə və Rusiya ilə müttəfiqlik arasında fərqi anlayırıq” – Bakıdan şərh
- “Rusiya ağlını itirmiş yaralı ayıdır” – Bakıdan şərh
Rusiyanın xarici işlər naziri Sergey Lavrov işgüzar səfərlə Bakıdadır. O, İranda İran İslam Respublikasının rəhbərliyi ilə görüşdükdən sonra Azərbaycana gəlib.
Cümə axşamı Azərbaycan paytaxtına enər-enməz Lavrov ölkə prezidenti İlham Əliyevlə görüşüb.
Əliyev nəyə diqqət çəkib?
RF XİN rəhbəri ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, ölkəsinin mövqeyi “regionda uzun müddətli sülhün qurulmasına yönəlib”.
“Əminəm ki, göstərdiyimiz səylər Ermənistan tərəfindən də müsbət qəbul ediləcək və çoxillik qarşıdurmaya son qoyulacaq. Sülh müqaviləsi üzərində işə başlamaq barədə bizim təklifimiz hələlik cavabsız qalır, lakin biz hələ ümid edirik ki, bu təklif müsbət qəbul ediləcək”, – Əliyev bildirib.
Azərbaycan lideri Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi altında üçtərəfli işçi qrupun fəaliyyətinə də toxunub və onu müsbət adlandırıb.
“Ümid edirik ki, 2020-ci il noyabr Bəyannaməsinin implementasiyası məqsədilə məhz kommunikasiyaların açılması, Azərbaycan yüklərinin və vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına maneəsiz çatdırılmasının təmin edilməsi kontekstində də praktiki addımlar atılacaq. Bu, Ermənistan tərəfinin hüquqi öhdəliyidir. Lakin təəssüf ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından ilyarımdan çox keçməsinə baxmayaraq Bəyannamənin həmin bəndi indiyə qədər yerinə yetirilməyib”, – o deyib.
Lavrov nə cavab verib?
“Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var. Razılaşdırılmalı məsələləri biz Ermənistan tərəfi ilə müzakirə edirik. Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək. Ümidvaram ki, bu, tezliklə olacaq”, – Rusiya xarici işlər naziri bildirib.
Həmçinin LavrovAzərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinə toxunub:
“Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var”.
Rusiya XİN rəhbəri həmçinin ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına dəstək olmağa hazır olduğunu bildirib.
“Siz münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsini, gələcək müqavilənin sizin tərəfinizdən təqdim olunmuş müddəalarını xatırlatdınız. Yeri gəlmişkən, biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq”, – o əlavə edib.