Azərbaycanda köhnə avtomobillərin utilizasiyasına hazırlaşırlar: sahibləri əvəzində nə alacaq?
Yaxın zamanda Azərbaycanda köhnə avtomobillərin utilizasiyası proqramı başlayacaq. Hakimiyyət bu yolla əhalini yeni maşınlar almağa stimullaşdırmağa ümid edir. Amma problem ondadır ki, Azərbaycanın özü avtomobil istehsal etmir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi nümayəndəsi Rasim Səttarzadınin sözlərinə görə, hazırda Azərbaycanda avtomobil parkı köhnə maşınlarla doludur.
Hər beş avtomobildən birinin 30-dan çox yaşı var
“Ölkədəki bütün avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur. Maşınların 20 faizi isə ümumiyyətlə 30 ildən çox xidmət göstərib”, – o qeyd edib.
Nazirlik nümayəndəsi qeyd edib ki, vətəndaşlar yeni avtomobillər almalıdırlar, dövlət isə köhnə texnikanın utilizasiyasının qeydinə qalmalıdır. Bu səbəbdən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb və yaxın zamanda işə salınmalıdır.
Hələ məlum deyil ki, Azərbaycan hakimiyyəti sahiblərini yeni maşın almaq məqsədilə köhnə maşınlarını utilizasiya etməyə necə stimullaşdırmaq niyyətindədir.
Ölkə özü avtomobil texnikası istehsal etmir. Xarici markaların (əsasən Çinə aid) avtomobillərinin yığılması ilə məşğul olan bir neçə müəssisə mövcuddur, amma onların istehsal gücü çox azdır.
Sual yaranır, bəs bu məsələ digər ölkələrdə necə həll olur?
“Ehtiyat hissələrinə” ayrılacaq avtomobil üçün 150 avro
Artıq 14 ildir ki, Almaniyada avtomobillərin utilizasiyası haqda qanun qüvvədədir. Bu qanuna əsasən, köhnə maşınların qəbulu məntəqəsi avtomobil sahibinin evindən ən çox 50 kilometr məsafədə yerləşməlidir – “Deutsche Welle” yazıb.
Öz dövrünü sona vurmuş minik avtomobilinin sahibi onu lisenziyalı dəmir qəbulu məntəqəsinə, ya da istehsalçının istənilən avtosalonuna təhvil verə bilər.
Dövlətin özü bu prosesdə heç bir rol oynamır, bütün məsəlləri avtomobil istehsalçıları həll edir. Üstəlik utilizasiya edilən avtomobilin markasından asılı olmayaraq.
Əgər avtomobili ehtiyat hissələrinə ayrılması üçün satmaq mümkündürsə, sahibi 100-150 avro gəlir əldə edə bilər.
Amma Almaniya və Azərbaycanda əhalinin yaşayış səviyyəsini müqayisə etmək ciddi deyil, buna görə də Sovet İttifaqının keçmiş ölkələrindən birinin təcrübəsinə baxaq.
Hökumət yerli markaların alınmasını stimullaşdırır
Rusiyada demək olar ki, 10 ildir köhnə avtomobillərin utilizasiyası proqramı mövcuddur. Dövlət bu proqramda fəal iştirak edir.
Bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.
Məsələn, 2020-ci ildə Rusiya istehsalı olan 120 mindən çox avtomobil satılıb, dövlətin utilizasiya proqramının büdcəsi isə 45 milyard rubl [təxminən 600 milyon ABŞ dolları] civarında təşkil edir.
Hər bir utilizasiya olunmuş minik avtomobilinə görə onun sahibi dövlətdən 50 min rubl [670 ABŞ dolları] alır. Yük maşınına görə kompensasiyanın məbləği 350 min rubla [4670 ABŞ dolları] çatıb.
Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid avtomobilləri almağa həvəsləndirir.
Azərbaycanın hansı yolla gedəcəyini ancaq ehtimal etmək olar.