Kiminlə qürur duyuruq və kimi günahlandırırıq?
Dəmir qapı küçədən düz evin içinə açılır; böyük masa bütün otağı tutur – onun o biri başında yerləşən bapbalaca “mətbəxə keçmək istəyən oturanların arxasından güclə keçməli olur. Masa arxasında İkinci Dünya Müharibəsi veteranları oturub – hardasa beş nəfər. Qalanları Cəmiyyətin üzvləri [Azərbaycan Xalqlarının Həmrəyliyi Cəmiyyəti], Cəmiyyət nəzdində fəaliyyət göstərən “Luç birliyinin ədibləri, əyləncə proqramına rəng qatmağa dəvət olunan skripkalı solğun bənizli qız və oğlan, həm də tədbiri təşkil edən könüllülərdir.
Cəmiyyət əslində ancaq tədbiri keçirmək üçün yer verib. Veteranları 9 may, Qələbə günü münasibətiylə təbrik etmək təşəbbüsünü məşhur fəal Aida Əliyeva irəli sürüb, onun çiyinlərində uşaq sığınacağı və digər xeyriyyəçilik tədbirləri də var. Məhz o və onun dostları olan könüllülər çay mərasimi üçün peçenye alıblar və hədiyyələr hazırlayıblar. Hədiyyələr paketlərdə ərzaq: qarabaşaq, makaron və şəkər idi.
Tofiq Əhmədov
Dəvət olunanlar arasında veteran Tofiq Yaquboviş Əhmədov da var. O, qamətini düz tutub, çoxlu sayda ordenlərini nümayiş etdirir. “İyirmi il Moskvada yaşamışam, orada məni Anatoli Yakovleviç deyə çağırırdılar, – o, gülümsəyərək deyir. Tofiq Yaquboviç bildirir ki, Moskvada qızıl mesenat medalı alıb, sonra da iki il Nyu-Yorkda yaşayıb, orada da ancaq yerli bakılılar olur, kəndçilər yoxdur. “Mən stalinçiyəm, Stalini çox sevmişəm, elə indi də sevirəm, o faşizm üzərində qələbə çalmaq üçün və sənayenin işləməsi üçün hər şey edib, – Tofiq Yaquboviç qürurla deyir. – Siz bunu bilmirsiz, amma müharibə bitən kimi o qiymətləri salmağa başladı.
Ümumilikdə masa arxasında əyləşənlər tez-tez xoşbəxt sovet vaxtlarını xatırlayırdılar. İş orasındadır ki, Azərbaycanda veteranların işləriylə əsasən rus icmasının nümayəndələri və müvafiq təşkilatlar: Rusiya informasiya və mədəniyyət mərkəzi, Rus icması məşğul olur, könüllülər və kilsələr, xüsusən də Bakıda ən qədim kilsə olan Mixail Arxangel kilsəsi kömək edirlər. Rusiya səfirliyi ilə sıx əməkdaşlıq edən Cəmiyyət, xırda ədəbiyyat dərnəkləri və birlikləri əslində rus dilli informasiya məkanının bir hissəsi sayılır. Burada sovet dövrünün həsrəti və Rusiyaya meyl ab-havası hökm sürür, buna görə də bayram süfrəsi arxasında İkinci dünya Müharibəsini bir neçə dəfə Rusiyada olduğu kimi, Böyük Vətən Müharibəsi adlandırırlar.
Valentin Kononov
Daha bir veteran, 1928-ci il təvəllüdlü Valentin Yefimoviç Kononov müharibə vaxtı arxa cəbhədə çalışıb. “Mən Xəzər Gəmiçiliyində işləmişəm, Astraxana neft daşıyırdıq, ordunu yanacaqla təmin edirdik. Almanlardan qorunmalı olurduq.
Yunkerslər üstümüzə hücum edirdi, belə bir vəziyyətə düşürdük, gedirik, arxamızca da yedəkdə yanacaq gəlir. Bu zaman da onlar başımızın üstündən keçir, biz də manevr edə bilmirik, almanlar üçün hədəfə çevrilirik.
Elə bir qorxu yaşamamışam, amma az adamın gördüyü və hətta təsəvvürünə gətirə biləcəyi bir an olub – dənizin yanması. Almanlar zavodu bombaladılar, yanacaq töküldü və alışdı. Bu yanan suyu külək üstümüzə qovurdu və hardasa iki yüz metr qalmış istiqamətini dəyişərək, alovu bizdən uzaqlaşdırdı.
Valentin Yefimoviçin 93 yaşına qədər yaşamış atası “SMERŞdə xidmət edib, veteran danışır. Gənc dinləyicilərdən az adam “SMERŞin bilavasitə Stalinə tabe olan və sovet ordusunda “təmizliyə baxan, başqa sözlə Stalin repressiyalarının icraçı qurumu olduğunu bilir.
Təmtəraqlı nitqlərdən sonra özfəaliyyət zamanı çatdı: pianino və gitaranın müşayiəti ilə mahnılar, skripkada ifa, xülasə hərə əlindən gələni edirdi. Çayı lazımsız mebellə dolu bapbalaca mətbəxdə elektrik samovarından süzürdülər. Ümumilikdə tədbir “ərzaq hədiyyələrinin paylanmasından sonra yaşanan kiçik insidenti nəzərə almasaq, uğurla keçdi: məlum oldu ki, kimsə iki paket götürdüyünə görə, kiməsə hədiyyə çatmayıb.
Dövlətin də veteranları təbrik etməklə bağlı qərarı isə sevindirici idi: bu il onlara 1000 ($670) manat, mərhum veteranların xanımlarına isə 500 ($335) manat veriblər. Ötən il bu məbləğ müvafiq olaraq 500 və 300 manat idi.
Yerdə qalan 364 gün
Rəsmi məlumata görə, Azərbaycanda təqribən 1200 İkinci Dünya Müharibəsi veteranı yaşayır. Veteranlar ancaq döyüş meydanlarında olanlar deyil, həm də arxa cəbhədə işləyənlər, almanlar tərəfindən işğal olunan regionlardan olan repatriantlar, düşərgələrdə olanlar, əmək veteranları da sayılır. Veteranların işlərinə baxan Veteranlar Şurası da mövcuddur.
Veteranlar Qələbə Günündən başqa, qalan 364 günü necə yaşayırlar? Onların pensiya təminatı fərqlidir; Bakı Hava Hücumundan Müdafiə Dairəsinin Müharibə Veteranları Şurasının sədri və Mixail kilsəsi nəzdində sosial xidmətin rəhbəri Aleksandr Antropovun sözlərinə görə, bölgü belədir: misal üçün, pilotlar 1000 ($669) manata yaxın; sıravilər minimal təqaüd – 160 ($107) manatdan до 300-380 ($200-255) manata qədər ala bilər.
Qanunvericiliyə gəlincə, 3 dekabr 1992-ci ildə BMT Baş Assambleyasının 46-cı sessiyası əsasında Azərbaycanda imtiyazlar ala bilən insanlar dairəsini, həm də veteranlar şurasının fəaliyyətini müəyyən edən qanun qəbul edildi.
2006-cı ildə qanuna dəyişikliklər qəbul edildi – imtiyazlar veteranlara birdəfəlik ödənişlərlə əvəz olundu.
Yeri gəlmişkən, bu qanunun 12-ci maddəsinə əsasən, veteranlara İcra Hakimiyyətləri tərəfindən kommunal xidmətlərin, telefon danışıqlarının ödənilməsi üçün yardım edilməlidir. Müalicə, protezləmə və dərmanlar, kurort və sanatoriyalarda istirahətin təmin edilməsi üçün yardım edilməlidir. Amma Aleksandr Antropovun sözlərinə görə, veteranlara hər hansı ödənişlər edilmir, heç bir yardım yoxdur, bütün kommunal ödənişləri onlar özləri edir, müalicə də pulludur: “Pul varsa. Get müalicə olun, dərman al, yoxdursa ayağını uzat, öl!.
Bununla belə, dövlət vaxtaşırı olaraq kifayət qədər geniş jestlər də edir, 2012-ci ildə 695 veteran yeni NAZ-Lifan [yerli istehsal maşınları], daha 45 nəfər isə yeni mənzil aldı.
Ailələri olmayan tənha veteranlar pensiyadan pensiyaya, könüllülərin ümidinə yaşayırlar. Amma onlar ancaq maddi ehtiyacdan deyil, həm də tənhalıqdan əziyyət çəkirlər. Buna görə də yaşlarına, xəstəlik və yorğunluğa baxmayaraq, həvəslə onlar üçün təşkil olunan tədbirlərə gedirlər.
Adelya Ağakişiyeva
Adelya Heydərovna Ağakişiyevaya bayramlara getmək getdikcə daha ağır olur. Onun 87 yaşı var. Bakının mərkəzindən bir qədər aralıda yerləşən Bayıl rayonunda, əşyalarla dolu kiçik evdə yaşayır. Adelya Heydərovnanın ayaqları ağrıyır, əsa ilə gəzir, öz-özünə qulluq etməyə daha gücü yoxdur. Bununla belə, qara gözlərindəki ifadədən illərin iti ağlını əlindən almadığını anlamaq olur.
Adelya xanım (və ya hamının onu adlandırdığı kimi, Ada xala) Naxçıvandandır. 1941-ci ildə o, texnikumu bitirir, feldşer kursuna gedir, komsomol komitəsinin sədri olub. “1942-ci ildə məni kommunist partiyası vilayət komitəsinin katibi çağırıb, Stalinin bütün döyüş qabiliyyətli gənclərin hərbi əməliyyatlara cəlb edilməsi haqda əmrini oxuyur.
“Sənə bir şey deyim, indi “Mən könüllü getdim! – deyənlər çoxdur. İnanma onlara! Heç kim könüllü getmirdi, hamını ərizə yazmağa məcbur edirdilər. Bax belə zamanlar idi! Dedilər və hamı yığışdı! Ta indiki kimi deyildi, hər şey qarışıb, insanlar bir-biriylə döyüşür. Təəssüf ki, indi Stalin yoxdur.
1942-ci ildə Adelyanı cəbhəyə tibb bacısı olaraq göndərdilər: “Bizimlə həkim Məmməd və daha bir tibb bacısı Həcər də getdilər. Həkim üstümüzdə əsirdi, qorumağa çalışırdı.
Rəhmdil Adelyaya tibb bacısı işləmək çox ağırıydı: “Bir gün kürəkləri yanmış iki pilot gətirdilər. Həkim əlimə qayçı ilə pinset verib: “Yanan dərini kəs, – dedi. Kəsirəm, gözlərimnənsə yaş axır. Sonra da həkim məni danladı: “Başa düşmürsən ki, müharibədəsən? Burada ağlamaq olmaz! Öyrəşmək lazımdır!.
Adelya xanım deyir ki, televizorda Qələbə Paradını göstərəndə, hələ də gözlərindən yaş axır: “Bacımın yoldaşı müharibədə həlak olub. O da bir uşaqla tək qaldı. Ölənə qədər ərinin yasını tutdu; onun cəbhə məktublarını qarşısına töküb, ağlayır. Özüm də bu məktublardan bir neçəsini oxudum, daha bacarmadım, ürəyim parçalanırdı…
Adelya xanımın şəxsi həyatı alınmadı. “Ailəm çox mühafizəkar idi. Atama müharibəyə getdiyimi sonuna qədər demədilər. Anam onu aldatdı ki, tibb bacısı təhsili almağa getmişəm, hansısa rayonda işləyəcəm. Əvvəlcə, məni 1943-cü ildə Ukrayna cəbhəsinə göndərənə qədər evə tez-tez gəlirdim. Anam hər dəfə mənə deyirdi: “Evə formada gəlmə. Orduda mənimlə evlənmək istəyən çoxuydu, əsasən də ruslar idi, amma hamısına rədd cavabı verirdim, təhsilimi davam etdirəcəyimi deyirdim. Əslində isə sadəcə rusa ərə getmək istəmirdim. Bir dəfə tibb bacısı Həcərlə oturmuşduq, o da mənə deyir: “Cəbhədə olduğumuzu heç kimə deməyək, yoxsa bizə fahişə kimi baxacaqlar.
Adelya xanım Ukrayna, Belarus cəbhəsində də olub, Çexoslovakiyanı, Polşanı keçib. Mayın 8-də onların bölməsi Drezdendə idi, 9-da isə onları Berlinə göndərdilər. “Yadımdadır, qalib gəldiyimizi eşidəndə, yerə oturdum, ayaqlarımı uzatdım və ağlamağa başladım. Ətrafda hamı ağlayırdı – əsgərlər, zabitlər, oğlanlar, qızlar. Sonra da Reyxstaqa tərəf getdik. Mən balaca boylu idim, məni əllərinə qaldırıb dedilər: “Al, sən də pillələrdə öz adını yaz!. Yazmadım, adımın düşmən torpağında yazılmasını istəmədim, – Adelya xanım danışır.
Adelya xanım maddi ehtiyacının olmadığını deyir. 300 manat ($200) pensiya və 100 ($67) manat “prezident təqaüdü alır. Onu daha çox narahat edən ehtiyac deyil, məmur özbaşınalığıdır: “Sosial Müdafiə Fondunun əlillik haqqında çıxarışında mənə əlilliyin səbəbini ümumi kimi yazıblar. Əslində isə “Böyük Vətən Müharibəsi Veteranı yazmalıydılar. Suallarıma heç bir cavab verən olmadı.
Adelya Ağakişiyeva
“Вечерняя Москва qəzetinin 9 may 1945-ci il buraxılışı. “Hitler Almaniyası darmadağın edilib
Versiyalar
İkinci Dünya Müharibəsi hadisələrinin yenidən qiymətləndirilməsi asan məsələ deyil. Azərbaycan dərsliklərinin rəsmi versiyası belədir: İkinci Dünya Müharibəsi xalqımızın şərəfli qələbələrindən biridir. Sovet Azərbaycanının təxminən 600 min sakini müharibədə iştirak edib, azı 300 min həlak olub. Bakıdan Astraxana həmin o 14 yaşlı Valentin Kononovun müşayiət etdiyi neft isə sovet ordusunun yanacaqla təmin olunmasında həlledici rol oynayıb.
Sosial şəbəkələr isə mayın 9-da bu məsələ ilə mütləq şəkildə, il boyu da epizodik olaraq məşğul olurlar, amma burada İkinci Dünya Müharibəsi mübahisədə arqument kimi çıxış edir. Bu mübahisələrdə dərsliklərdə rast gəlməyəcəyiniz maraqlı faktlar öyrənmək olur, misal üçün, demə həmin o Azərbaycan neftini o vaxtlar Almaniyanın müttəfiqi olan Sovet İttifaqı ona düz 1941-ci ilə qədər göndərib.
Rəsmi versiyadan kəskin fərqlənən daha bir versiya var. İş orasındadır ki, hansısa xilaskar hərəkat mövcud olub: xaricə üz tutan ziyalılar, Birinci Azərbaycan Respublikasının varisləri onu Rusiyadan azad etmək istəyir və bilərəkdən Üçüncü Reyxstaqla əməkdaşlıq edirdilər.
“Belə çıxır ki, Azərbaycan xalqına qarşı törədilən çoxsaylı cinayətlərə görə birbaşa məsuliyyət daşıyan sovet rejimi uğrunda döyüşən insanlar avtomatik olaraq qəhrəman olur. 30-cu illərdə repressiyalar zamanı minlərlə azərbaycanlının ölümünə, millətin ən dəyərli nümayəndələrinin məhvinə bais olan rejimə qarşı mübarizə aparan əsl vətənpərvərlə isə Vətən xainləri olur?! – tarix elmləri doktoru Aydın Balayev öz məqaləsində yazır.
Brest qalasının müdafiəçisi haqqında ürək ağrıdan hekayənin altında azərbaycanlı istifadəçilərdən biri yazır: “İmperiyaların davasında qurban olmaqda heç bir igidlik yoxdur. 2016-cı ildə Qələbə Günü şəbəkələrdə sakit keçdi: insanlar sanki geosiyasət haqqında mübahisələrdən bezərək, bir-birinin ardınca cəbhədə döyüşən babalarının əhvalatlarını dərc edirdilər (belələri isə Azərbaycanda hər bir ailədə var). Bununla belə, son zamanlar, Rusiyada imperiyanın əzəməti mövzusu vaxtaşırı gündəmə çıxan bir vaxtda Azərbaycanda ölkənin Sovet Rusiyasının müstəmləkəsi kimi nələri itirdiyi və nələri qazandığı barədə düşünməyə başlayırlar.
Bir çoxlarının Putin Rusiyasının aqressiyasının simvolu hesab etdikləri Georgi lentləri ayrıca bir mövzudur. Putinin piar mütəxəssisləri bu lenti İkinci Dünya Müharibəsinin “rebrendinqi üçün götürməsi və ən əsası da hansı məqsədlə bunu etməsi ətrafında qızğın mübahisələr gedir. Putin siyasətinin, imperiyanın dirçəlməsi və Azərbaycanın “böyük qardaşın yanına qayıtması tərəfdarlarını yerdə qalanlar nifrətlə “xivi adlandırır – İkinci Dünya Müharibəsi zamanı Almaniyanın tərəfində döyüşən sovet vətəndaşlarını belə adlandırırdılar.
Kommunistlər
Müharibədə qələbəni siyasi partiyanın xeyrinə arqument kimi də istifadə etmək olar. Misal üçün, Azərbaycanın kommunist partiyası mayın 9-da məmnuniyyətlə veteranları təbrik edir, eyni zamanda da gənclərlə təşviqat işi aparır.
Faşizm üzərində qələbənin monumenti yanında Kommunist partiyası nümayəndələri bu il Georgi lentlərini paylayır, bayraq dalğalandırır və veteranları təbrik etməyə gələn bir neçə tələbəyə öz mövqelərini izah edirdilər. Tədbir artıq bitmək üzrəydi, veteranlar məmnuniyyətlə müsahibə adı ilə jurnalistlərlə səmimi söhbətlər edir, kommunist yığıncağı keçirilən tərəfdən isə “kapitalizm, “kommunizm, hətta “Züqanov sözləri eşidilirdi. Sonra da məlum oldu ki, Rusiya Kommunist Partiyasının rəhbəri olan Züqanovu örnək kimi göstərilirdi.
Gülnisə Maksimova, Azərbaycan Kommunist Partiyasının rəhbəri
Polkovnik Süleyman Abbasov öz sənətinə sadiq qalıb – hərbi dərsi tədris edir
Mayor Rafiq Hüseynovun 40 il müəllimlik stajı, iki ali təhsili var, indiki zəmanədə alimlik dərəcəsinin mütləq olduğunu hesab edir
Ağasəməd Əmirbəyov bu il Qələbə Gününə qədər sağ qalmasa qızından bayrama onun medallarını taxıb, getməyi xahiş edib. O da atasının xahişini yerinə yetirdi.
Ən qəmgin hekayə
Veteranların hekayələri arasında ən qəmgin hekayə isə Sofya Vasilyevna Sokolovanın hekayəsidir.
Onun Rusiyanın Smolensk vilayətindəki Krutoye kəndindən Bakıdakı darısqal mənzilə qədər yolu faşist düşərgələri, ağır iş və Stalin Rusiyasında xalq düşməni statusundan keçib.
Onun 17 yaşlı qardaşını faşistlər düşərgəyə hərbi əsir kimi aparıblar. Sonra da, 1943-cü ildə onun arxasınca gəldilər. Sofyanın onda 16 yaşı varıydı. “O vaxtlar bir çox yeniyetmələri evlərindən, bütün qonşu kəndlərdən aparırdılar, hər yerdən anaların fəryadı eşidilirdi. Müqavimət göstərənlər cəzasını yerindəcə alırdı: ya qundaqla dişlərini vurub sındırırdılar, ya da dəyənəklə.
Hərbi əsirləri cərgə ilə düz Belorussiya SSR-na qədər apardılar. “Yollarda biz qar yığınlarını təmizləyirdik, yerlərdə isə artıq torpaq işlərini görür, səngər, tank əleyhinə bunkerlər qаzırdıq. Müharibədən xatirə olaraq ona iki qəlpə yarası qalıb – ayağında və əlində.
“Belə qidalanırdıq – taxta qırıntıları ilə çörək bişirirdik. Buna görə də hamının mədəsi və qara ciyəri ağrıyırdı, oradan xilas ola bilən hər kəs xəstədir, mən bu gün də pəhrizlə qidalanmalıyam, – o danışır. – Ən ağır vaxtları qışda, meşədə olub – ayaqlarımızda çəkmə əvəzinə taxta kündələr varıydı, ayaqlarımız donurdu, amma onları ocağın yanında isidə bilmirdik, taxta dərhal alışmağa başlayırdı. Sokolovanın dizlərindəki bu gün də incidən ağrı həmin o kündələrdən xatirədir.
Qələbədən sonra həyatları yüngülləşdimi? Sofya kolxozda işləməyə başladı, qardaşını tapdı. “Dəhşətli aclıq varıydı. İnsanlar acından şişirdilər. Bəzən olurdu ki, təmiz taqətdən düşürsən, uzanırsan tarlanın ortasında, yanında da turşəngin bitdiyini görürsən, onu qoparıb, başlayırsan yavaş-yavaş çeynəməyə.
Nə heyvan varıydı, nə də maşın, insanlar taxılla kisələri də, arabaları da özləri daşıyır, kotan və dırmıxla torpaq becərirdilər.
Sənədləri yoxuydu – Stalin işğal olunmuş ərazilərdə yaşayan hər kəsi xalq düşməni elan etdi: “Biz nə etməliydik axı? Əgər döyüşçülər belə torpağı saxlaya bilmədilərsə, biz – qocalar, qadınlar, uşaqlar nə edə bilərdik ki?. Hazırda Sofya Vasilyevna minumal pensiya – 170 manat alır, düşərgələrdə olan repatriantlar da veteran sayılsa da, o öz statusunu sübut edə bilmir.
Demək olar ki, könüllülərin köməyi hesabına yaşayır. Heyrət doğuran odur ki, bu gülərüz qadın həyatından şikayət etmir: “Hər şey yaxşıdır, bir az ayaqlarım ağrıyır.
Hekayənin faciəviliyi isə ondan ibarətdir ki, müharibə Sokolovanın təkcə bütün gəncliyini və sağlamlığını deyil, həm də qəhrəmanlıq əfsanəsi arxasında müharibədən gizlənmək imkanını da əlindən alıb.
Sofya Sokolova
Dərc edilib: 2.06.2016