“Kim daha çox xərcləyər” yarışının finalı
Televizoru olmayan 9% amerikalı ancaq bu günün xətrinə onu almaq qərarına gəlir, sonra da ya satır, ya da kiməsə bağışlayır. Bu gün 310 milyon şüşədən çox pivə satılır, onunla birlikdə də 15 min ton çips, 415 milyon toyuq qanadı yeyilir. Bu, minlərin və milyonların paradına mən 2015-ci ildə Arizonada qoşuldum. Burada Super Bowl adlanan Amerika futbolu üzrə milli liqanın finalı keçirilirdi.
Axşamlar Arizona səmasında təyyarələrin yerə enmək üçün sözün hərfi mənasında növbəyə dayandığını görürdüm. Səhərlər isə xəbərlərdə oxuyurdum ki, Arizona ştatının paytaxtı olan Feniksə çarter reysləri ilə Elton Con, Kim Kardaşyan gəlib. Onlarla qonşu kreslolara biletlər əldən 20-50 min dollara satılırdı. Adi bileti 4400 dollara almaq olardı, amma bu “başlanğıc” qiymət idi.
Super Bowl Amerikanın yoxsulluqdan əsər-əlaməti olmayan bütün təmtərağını nümayiş etdirirdi. Oyun ərəfəsində küçəyə çıxanda “doğma” Feniksdə azırdım: küçələr ticarət və əyləncə mərkəzlərinə çevrilib, binaları reklam plakatları örtüb, səki və keçidlərlə ateist aqnostik, abort tərəfdarlarının və təbii ki, onlara qarşı çıxanların, ümumiуyətlə hamının nümayişləri keçirilirdi.
Bütün bunları öz gözlərinlə görəndə statistikanı da anlayırsan: 19% yaxın adamının dəfn mərasimində iştirak etməyib, 15% doğma övladının dünyaya gəldiyi günü ötürüb, bütün bunlar da ilin final oyunu olan Super Bowl-da iştirak etmək üçün edilib.
Amma bütün bunlar da dünya biznesinin hazırlıq işləri ilə müqayisədə heç nədir. Bu il fevralın 5-də Texasın paytaxtı olan Ostində reklamçılar Super Bowl fasiləsində 30 saniyəlik reklamın nümayişi üçün verdiyi pulla yeni bir rekord qoydular. Bütün çarxlar xüsusi olaraq bu gün üçün hazırlanır və bir qayda olaraq, sonra heç vaxt göstərilmir.
“Forbs”un məlumatına görə, bu il 30 saniyənin qiyməti təxminən 5 milyon dollar idi. Elə həmin mənbəyə görə, videonun hazırlanmasına 7 milyon dollar xərclənib. Yəni 12 milyon dollar efirdə olub və yarım dəqiqə ərzində yoxa çıxıb. Həqiqətən də yoxa çıxıb, çünki “Forbs”un məlumatına görə, bu cür reklamın effekti çox zəif olur.
Budweiser markalı Anheuser-Busch pivəsinin Super Bowl-da reklamının nümayişinə son 7 il ərzində 218, 5 milyon dollar xərclənib.
Bu il immiqrant tarixləri olan bir çox şirkətlər ABŞ prezidenti Donald Trampa “cavab verdilər”. Elə həmin Anheuser-Busch-un çarxı immiqrantlara qarşı çıxan hər kəsə klassik “reklam şilləsi” oldu.
Anheuser-Busch-un reklamı
[youtube youtubeurl=”7ZmlRtpzwos” ][/youtube]
“Audi” qadınların əməyinin daha az ödənilməsinə qarşı çıxmayanları “şillələdi”. “Öz qızıma nə deyəcəm” çarxı bütün dünyaya “Audi” ilə birlikdə cinslərin bərabər hüquqluluğu ilə bağlı düşünmək çağırışı etdi.
“Audi”nin reklamı
[youtube youtubeurl=”G6u10YPk_34″ ][/youtube]
Mənzil kirayəsi ilə məşğul olan məşhur “Airbnb” şirkəti bir az da uzağa gedərək, bəyan etdi ki, biznesə müxtəliflik lazımdır. Deyirlər ki, “Biz qəbul edirik” çarxı Trampın ABŞ-a miqrantların girişinin qadağan edilməsi ilə bağlı qərarına cavab oldu.
“Airbnb”in reklamı
[youtube youtubeurl=”5qUTYHnLz2g” ][/youtube]
Beləliklə də Super Bowl auditoriyaya öz fikrini yarım dəqiqəyə çatdırmağın ən yaxşı üsulu oldu. Amerikanın 117 milyon sakininə eyni vaxtda müraciət etmək üçün başqa belə bir imkan yoxdur. Həmin qısa mesajları yayımlayan əsas şirkət olan CBS onlara görə milyonlar alır.
«Harvard Business Review» nəşri açıq xəbərdarlıq edir ki, bu pula efir vaxtının alınması həmin məbləğləri külə döndərən yanğına bərabərdir. Bu cür reklamı sifariş edən şirkətləri nəşr həmişə pis tərəfdən tanınan üzü tatulu qanqsterə bənzədir.
Amerikalı hüquq müdafiəçiləri bu vəsaitin xərclənə biləcəyi minlərlə sahə sadalayır və istehlakçı yanaşmasını da tənqid edirlər, amma bütün bunlar oyundan sonra baş verir. Oyun zamanı isə bütün toplar susur, fasilələrdə reklam nümayiş olunur, əvəzedilməz Ledi Qaqa oxuyur, onun uçuşunu işıqlandırmaq üçün stadion üzərində 40 pilotsuz uçuş aparatı işləyir.
Sözün düzü, bilmirəm bu dəfəki finalda kim oynadı, kim və hansı hesabla uddu. Xərclənən milyonlarla vəsaitlə, Amerika futbolunun mürəkkəb qaydaları və Ledi Qaqanın uçuşu ilə müqayisədə oyunun hesabı tam əhəmiyyətsiz bir şey kimi görünür…