Kataloniya Madridin planını rədd edir və müstəqillik tələb edir
Barselonada etiraz aksiyası müstəqillik uğurunda mübarizə aparan ANC (Kataloniyanın Milli Assambleyası) və Omnium Cutural hərəkatları tərəfindən təşkil olunub. Hazırkı irimiqyaslı aksiyaların əsas səbəblərindən biri iki katalon lideri Jordi Sançes və Jordi Kuşartın həbsidir. 21 oktyabr, 2017. REUTERS/Rafael Marchante
Ən azı 450 min insan şənbə günü, oktyabrın 21-də “Azadlıq və Müstəqillik” şüarları ilə Barselona küçələrinə axışıb.
Kataloniyanın baş naziri Karles Puçdemon bəyan edib ki, region Madridin birbaşa idarəetmə tətbiqi ilə bağlı planını rədd edir. O, bu təşəbbüsü 1939-cu ildən 1975-ci ilə qədər İspaniyada hakimiyyətdə olmuş general Frankonun diktaturası dövründə regionun muxtariyyətinin ləğv edildiyindən bəri katalon dövlətçiliyinə qarşı ən ciddi hücum adlandırıb – BBC xəbər verir.
Katalonların Madrid tərəfindən sıxışdırılmasının rəmzi olan nəhəng qandallar. 21 oktyabr 2017. REUTERS/Rafael Marchante
Bir neçə gün əvvəl İspaniya baş naziri Mariano Raxoy Kataloniya rəhbərlərini hakimiyyətdən uzaqlaşdırmaq və parlamentinin fəaliyyətini məhdudlaşdırmaq niyyətini açıqlamışdı.
[pullquote align=”right”]Kataloniyanın müstəqilliyi ilə bağlı referendum oktyabrın 1-də keçirildi və İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edildi[/pullquote]
Puçdemonun sözlərinə görə, hökumət katalonların demokratik yolla iradə ifadəsinə qarşı çıxır və dialoqdan imtina edir. O, Madridin davranışına cavabı müzakirə etmək üçün regionun parlament sessiyasını çağırmaq niyyətini açıqlayıb.
Avropa İttifaqı vətəndaşlarına ingilis dilində müraciət edən Puçdemon bildirib ki, Kataloniyada “ilkin Avropa dəyərlərinə” qarşı təhlükə yaranıb.