Bakı sakinlərinə ölkənin digər yerlərinə getməyə icazə verilib, amma avtobusla yox
Sentyabrın 8-dən Azərbaycanda karantin rejiminin növbəti yumşaldılması tədbirləri qüvvəyə minəcək. Paytaxt sakinlərinin ölkənin digər hissələrinə səfər etməsinə icazə verilib. Amma şəhərlərarası avtobusların və qatarların hərəkəti hələ də qadağandır.
• Ermənistanda fövqəladə vəziyyət karantinlə əvəzlənəcək. Fərqi nədir və müxalifət niyə etiraz edir?
Azərbaycanın Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin dövründə yumşalmaların tətbiq edilməsi haqda qərar qəbul edib. Sənəddə deyilir ki, ölkədə xüsusi karantin rejiminin tətbiq olunması və vətəndaşların məsuliyyətli davranışı nəticəsində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və yoluxma hallarının sayını azaltmaq mümkün olub.
Beləliklə, 2020-ci il sentyabrın 8-i, çərşənbə günü saat 00:00-dan etibarən aşağıdakı yumşaltmalar qüvvəyə minir:
— ictimai iaşə müəssisələrinə karantin qaydalarına mütləq riayət etməklə 00:00-a qədər xidmət göstərməyə icazə verilir;
— Bakı, Sumqayıt və Abşeron rayonuna giriş və çıxışlara qoyulan qadağa aradan qaldırılır (şəhərlərarası və rayonlararası ictimai nəqliyyat istisna olmaqla).
Bu qərar sayəsində yaşadıqları yerdə qeydiyyatları olmayan paytaxt məktəblərinin şagirdləri şəxsi avtomobilləri və ya taksi ilə Bakıya qayıda biləcəklər. 2020-ci ilin martında əyani təhsil dayandırıldıqdan sonra onların çoxu ölkənin regionlarına getmişdi və Bakıya giriş-çıxışlar bağlı olduğu üçün geri qayıda bilməmişdilər.
2020-ci il iyulun 4-dən Bakıda metro işləmir, istirahət günlərində avtobusların hərəkəti qadağandır.
Son sutka ərzində Azərbaycanda COVID-19 virusuna 137 yeni yoluxma halı qeydə alınıb. Üç nəfər ölüb, 140 nəfər sağalıb və xəstəxanadan evə buraxılıb. Pandemiya başlayandan ölkədə ümumilikdə 37 329 nəfər koronavirusa yoluxub, 548 nəfər ölüb.