Karantin rejimi Ukrayna paytaxtında nəqliyyat kollapsı doğurub
Bu gün Ukrayna paytaxtı nəqliyyat kollapsı ilə qarşılaşıb. Koronovirusun yayılması ilə bağlı tətbiq olunan fövqəladə tədbirlərlə əlaqədar olaraq Kiyevdə ictimai nəqliyyat məhdudiyyətlə işləyir. Metro ümumiyyətlə dayandırılıb. Saat 12-dən etibarən isə Ukraynanın digər şəhərlərinə gedən qatarlar da dayandırılır.
Şəhər hakimiyyətinin qərarı ilə avtobuslara və trolleybuslara yalnız 20, marşrut mikroavtobuslarına isə 10 sərnişin götürməyə icazə verilir. Bütün sərnişinlər maskada olmalıdır.
• Qafqazda koronavirus epidemiyası: region üzrə faktlar və rəqəmlər. Mart 17-18, 2020
Amma əslində bu məhdudiyyətlərə tam əməl olunmur – məsələn, nəqliyyata insanları maskasız buraxırlar, həmçinin sərnişinlərin sayı ilə bağlı məhdudiyyət nəzərə alınmır. Dayanacaqlarda uzun növbələr əmələ gəlir.
Vağzalda da təxirə salınmış reyslərin biletlərini qaytarmaq istəyən insanlardan ibarət növbələr toplanır.
Ukraynada cəmi 16 koronavirusa yoluxma halı qeydə alınıb. İki nəfər ölüb. Martın 12-dən bütün Ukraynada karantin rejimi tətbiq edilib. Bütün təhsil müəssisələri aprelin 3-ə qədər üç həftəlik bağlanıb. Həmçinin ölkədə 200 nəfərdən artıq insanın qatıldığı kütləvi tədbirlər qadağan olunub. Martın 16-dan xarici vətəndaşlar üçün sərhəd bağlanıb, aprelin 3-ə qədər Ukraynanın şəhərləri və vilayətləri arasında aviareyslər, dəmiryolu və avtobus əlaqələri dayandırılıb.