“Azərbaycandan çıxış qadağandır” – onlarla fəal və jurnalistə qarşı səfər məhdudiyyəti
Jurnalistlərin və fəalların ölkədən çıxışına qadağa
Azərbaycanda son 6 ay ərzində jurnalist və vətəndaş cəmiyyəti nümayəndələrinin həbsləri fonunda onlarla ictimai fəalın və media nümayəndəsinin ölkədən çıxışına qadağa qoyulub.
Dövlət Sərhəd Xidməti tərəfindən onların əksəriyyətinə bildirilib ki, ölkədən çıxışlarına Daxili İşlər Nazirliyinin qərarı ilə məhdudiyyət qoyulub. Amma fəallara qərar haqda öncədən məlumat verilməyib. Onlar bu barədə yalnız hava limanında, sərhəd keçid məntəqəsindən keçərkən xəbər tutublar.
- Apellyasiya Məhkəməsi Anar Məmmədlini həbsdə saxlayıb
- Professor Qubad İbadoğluna elektron nəzarət tətbiq edilib
- Azərbaycanda “TikTok” bloklana bilərmi?
İctimai fəal Elgiz Qəhrəman da onlardan biridir.
“19 aprel tarixində mənim Tbilisiyə uçuşum var idi. Hava limanına getdim, pasport yoxlanışından keçəndə mənə bildirdilər ki, ölkədən çıxışıma “stop” qoyulub. Mən də soruşdum ki, onlayn sistemdə heç bir “stop” yoxdur, bu məhdudiyyəti kim qoyub və nə ilə bağlıdır? Onlar dedilər ki, “stop”u DİN qoyub, səbəbilə bağlı isə onlarda heç bir məlumat yoxdur”, – Elgiz Qəhrəman deyir.
Onun sözlərinə görə, səyahət qadağasına görə bilet üçün çəkdiyi xərc “batıb”. Həmçinin məhdudiyyətin qoyulma səbəbilə yanaşı, nə vaxt aradan götürüləcəyi də qeyri-müəyyən olduğundan o, yay üçün planlaşdırdığı istirahəti də təxirə salmalı olub.
Elgiz Qəhrəman ölkədən çıxışına qadağa qoyulandan iki həftə sonra – 4 may tarixində BŞBPİ-nə çağırılıb. Orada şahid kimi dindirildiyini deyən fəal, rəsmi iltizama qol çəkdiyinə görə söhbətin detallarını bölüşə bilmir.
“Baş polis idarəsində mənə məhdudiyyətlə bağlı konkret olaraq səbəb göstərilmədi, sadəcə ölkəni tərk etməməyim barədə şifahi xəbərdarlıq oldu, mən də “stop”dan dolayı istəsəm də tərk edə bilməyəcəyimi dedim”, – deyə, fəal bildirir.
İctimai fəal ölkədən çıxış qadağasını aradan götürmək üçün məhkəməyə müraciət edib. Xətai rayon Məhkəməsi isə 7 aprel tarixində keçirilən prosesdə fəalın şikayətini təmin etməyib. O, bu qərardan apelyasiya şikayəti verməyə hazırlaşır.
“Hər şeyə sıfırdan başlamalı olacağam”
“Hər şeyə sıfırdan başlamalı olacağam”
Ötən ilin noyabr ayında həbs olunan “Abzas Media” müstəqil onlayn nəşrinin direktoru Ülvi Həsənlinin bacısı Nərmin Həsənova da ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslər arasındadır.
Nərmin Həsənova bir neçə ildir ki, Polşada yaşayır. Ülvi Həsənlinin həbsi ərəfəsində o, Azərbaycana doğmalarını görməyə gəlibmiş. Qardaşının həbsindən sonra ölkədən çıxışına məhdudiyyət qoyulduğunu öyrənib:
“Qardaşım həbs olunandan 10 gün sonra sağlamlığımla bağlı müalicə və əməliyyat üçün Türkiyəyə gedib, oradan da evimə – Polşaya yola düşəcədim. Hava limanında sərhədi keçəndən ölkədən çıxışıma məhdudiyyət qoyulduğunu dedilər, başqa heç bir məlumat verilmədi.
Bildirim ki, mənə ölkədən çıxışıma qoyulan qadağa ilə bağlı heç bir bildiriş gəlməyib və yola çıxmazdan əvvəl sistemdə yoxlayanda məhdudiyyət yox idi. Bu məlumatı sərhəd işçilərinə bildirəndə mənə dedilər ki, bəzi “stop”lar sistemdə göstərilmir.
Sonradan məlum oldu ki, bu məhdudiyyət qanunsuz qoyulduğuna görə sistemdə qeyd olunmayıb”.
Nərmin Həsənova artıq 7 aydan çoxdur ki, Polşaya qayıda bilmir. Deyir, səyahət qadağası onun həyatını alt-üst edib. Müalicəsi yarımçıq qalıb, Polşadakı işini itirib.
“Bütün bunlar gələcəyimi sual altında qoyur. Bütün planlarım alt-üst olub. Qadağanı bu gün qaldırsalar və mən evimə qayıtsam belə, orda illərlə qurduğum düzəni tapmayacam, artıq müəyyən şeyləri itirmişəm. Hər şeyə sıfırdan başlamalı olacağam”, – deyə Həsənova bildirir.
O, ötən 5 ay ərzində İnsan Hüquqları üzrə Ombudsmana, DİN-ə, habelə bir sıra dövlət qurumlarına yazılı müraciətlər edib, qoyulan qadağanın səbəbini və nə zaman götürüləcəyini öyrənməyə çalışıb. Bu müddətdə bir dəfə BŞBPİ-də “Abzas Media işi” üzrə 4 saata yaxın şahid qismində ifadə verib. İdarədə olarkən ona qoyulan məhdudiyyətin səbəbini soruşub, amma yenə cavab ala bilməyib.
Bu günlərdə ona ölkədən çıxışına qoyulan məhdudiyyətlə bağlı BŞBPİ-nin Cinayət-Axtarış İdarəsindən cavab gəlib. Cavabda onun ölkədən çıxışına qoyulan qadağanın səbəbi aydın qeyd edilməsə də, məhdudiyyətin 2023-cü ilin noyabr ayında 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) maddə ilə başladılan cinayət işi ilə əlaqədar olduğu yəqinləşib. Amma məktubda Həsənovanın qeyd edilən cinayət işilə nə əlaqəsi olduğu və ölkədən çıxışına qadağanın konkret nəyə görə qoyulduğu qeyd edilməyib.
Nərmin Həsənova qadağa ilə bağlı tezliklə məhkəməyə şikayət edəcəyini bildirir.
Vətəndaşın ölkədən çıxışına hansı halda qadağa qoyula bilər?
Vəkil Fariz Namazlı JAMnews-a bildirib ki, şəxslərin ölkədən getmək hüququna məhdudiyyət Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada və yalnız aşağıdakı hallara əsasən tətbiq edilə bilər:
- Barəsində cinayət işi qaldırıldıqda və ya hər hansı qətimkan tədbiri seçildikdə;
- Məhkum edildikdə;
- Barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə;
- Şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə;
- Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda;
- Müddətli həqiqi hərbi xidmətə çağırıldıqda;
- Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
- Maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qüvvəyə minmiş məhkəmə qərarı olduqda ;
- Beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı.
“Bu məhdudiyyətlər tamamilə qanunsuzdur”
Fariz Namazlı bildirir ki, sadaladığı hallar xaricində heç bir vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyula bilməz.
“Qanunvericiliyin tələblərinə görə, hər hansı istintaq zəruriyyəti ilə əlaqədar yalnız şübhəli və ya təqsirləndirilən şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilər, cinayət prosesi iştirakçısı olan digər şəxslər, o cümlədən şahidlərin bu hüququ məhdudlaşdırıla bilməz. Hazırda BŞBPİ-də istintaqı aparılan cinayət təqibi ilə bağlı şahidlərə tətbiq edilən bu məhdudiyyətlər tamamilə qanunsuzdur”, – vəkil bildirir.
Fariz Namazlının sözlərinə görə ölkədən çıxışına qeyri-qanuni qadağa qoyulduğunu hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.
“Onlara bu məhdudiyyəti məhkəmə deyil, istintaq orqanı özü tətbiq edib. Ona görə də istintaq orqanına qarşı məhkəməyə şikayət verə bilərlər.
Qeyd edim ki, bir neçə il əvvəl də analoji hallar baş vermişdi, “Meydan TV” və QHT-lərinin fəaliyyəti ilə bağlı aparılan cinayət işi üzrə şahid qismində dindirilən xeyli sayda şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılmışdı. Həmin vaxt bu şəxslərin yerli məhkəmələrə şikayətlərinə mahiyyəti üzrə baxılmadığından onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Avropa Məhkəməsi 13 dekabr 2018-ci il tarixli “Mürsəliyev və başqaları Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi qərarında bu şəxslərin bir qisminin sərbəst hərəkət etmək azadlığı hüququnun pozulmasını tanıdı”.
“Bu, açıq havada həbs həyatı yaşamaq kimi idi”
Azərbaycanda jurnalist və fəalların ölkədən çıxışına qadağa qoyulması ilk dəfə yaşanmır. Yaxın illərin xronologiyasına nəzər yetirdikdə belə məhdudiyyətlərin tez-tez yaşandığını, hətta kütləvi hal aldığını görmək mümkündür.
2015-ci ildə “Meydan TV”yə cinayət işi qaldırıldığı zaman media qurumuna on nəfərdən çox əməkdaşının ölkədən çıxışına qadağa qoyulmuşdu.
“Mən də ölkədən çıxışıma qadağa qoyulduğu haqda İsveçə gedərkən öyrəndim və aeroportdan geri qaytarıldım. Mənə bu haqda əvvəlcədən heç nə deyilməmişdi. Heç hava limanında hansı qurum tərəfindən qadağa qoyulduğunu da söyləmədilər. Dövlət Sərhəd Xidmətinə, Baş Prokurorluğa, DİN-ə yazdıq. Vəkillərlə birgə uzun mücadilədən sonra öyrəndik ki, qadağa Baş Prokurorluq tərəfindən qoyulub. “Meydan TV”nin fəaliyyəti ilə bağlı cinayət işi də bu qurum tərəfindən açılmışdı, – “Meydan TV”nin redaktoru Aynur Elgünəş deyir.
Jurnalistin sözlərinə görə, səyahət qadağası həm də bir növ mənəvi təzyiq vasitəsi kimi istifadə edilən üsuldur.
“Bu, açıq havada həbs həyatı yaşamaq kimi idi. Səhhətimdə problemlər olduğu üçün mənə daha pis təsir edirdi. Əməliyyatım gecikdi, nəticədə uzun müddət ağrılarla yaşamalı oldum. Bu qadağa daha çox psixoloji təsir etmək üçündür və edir də”, – Aynur Elgünəş bildirir.
O, “Meydan TV”nin digər əməkdaşları ilə birgə məhkəməyə müraciət etsə də, yerli instansiyalar onların şikayətlərini təmin etməyib.
“Bundan başqa, Baş Prokurorluğun İstintaq İdarəsinin önündə aksiyalar keçirdik, online aksiyalar təşkil etdik. Beynəlxalq təşkilatlara yazırdıq, xarici mediaya müsahibələr verirdik. İşimiz Avropa Məhkəməsinə qədər getdi. Nəhayət, nəticəsi oldu”.
Dörd il davam edən mübarizədən sonra Aynur Elgünəş vədigər həmkarlarının ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb.
Ötən ilin sonundan etibarən ölkədən çıxışına qadağa qoyulan jurnalistlərin və fəalların öz hərəkət azadlıqlarına nə zaman qovuşacaqları isə məlum deyil.