Jurnalist Pavel Şeremetin qətli
Pavel Şeremet iyulun 23-də Minskdə dəfn edildi. Onun həyatının son illərini Kiyevdə yaşamasına və iyulun 20-də burada qətlə yetirilməsinə baxmayaraq, yaxınları onun Minskdə dəfn olunmasını istədilər.
İstintaq jurnalistin qətlinin altı versiyasını nəzərdən keçirir. Bu haqda “112 Ukrayna telekanalının efirində Ukrayna Təhlükəsizlik Şurası rəhbərinin müşaviri Yuri Tandit bildirib. İstintaqa görə, dəhşətli cinayətin motivi Ukraynanın dövlət təhlükəsizliyinə qarşı xüsusi əməliyyat ola bilərdi.
112 telekanalı Kiyev Prokurorluğunun mətbuat katibi Nadejda Maksimetsə istinadən deyib ki, versiyalardan birinə görə, ola bilsin, Şeremetin həyat yoldaşının, “Ukrainskaya pravdanın redaktoru Alyona Pritulun qətli planlaşdırılmışdı ki, əslində Pavel Şeremetin içində həlak olduğu, partladılan maşın da ona məxsusuydu.
Eyni zamanda İnterfaks-Ukrayna agentliyi bildirir ki, əsas versiya kimi Pavel Şeremetin peşəkar fəaliyyəti ilə bağlı sifarişli qətli nəzərdən keçirilir. Bu zaman o həmkarı Anton Qeraşenkonun sözlərini təkrar edərək qeyd edib ki, müstəntiqlər bəzi Rusiya qüvvələrinin cinayətlə əlaqəsini də istisna etmirlər.
“Novaya qazetanın məlumatına görə, Şeremet izləndiyindən şikayət edirdi. Dostlarının sözlərinə görə, Pavel və xanımı “Ukrainskaya pravdanın baş redaktoru Alyona Pritul dəfələrlə nəzarət altında olduqlarını hiss etdiklərini deyiblər.
Maşında partlayıcı qurğu işə düşdü
44 yaşlı Belarus jurnalisti Pavel Şeremet iyulun 20-də avtomobilin partlaması nəticəsində həlak olub. O, “Ukrainskaya pravdada işləyirdi.
Şeremetin maşını “Vesti radiosuna veriliş yazmaq üçün gedərkən, evindən 500-600 metr aralıda partladı. Partlayıcı qurğu sürücü oturacağının altına quraşdırılmışdı. Partlayışdan sonra maşın yanmağa başladı.
Ukraynanın “Obozrevatel nəşri küçədəki müşahidə kamerasının yazısını yaydı. Burada maşının partlaması anı göstərilir. Milli polis qüvvələrinin rəhbəri Xatiya Dekanoidzenin sözlərinə görə, istintaqda Ukrayna polisi və təhlükəsizlik xidməti ilə yanaşı ABŞ-ın FTB mütəxəssisləri də iştirak edir.
Müstəntiqlər hazırda Şeremet və Pritulun (mərhumun vətəndaş nikahında olan yoldaşının) evində, maşının cinayətdən əvvəl gecə olduğu avtomobil dayanacağında işləyirlər. Pavel Şeremetin ölümü ilə bağlı yenilənən informasiya ilə ru.hromadske.ua vebsaytında tanış ola bilərsiz.