Jurnalist Əfqan Muxtarlı Tbilisidə oğurlanandan 4 il sonra zərərçəkən kimi tanınıb
2017-ci ilin mayında Tbilisidə oğurlanan və Azərbaycan hakimiyyətinə təhvil verilən azərbaycanlı jurnalist Əfqan Muxtarlı 2021-ci il aprelin 22-də zərərçəkən statusu alıb. Jurnalist Azərbaycan hakimiyyətinə qarşı kəskin tənqidlərilə məşhurdur və oğurlanandan sonra üç ilə yaxın Azərbaycanda həbsdə saxlanılıb.
Bu işin kvalifikasiyası da müəyyən olunub. Əgər indiyə qədər araşdırma qanunsuz azadlıqdan məhrumetmə maddəsi üzrə aparılırdısa, indi Gürcüstan Cinayət Məcəlləsinin əvvəlcədən sövdələşmiş bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etməni nəzərdə tutan 143-cü maddəsinin 3-cü hissəsi üzrə araşdırılacaq. Bu cinayətə görə yeddi ildən doqquz ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Əfqan Muxtarlı oğurlanması ilə bağlı aparılan araşdırmada iştirak etmək üçün 2021-ci il aprelin 7-də Almaniyadan Gürcüstana gəlib. Daha əvvəl 2020-ci ilin oktyabrında azərbaycanlı jurnalist Almaniyadan Gürcüstana gəlmək istəmişdi. Amma Gürcüstan konsulluğu lazımi sənədlərinin olmamasını səbəb gətirərək onun gəlişinə icazə verməmişdi.
Aprelin 9-da Əfqan Muxtarlı prokurorluqda dindirilib, aprelin 15-də isə istintaq eksperimenti keçirilib. Əfqan Muxtarlı Tbilisidə oğurlandığı yeri və Laqodexiyə aparıldığı yolu müstəntiqlərə göstərib.
- Əfqan Muxtarlı: “Biz Gürcüstan hakimiyyətinin mənim oğurlanmağıma görə rüşvət aldığı haqda danışdıq”
- Azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstan hakimiyyətini məhkəməyə verib
Əfqan Muxtarlının işi
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı vətənində təqiblərə məruz qaldığı üçün 2014-cü ildə Gürcüstana köçüb. Jurnalist Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidləri ilə tanınır.
Amma 2017-ci il mayın 29-da Muxtarlı Tbilisinin mərkəzində oğurlanıb və başına torba keçirilərək Azərbaycan sərhədinə çatdırılıb.
Səhəri gün, mayın 30-da sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə tabe olmamaq ittihamı ilə həbs olunaraq, daha sonra altı il müddətinə azadlıqdan məhrum edilib.
3 ildən sonra, 2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən azad edilib və xüsusi reyslə Almaniyaya göndərilib, onu orada 2019-cu ildən Almaniyada yaşayan ailəsi – həyat yoldaşı və qızı qarşılayıb.
Muxtarlının oğurlandığı andan dörd il keçib, amma onun işi Gürcüstanda hələ də araşdırılmayıb. Gürcüstan prokurorluğu formal olaraq 143-cü maddənin birinci hissəsi ilə (qanunsuz azadlıqdan məhrumetmə) cinayət işi qaldırıb.