"İvanişvilisiz Gürcüstan" — müxalifət yeni etiraz dalğasına başlayıb. Foto və video
Gürcüstanda yeni etiraz dalğası

Oktyabrın 25-də Tbilisidə müxalifətin “(milyarder) İvanişvilisiz Gürcüstan” şüarı altında təşkil etdiyi genişmiqyaslı etiraz mitinqi keçirilib.
Minlərlə insan bayraqlar dalğalandıraraq və şeypurları səsləndirərək Tbilisi Dövlət Universitetinin binası qarşısına toplaşıb. Daha sonra etirazçılar “Rustaveli” metro stansiyasına doğru izdihamlı yürüşə başlayıblar.
- Alman fondları Gürcüstanı tərk edir: Berlinlə Tbilisi arasındakı münasibətlərdə böhran nə deməkdir?
- Aİ Gürcüstanla bağlı siyasətinə yenidən baxmaq imkanını nəzərdən keçirəcək. Yanvarda nə dəyişəcək?
- Gürcüstanda partiyalara qadağa: Məhkəmə oktyabrın 21-də hakimiyyətin müxalifətə qarşı iddiasına baxmağa başlayacaq
Bu mitinqlə müxalifət Gürcüstanda yeni etiraz dalğasının başladığını elan edib. Növbəti mitinq noyabrın 28-də keçiriləcək.
28 noyabr simvolik tarixdir: düz iki il əvvəl həmin gün “Gürcü Arzusu” partiyası Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırıldığını açıq şəkildə bəyan etmişdi.
Bu bəyanatdan sonra ölkədə fasiləsiz Avropayönlü etiraz aksiyaları başlayıb. Aksiya iştirakçıları yeni, ədalətli parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Müxalifət liderlərinin əsas mesajları
Mitinq iştirakçıları qarşısında aksiyanın təşkilatçıları olan qərbyönlü müxalifət liderləri çıxış ediblər.
“Bidzina İvanişvili hakimiyyətdə qaldığı müddətdə 28 noyabr hamımız üçün məğlubiyyət günüdür. Avropa İttifaqına inteqrasiyamızın təxirə salınması hamımız üçün məğlubiyyətdir. Övladlarımızın parlaq gələcəyinin qeyri-müəyyən müddətə təxirə salınması hamımız üçün məğlubiyyətdir”, – deyə “Dəyişiklik naminə Koalisiya”nın liderlərindən biri Nika Qvaramiya bildirib.
“İvanişvilinin dəstəsi bizi “Vahid Milli Hərəkat”ın təmin etdiyi ən mühüm nailiyyətdən, Gürcüstanda çoxpartiyalı seçkilərdən rəsmən məhrum etməyə çalışır. İndi onlar birpartiyalı diktaturanı hüquqi cəhətdən rəsmiləşdirməyə can atırlar”, – deyə “Azadlıq Meydanı” partiyasının lideri Levan Tsutskiridze çıxışında qeyd edib.
“Elə zənn etmək olar ki, Bidzina İvanişvili çox kəskin qərarlar qəbul edir və hamımız ümidsizliyə qapılmalıyıq. Əslində isə vəziyyət tam əksinədir. İvanişvili istənilən alternativi qadağan etməklə öz legitimliyinin böhranını etiraf edir. O, artıq gürcü xalqına etibar etmədiyini, Gürcüstan vətəndaşlarının azad seçimindən qorxduğunu etiraf edir və demək lazımdır ki, buna tam əsası var”, – deyə “Federalistlər” hərəkatının lideri Tamar Çerqoleişvili bildirib.
Çıxış edənlər arasında gənclər və etiraz aksiyasının digər iştirakçıları da olub.
“Bir-birinizə baxın. Qarşınızda mübarizədən əl çəkməyən, ölkəmizin daha yaxşı gələcəyi uğrunda mübarizəni davam etdirən insanlar dayanıb”, – deyə tələbə Luka Mişveladze toplaşanlara müraciət edib.
Kontekst
Oktyabrın 25-də keçirilən mitinq Gürcüstanda artıq iki ildir davam edən Avropayönlü etiraz hərəkatının bir hissəsidir. Aksiya müxalifət tərəfindən elan edilib və təşkil olunub.
25 oktyabr tarixi təsadüfən seçilməyib. 2024-cü il oktyabrın 24-də Gürcüstanda ölkənin Avropaya inteqrasiya yolunda gələcəyini müəyyən edən mühüm parlament seçkiləri keçirilib.
Bu seçkilərin nəticələri indiyədək həm ölkə daxilində bir çoxları, həm də Qərb ölkələri tərəfindən legitim hesab edilmir.
Məhz həmin vaxt Gürcüstanda ciddi siyasi böhran başlayıb. Bu böhran Qərb tərəfdaşları ilə münasibətlərin gərginləşməsinə, hakim partiyanın liderlərinə qarşı sanksiyaların tətbiqinə və Avropa İttifaqının ölkəyə ayırdığı milyonlarla avroluq yardım paketlərinin dayandırılmasına səbəb olub.
Etiraz aksiyaları hüquq-mühafizə orqanlarının sərt müdaxiləsi ilə dağıdılması, fəalların döyülməsi, işgəncələrə məruz qalması və həbslərlə müşayiət olunub. Bir neçə repressiv qanun paketi qəbul edilib. Bundan əlavə, media və vətəndaş cəmiyyətinə təzyiqlər güclənib, hətta məsələ onların maliyyə blokadasına alınmasına qədər gedib çıxıb.
Qərb institutları bu hadisələrin tənqid olunduğu çoxsaylı qətnamələr qəbul ediblər.
Hakim “Gürcü Arzusu” partiyası qəbuledilməz hesab etdiyi qərbyönlü müxalifət qüvvələrini qadağan etmək qərarına gəldikdən sonra siyasi böhran yeni mərhələyə keçib.
Oktyabrın 25-də keçirilən mitinqi təşkil edən və yeni etiraz dalğasının başladığını elan edən partiyaların demək olar ki, hamısı qadağan edilməsi planlaşdırılan siyasi qüvvələr siyahısına daxil edilib.







Gürcüstanda yeni etiraz dalğası