İstehlakçıların Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü Ermənistanda bu mövzunun müzakirəsinə səbəb olub
İstehlakçıların Hüquqlarını Beynəlxalq Müdafiə Günü Ermənistanda qızğın müzakirələr üçün səbəb olub.
Ekspertlər hesab edirlər ki, Ermənistanda birinci yerdə iş adamlarının, şirkətlərin hüquqları durur, istehlakçı haqları isə ikinci planda qalır. Bununla belə istehlakçıların özləri öz hüquqlarının fərqində deyillər, hətta haqlarını müdafiə etməyə cəhd belə göstərmirlər.
“Bu günə qədər bizim istehlakçılar tez-tez keyfiyyətsiz idxal malları, istifadə müddəti bitmiş ərzaq, o cümlədən də aşağı səviyyəli xidmətlə qarşılaşırlar. Bu o deməkdir ki, istehlakçı hüquqlarının qorunması sahəsinin köklü dəyişikliklərə ehtiyacı var və bu dəyişikliklər qanunvericiliklə nizamlanmalıdır”, – İstehlakçıların Hüquqlarının Müdafiəsi ictimai təşkilatının rəhbəri Lusine Yaqubyan bildirib.
Onun sözlərinə görə, bu sahənin nizamlanması üçün sadəcə qanunun mövcudluğu və tətbiqi deyil, həm də dövlət, biznes və istehlakçı arasında əməkdaşlıq da vacibdir.
Bu sahənin ekspertləri qeyd edirlər ki, Ermənistanda daha çox qanunun qeyri-ərzaq mallarının qaytarılması və dəyişdirilməsi ilə bağlı olan 23-cü maddəsi pozulur.
“Bizdə ən çox təkrarlanan pozuntular sırasında elə hallar olur ki, yarmarkada və ya hansısa brend mağazasında adam bahalı paltar, kürk və ya ayaqqabı alır, evə gətirəndən sonra malın hər hansı səbəbdən ona yaramadığını anlayır, Belə halda alıcılar aldıqlarını mağazaya gətirsələr də, mağaza öz malını geri götürməkdən imtina edir”, – Lusine Yaqubyan deyir.
Onun fikrincə, mağazalarda malların geri qaytatılması və dəyişdirilməsinin mümkün olmadığına dair asılan elanlar insanları çəkindirir, amma bu, qanun pozuntusudur.
Ermənistanın Milli İstehlakçılar Akademiyasının rəhbəri Melita Akopyan başqa bir problemi qaldırıb: Ermənistanda geniş vüsət alan internet sifarişləri zamanı da istehlakçıların hüquqları pozulur.
“İnsanlar elektron biletlər sifariş edir və çox vaxt elə olur ki, bizim istehlakçılar dəhşətli vəziyyətdə qalır. Onlar aeroporta gəlib görürlər ki, bilet yoxdur. İstehlakçı hüquqlarının müdafiəsi ilə məşğul olan bütün təşkilatlar və dövlət orqanları birləşməlidir ki, istehlakçıların doğru xidmətlə təmin edilməsinə nail olaq”.
Ermənistanda istehlakçıların hüquqlarının müdafiəsi sahəsində çoxlu problemlərin qalaqlandığını Ermənistanın baş naziri də etiraf edir.
“Dövlət-biznes-istehlakçı zənciri qarşılıqlı fəaliyyət göstərmədikcə istehlakçıların hüquqlarını müdafiə etmək mümkün deyil. Öz hüquqlarına münasibətdə diqqətli və tələbkar olan istehlakçı dövlət nəzarətinin ən əsas köməkçisidir və bizim bu planda ümidlərimiz böyükdür.
Hökumət Ermənistan ərazisində keyfiyyətli və təhlükəsiz xidmət göstərilməsində maraqlıdır, biznesin inkişafında, fəallaşmasında, sərmayə axışında, iş yerlərinin açılmasında maraqlıdır. Amma elə norma və məhdudiyyətlər var ki, onlar heç vaxt pozulmamalıdır”, – Karen Karapetyan bildirib.
1993-cü ildən etibarən hər il dünyada İstehlakçı Hüquqlarının Beynəlxalq Günü qeyd olunur. 1961-ci il martın 15-də ABŞ prezidenti Con F. Kennedi ölkə Konqressində çıxış edərək, istehlakçı hüquqlarının qorunması ilə bağlı dörd baza maddəsini təsbit edib – təhlükəsizlik hüququ, informasiya hüququ, seçim hüququ və dinlənmiş olmaq hüququ.
Daha sonra bu müddəalara daha dördü də əlavə olunub – dəymiş ziyanın kompensasiya edilməsi hüququ, istehlakçı maarifləndirməsi hüququ, baza tələblərin təmin olunması hüququ və sağlam ətraf mühit hüququ.