İranın yük maşınları üçün gömrük rüsumu: Ermənistan və Azərbaycan sərhədində nə baş verir?
Azərbaycan Ermənistanın Gorus və Qafan şəhərləri arasındakı yolun öz ərazisindən keçən hissəsində polis və gömrük postları yerləşdirib. Yolun bu hissəsi ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına keçib.
Azərbaycanın rəsmi məlumatına əsasən, gömrük məntəqələri “İranın yük avtomobillərinin Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsinə daxil olduğu ilə bağlı çox sayda fakt müəyyən edildiyi” üçün təşkil olunub.
Azərbaycanın gömrük postları iranlı sürücülərdən rüsum alır.
Ermənistanda həm Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan Eyvazlı hissəsində polis və gömrük məntəqələrinin yerləşdirilməsindən, həm də İran treylerlərinin keçidi üçün rüsum tələb olunmasından narahatdırlar.
Ermənistan müxalifəti ölkə hakimiyyətindən təcili və əməli addımlar tələb edir, çünki hesab edir ki, vəziyyət yalnız təhlükəsizliklə bağlı suallar doğurmur. Müxalifətçilər həm də Ermənistan üçün mümkün iqtisadi nəticələri də qeyd edirlər və ölkənin mal dövriyyəsinin 40%-nin İran vasitəsilə həyata keçirildiyini xatırladırlar.
Hər iki tərəfdən informasiya – rəsmi bəyanatlar, o cümlədən də Ermənistandan ekspert rəyi.
- Yeni köhnə sərhəd: Ermənistan kəndləri niyə Azərbaycan ərazisində qalıb?
- Qarabağdakı mandatsız Rusiya sülhməramlıları. Azərbaycan narazılığını bildirir
Azərbaycandan informasiya
İrana rəsmi nota
2021-ci il avqustun 11-də İranın Bakıdakı səfiri Seyid Abbas Musavi Azərbaycanın XİN-ə dəvət olunub və ona etiraz notası təqdim edilib. Sənəddə Qarabağın 2020-ci il 10 noyabr üçtərəfli bəanatına əsasən Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə İrana məxsus yük avtomobillərinin qanunsuz səfərlərinı etiraz bildirilib.
“Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılığımız ifadə olunub. Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız, görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb”, – Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Sonra nə baş verib?
Azərbaycan hakimiyyətinə yaxın olan caliber.az informasiya portal 2021-ci il sentyabrın 11-də İrandan Qarabağa yükdaşımaların davam etməsinı dair faktların qeyd olunduğu material dərc edib.
Materialda qeyd olunur ki, “avqustun 11-dən sentyabrın 10-a qədər müddətdə Xankəndinə müxtəlif təyinatlı, əsasən yanacaq və sürtkü materialları daşıyan 58 yük maşını daxil olub, onlardan 55-i sonra geri qayıdıb.
Həmçinin əldə etdiyimiz informasiyaya əsasən, iranlılar və ermənilər müxtəlif fəndlərə əl atırlar. Məsələn, Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına yaxınlaşanda İrana məxsus yük maşınlarına Ermənistanın qeydiyyat nişanları qoyulur ki, Xankəndinə gedən İranın yük maşınlarının dəqiq sayı gizlədilsin. Onlara elə gəlirdi ki, bu fəndin köməyilə onlar kimisə aldada biləcəklər. Amma bu nişanlar bir yük maşınından digərinə vurularaq təkrarlandığı üçün iranlılar ifşa olunub, bizə konkret foto-sübutlar da var”.
Azərbaycan tərəfi bildirib ki, Ermənistanı Xankəndi ilə birləşdirən Laçın dəhlizini quraşdırılmış müşahidə kameraları ilə nəzarətdə saxlayır.
Azərbaycan hakimiyyətinin rəsmi bəyanatı
Elə həmin gün, sentyabrın 11-də Azərbaycanın Daxili İşlər Nazirliyi Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində nəzarət-buraxılış məntəqəsi quraşdırıldığı haqda rəsmi məlumat yayıb.
“İşğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.
Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”, – qurum rəsmisi bildirib.
Bir gün sonra, sentyabrın 12-də Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə və sülhməramlı qüvvələrin komandanlığına digər ölkələrə məxsus nəqliyyat vasitələrinin RF sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daxil olduğu haqda məktub ünvanlayıb.
“Bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunur.
Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır”, – Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatında deylir.
Artıq sentyabrın 13-də azərbaycanın Dövlət Gömrük Komitəsi ölkə ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük rüsumlarının alınması halları ilə bağlı açıqlama verib:
“Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir. Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.
Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.
Ermənistandan informasiya
Sentyabrın 10-da sosial şəbəkələrdə Azərbaycanın Sünik vilayətinin Vorotan kəndi yaxınlığında polis postu yaratdığını əks etdirən fotolar yayılıb.
Və yalnız iki gün sonra, sentyabrın 12-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanatla çıxış edib və bildirib ki, Azərbaycan polisi Vorotan kəndi yaxınlığında İran nömrə nişanlı yük maşınlarını saxlayır, sürücülərin sənədlərini və yükü yoxlayır.
Həmçinin bildirilir ki, MTX sərhədçiləri və Rusiya FTX vəziyyətin nizamlanması üçün birgə iş aparır. Bundan sonra heç bir rəsmi məlumat daxil olmayıb.
Müxalifətdən olan deputatlar sentyabrın 13-də parlamentdə Azərbaycan sərhədçilərinin İrana məxsus yük maşınlarının sürücülərindən gömrük rüsumu alması ilə bağlı məsələ qaldırıblar.
Onlar məsələni parlamentdə müzakirə etməyi təklif ediblər. İqtidar partiyası etiraz etməyib, amma hələlik müzakirə formatı, vaxt müəyyən olunmayıb.
Jurnalistlərlə söhbətində müxalif “Hayastan” (Ermənistan) blokundan olan deputat Vahe Hakopyan bildirib ki, Vorotan ətrafındakı vəziyyətin Ermənistan üçün iqtisadi nəticələri ola bilər:
“Bəli, bu, təhlükəsizlikdən sonra ikinci məsələdir, amma eyni dərəcədə vacibdir. Bildiyiniz kimi mal dövriyyəmizin 40%-dən çoxu İran vasitəsilə baş tutur və bu, təhlükə altında qala bilər”.
Bu aradan Vətəndaş Sazişi iqtidar partiyasından olan deputat Babken Tunyan jurnalistlərə bildirib ki, vəziyyətin tezliklə həllinə ümid edir:
“Heç kim inkar edə bilməz ki, İrana məxsus yük maşınlarının Azərbaycan tərəfindən yoxlanılması və onlardan dövlət gömrük rüsumunun tələb edilməsi ciddi problemdir. Bu maneə özündə narahatlıq, qeyri-müəyyənlik və risk ehtiva edir”.
Tunyan həmçinin hesab edir ki, bunun nəticəsində Ermənistan ərazisindən malların daşınmasından imtina edilə bilər.
Ekspert fikri
Siyasi şərhçi, “Ani” mərkəzinin koordinatoru Tatul Hakopyan “Azadlıq” Radiosunun Ermənistan bürosuna müsahibəsində bildirib ki, bu vəziyyət yeni deyil. Azərbaycan mütəmadi olaraq İrana məxsus yük avtomobillərinin Dağlıq Qarabağa daxil olmasına etiraz bildirib:
“Bu addım İrana qarşı yox, Ermənistana qarşı yönəlib. Əgər İran maşınları Ermənistan və Dağlıq Qarabağa daxil olmasalar, bizim İran üçün kiçik bazar olduğumuzu nəzərə alsaq, birinci növbədə biz ziyan çəkəcəyik”.
Ekspertin fikrincə, öz əməlləri ilə Azərbaycan eyni zamanda DQ-da Rusiyanın sülhməramlı missiyasını da nüfuzdan salmaq niyyətindədir:
“Azərbaycan “dişini göstərir”, zaman nəyə qadir olduğunu göstərəcək. […] Mən düşünürəm ki, Azərbaycan bununla dayanmayacaq. Nəzarət-buraxılış məntəqələri yaradacaqlar, bir-bir yoxlayacaqlar. İstisna etmrəm ki, hansısa illərdə Azərbaycana qarşı hansısa əməllər törətdiyi fikriylə kimisə əsir də götürəcəklər”.
Tatul Hakopyan hesab edir ki, Azərbaycan ən azı eksklavı Naxçıvanla birləşdirən dəhlizə nail olmaq üçün Ermənistana təzyiq göstərməyə, qorxutmağa çalışır:
“Əlbəttə, onlar Süniki [Ermənistanın Azərbaycanla sərhəddə yerləşən cənub vilayəti] əldə etmək istəyirlər, amma qırmızı cizgilər var, Azərbaycan onları keçməzdən əvvəl min dəfə düşünməlidir və Azərbaycana hazırda bu istiqamətdə düşünməyə mane olan amillər var”.