İranın yeni radikal prezidenti və Qafqaz: nə gözləməli? Bakı, Yerevan və Tbilisidən dəyərləndirmə
İranın Cənubi Qafqaza, Azərbaycan, Ermənistan və Gürcüstana təsiri
İbrahim Rəisinin 2021-ci ilin iyununda prezident seçilməsi və avqustun 5-də İran prezidenti kimi inauqurasiyasının keçirilməsi Yaxın Şərq regionu üçün mühüm əhəmiyyətli hadisə olub – baxmayaraq ki, rəsmi olaraq bu vəzifə ölkənin siyasi sitemində az təsirə malikdir.
Beynəlxalq analitiklərin təxminən yekdil fikrinə görə, İbrahim Rəisi ölkədə çox nüfuzlu fiqurdur.
O, ultra-mühafizəkar və dəfələrlə özünü qəddar siyasətçi kimi göstərmiş bir şəxsdir və böyük ehtimalla yeni Böyük Ayətullah, İranın həqiqi hökmdarı olacaq.
İbrahim Rəisi kimdir və İranda hakimiyyətə radikal liderin gəlməsi Cənubi Qafqaz üçün nə deməkdir? Kontekst və perspektivləri JAMnews üçün Bakı, Yerevan və Tbilisidən ekspertlər şərh edib.
İbrahim Rəisinin yolu
60 yaşlı Rəisi prezident kürsüsündə Qərbin nisbətən mülayim hesab etdiyi Həsən Ruhanini əvəz edib. Yeni prezidentin imici əvvəlkinin tam əksinədir.
İranın hədsiz dindar keçmiş məhkəmə sistemi rəhbəri Rəisinin 1980-ci illərdə minlərlə siyasi məhbusun edamında əli var. O zaman ölkədə inqilab yeni baş vermişdi və ölkə dünyəvi sistem ləğv olunmuş, ayətullah Ruhulla Xomeyninin rəhbərliyi altında İran İslam Respublikası yaradılmışdı.
- Gürcüstan və İran koronavirus pandemiyası vaxtı
- İran Qarabağa körpü salır – Azərbaycanın sosial şəbəkə istifadəçiləri qəzəblidir, rəsmi Bakı isə layihənin onlarla razılaşdırıldığını bildirir
- İran: həlak olanların anım mərasimi diktaturaya qarşı etirazlara çevrilib
Hələ tələbə olduğu zaman Rəisi Qərbin dəstəklədiyi şaha qarşı etirazlarda və 1979-cu ildə onun devrilməsində iştirak edib. O, cəmi 25 yaşında ikən Tehran prokurorunun müavini təyin edilib.
Bu vəzifədə o, “Edam komitəsi” kimi tanınan və siyasi məhbusları edam hökmünə məhkum edən gizli tribunallarda yer alan dörd hakimdən biri olub.
“Edam komitəsi”nin məhv etdiyi insanlar üərində heç bir məlumat göstərilməyən kütləvi məzarlıqlarda dəfn olunublar. Rəisi dəfələrlə ölüm hökmlərinin çıxarılmasında öz rolunu danıb. Amma bununla belə bildirib ki, bu hökmlər tam ədalətli olub, çünkiali lider ayətullah Xomeyninin fətvaları həyata keçirilib.
2019-cu ildə ABŞ insan haqları pozuntusu ehtimalına görə Rəisiyə qarşı sanksiya tətbiq edib. Onu azyaşlıların edamında və 2009-cu il mübahisəli prezident seçkilərindən sonra müxalifətə qarşı amansız repressiyalarda günahlandırıblar.
Rəisi qara əmmamə geyinir, şiyə ənənələrinə görə, bu, onun peyğəmbər Məhəmməd ümməti olduğunu göstərir. O, 1960-cı ildə şiə müsəlmanların ən müqəddəs ziyarətgahlarından birinin yerləşdiyi Məşhəddə, İranın böyüklüyünə görə ikinci şəhərində anadan olub.
Atası molla olub və o, beş yaşında ikən vəfat edib. O, atasının yolunu davam etdirib və 15 yaşında müqəddəs Qum şəhərində dini təhsil almağa başlayıb.
Onun şəxsi həyatı haqda çox az şey məlumdur. Onun həyat yoldaşı Cəmilə Tehran Universitetində dərs deyir, iki yetkin yaşda qızı var. Qayınatası ayətullah Əhməd Aləmolhoda Məşhədin axundudur.
2014-cü ildə Rəisi İranın baş prokuroru təyin edilib. İki il sonra ayətullah Xameneyi onu İranın mühüm və zəngin dini fondlarından birinin – Astan-e Qüds-e Razavinin mühafizi təyin edib.
Həmçinin Rəisi Məşhəddə səkkizinci şiyə imamı Rızanın müqəddəs məqbərəsini, həmçinin onunla bağlı çox sayda xeyriyyə təşkilatlarını və böyük inşaat, kənd təsərrüfatı, energetika, telekommunikasiya holdinqlərini idarə edir.
2017-ci ildə Rəisi artıq prezident postuna namizədliyini irəli sürmüşdü, amma 38% səslə ikinci yeri tutmuşdu. 2019-cu ildə isə ayətullah Xameneyi onu nüfuzlu məhkəmə sisteminin rəhbəri vəzifəsinə təyin etdi.
Bir neçə gündən sonra isə o, həm də Ekslertlər Assambleyasının sədr müavini seçilir. Bu, 88 ruhani nümayəndədən ibarət mühüm strukturdur və məhz bu struktur İranın növbəti Ali liderini, ayətullahı seçir.
Məhkəmə sisteminin rəhbəri qismində Rəisi ölkədə edamların sayını azaldan islahatlar həyata keçirib. Amma İran hələ də Çin istisna olmaqla dünyanın cəza sistemində ölüm hökmü olan bütün digər ölkələrindən daha çox edam həyata keçirilir.
2021-ci ildə prezident seçkilərində Rəisi özünü korrupsiya, yoxsulluq və diskriminasiya ilə mübarizə aparan namizəd kimi təqdim edib. Beynəlxalq ekspertlər seçki marafonunda Rəisinin bütün ciddi rəqiblərinin sıradan çıxarıldığı və bunun nəticəsində onun ilk turdaca 62% səslə qəti qələbə qazandığı fikrində uzlaşırlar.
Amma fəallıq 49%-dən az təşkil edib ki, bu da 1979-cu il inqilabından indiyə qədər prezident seçkiləri üçün ən aşağı göstəricidir.
Yeni prezidentin həll etməli olduğu əsas problemlər:
- Zəifləmiş iqtisadiyyat, yaşam qiymətlərinin kəskin artması.
- Kəskin dərman çatışmazlığı – İran bunda ABŞ sanksiyalarını günahlandırır.
- Koronavirus pandemiyası. İran regionda ən çox ziyan çəkmiş ölkədir.
- Əsasən kəskin su çatışmazlığı səbəbilə ölkənin cənub-qərbini bürüyən küçə etirazları dalğası İranı sarsıdıb.
Azərbaycan-İran: əsas kontekstlər
Bakıdan siyasi şərhçi Aqşin Kərimov şərh edir
Radikal siyasi şiəliyin təbliği
“İran Azərbaycanda radikal siyasi şiəliyin yayılmasında maraqlıdır, bununla özünə ideoloji bağlar yaratmaq məqsədi güdür. Ancaq Azərbaycan dövləti İrana bağlı qrupları da neytrallaşdıra bilib. İran isə təsirini gücləndirmək niyyətindən əl çəkməyib.
İbrahim Rəisi İranın yeni prezidentidir, mühafizəkar kəsimin lideridir. Həsən Ruhani isə liberallardan idi, bununla belə, onun zamanında belə Azərbaycanla siyasi münasibətlərdə elə də nəzərəçarpan sıçrayış qeydə alınmadı. İranda hakimiyyətdə, yəni prezident kürsüsündə hansı ideoloji təfəkkürün daşıyıcısının olub-olmamasından asılı olayaraq, xarici dövlətlərlə münasibətləri İranın ali dini rəhbərliyi müəyyənləşdirir.
İranın Ermənistanla münasibətləri
Bakının əsas tələbi işğalçıya nəfəs verməməkdir. Yəni, İran Ermənistanla əlaqələri o zaman ön plana çıxara bilər ki, Ermənistanın revanşist ritorikası dəyişsin.
Zəngəzur dəhlizi
İran bir mənada bunu istəyir, çünki Zəngəzur dəhlizinə “həsrətlə baxır”. İran Zəngəzur dəhlizini iqtisadi nəfəslik kimi nəzərdən keçirir, Tehran üçün bu dəhliz böyük iqtisadi faydalar gətirə bilər.
Zəngəzur dəhlizi – 40 kilometrə yaxın uzunluğu olan, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək fərz edilən nəqliyyat yoludur, amma bunun üçün yol Ermənistanın Sünik vilayətinin ərazisindən keçməlidir. Yerevanda bu plan hələlik qəbul edilmir, müxalifətin və cəmiyyətin böyük hissəsinin etirazlarına səbəb olur.
İran bu məsələdə bəlkə də Ermənistanı “tələsdirmək” siyasətini yürüdür.
Ancaq İran üçün qırmızı xətt də var, bu isə Azərbaycanın Qarabağ zonasındakı Ermənistanla dövlət sərhədində yeni zolağ yaratmasıdır. Yəni, İran bunu istəmir, çünki özünə sərhəd ərazilərdə yeni zolağın yaranmasını qəbul edə bilmir.
Türkiyə İran üçün qıcıqlandırıcı amil kimi
Bunun bir səbəbi də İsrail, Türkiyə amili ilə bağlıdır, çünki Azərbaycan Türkiyə ilə, İsraillə güclənən əməkdaşlığı fonunda sərhədləri müəyyənləşdirir, Britaniya da bu məsələdə üzdə görünməsə də, Azərbaycana dəstək verir.
Sərhəd müəyyənləşməsində ABŞ və Avropa İttifaqı da maraqlıdır, İran isə bunu həzm edə bilmir. Bu o deməkdir ki, İranın narahatlığı həm də qlobla rəqabətin yeni məkana daşınması ilə bağlıdır.
Ona görə də İranın Ermənistandakı səfiri Kəlbəcərlə sərhədə gələrək özünün qısqanclığını nümayiş etdirdi, hərçənd ki, səfirin ora hansı statusda, gəldiyi də suallar doğurur.
İqtisadiyyat
Azərbaycanla İranın münasibətlərində iqtisadi əlaqələr ön plana çıxır. İqtisadi platformada hər iki ölkə münasibətlərin dərinləşməsinin tərəfdarıdır – bunun bir çox səbəbləri var. İranla Azərbaycan qonşudur və quru əlaqəsi mövcuddur, bu isə birgə iqtisadi münasibətlərin inkişafına zəmin yaradır. Azərbaycana İrandan mal idxal olunur və bu, Azərbaycan bazarında bəlli bir çəki qazanır.
Azərbaycanla İran arasında Astara-Astara dəmir yolu xətti var, bu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir.
Xəzər dənizi ilə bağlı ortaq maraqlar var, amma bu ortaq maraqlar hələ praktiki müstəvidə özünü göstərməyib. Məsələn Bakı Türkmənistanla birgə “Dostluq” yatağının istismarını həyata keçirir, amma İranla mübahisəli məsələlər hələ də həllini tapmayıb.
Ermənistan-İran: əsas kontekstlər
Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Emma Beqicanyan şərh edir
Azərbaycanın israr etdiyi Ermənistanın ərazisindən keçən nəqliyyat dəhlizi İrana lazım deyil
“İbrahim Rəisi seçkiqabağı kampaniya zamanı xarici siyasətə az toxunurdu, amma əsas vektoru yenə də təsvir etdi. O dedi ki, xarici siyasətdə “prioriteti qonşularına verir”.
Ermənistanın baş naziri Nikol Paşinyan İbrahim Rəisinin inauqurasiyasında iştirak edib. Onların görüşü baş tutub və sonra onlar ikisi də bildiriblər ki, ikitərəfli münasibətlərin, Ermənistan-İran layyihələrinin inkişafına, o cümlədən də regionda vəziyyətin stabilləşməsinə böyük əhəmiyyət verirlər.
Ermənistan ərazisindən hər hansı nəqliyyat dəhlizinin keçməsi İrana sərf etmir. Bu, onun geosiyasi mövqeyinə mənfi təsir göstərəcək, çünki bu gün İran ərazisindən Azərbaycan və Türkiyənin istifadə etdiyi yol keçir. Məhz bu yox Azərbaycanı onun Naxçıvan muxtariyyəti ilə birləşdirir.
İran indi bu yolu Azərbaycan və Türkiyə ilə münasibətlərdə ciddi arqument kimi istifadə edə bilər. Hansısa problemlər yarandıqda İran Naxçıvan muxtariyyətinə gedən yolu bağlaya bilər.
Ermənistan ərazisindən dəhliz açılsa, İrandan keçən yol Azərbaycan və Türkiyəyə artıq lazım olmayacaq.
Məhz buna görə İrana Ermənistan və Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən alternativ yol lazımdır. Bu tranzit yol Tehrana Azərbaycandan Naxçıvana (Ermənistan ərazisindən) alternativ yol açılandan əvvəl lazımdır.
Cənubi Qafqaz Türkiyənin təsiri altında
Sovet İttifaqı dağılandan sonra Rusiya, İran və Türkiyə Cənubi Qafqazda təsirini bərqərar etmək üçün hər şey etdilər. Hazırda Gürcüstanda regionunun böyük hissəsində Türkiyənin təsiri dominantlıq edir. İndi Ermənistanın da bu kontekstə daxil olması üçün hər şey edilir.
Qərb Rusiyanı regiondan sıxışdırmaq üçün Türkiyəyə kart-blanş verir. İndən belə nə olacaq, Gürcüstanın taleyi necə gətirəcək, Ermənistanın aqibəti necə olacaq – Qərb üçün artıq çox da mühüm deyil.
Perspektivdə çox mümkündür ki, Qərb İranla münasibətlərini yumşaltsın – artıq onun regiondakı rolunu yüksəltmək və Türkiyəyə qarşı istifadə etmək üçün. Amma bu gün bu cür konkret addımlar yoxdur”.
Gürcüstan-İran: əsas kontestlər
Gürcüstan Şərqşünaslıq İnstitutunun direktoru Giorgi Sanikidze şərh edir
İranın təsiri yüksək deyil və belə də qalacaq
İran Qafqazda fəal olmağa çalışır, amma digər regional və xarici oyunçularla müqayisədə bu regionda onun rolu çox cüzidir. İbrahim Rəisinin prezidentliyi dövründə də oxşar vəziyyət davam edəcək.
Amma bir mühüm amil var. İkinci Qarabağ müharibəsi bitən andan vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Gözlənilən idi ki, dini və tarixi kontekst baxımından İran Azərbaycana daha yaxın olacaq. Üstəlik İran sərhədlərinin Ermənistan qüvvələrinin nəzarəti altında olan hissəsi indi Azərbaycanla sərhəddir.
Amma yenə də İran Ermənistana daha yaxın olub.
İran Rusiyaya münasibətdə tabeçilik mövqeyindədir və bu, Gürcüstan üçün problemdir
Nəzərə almaq vacibdir ki, İran tarixi olaraq Cənubi Qafqazda maraqları olan ölkədir, amma bununla belə Rusiyanın maraqları onun üçün birinci yerdədir. İran Rusiyaya münasibətdə tabeçilik mövqeyindədir və bu da eyni zamanda Ermənistana prioritet münasibəti şərtləndirir. Bu da Gürcüstan üçün ciddi problemdir.
Gürcüstan üçün ikinci problem tranzit dəhlizlərdir.
Biri Şimal-Cənubdur: Hindistandan başlayır, İrandan, sonra Azərbaycandan, daha sonra Rusiyadan keçir. Rusiya bu dəhlizdə çox maraqlıdır. Amma nə Gürcüstan, nə də Ermənistan üçün burada perspektiv yoxdur.
İkinci layihə Fars körfəsinin və Qara dənizin tranzitlə birləşməsi ideyasıdır. Gürcüstanın burada marağı var, çünki bu halda gürcüstan limanları da maraqlanacaq.
İranın Qafqazdakı rolu haqda sanksiyalar aradan qaldırılarsa, danışmaq olacaq
Amma bütün kontekstlərdə İranın Cənubi Qafqazda siyasi və ya iqtisadi təsirinə hər hansı qiymət vermək hələ tezdir. İran Qərbin o qədər sərt sanksiyaları altındadır ki, heç bir təsirli addım ata bilmir.
Bir tərəfdən İranın nüvə proqramının dayandırılması və sanksiyaların ləğv edilməsi haqda danışıqlar bərpa olunub. Amma ABŞ və İran arasında ziddiyyətlər hələ də çoxdur, son zamanlarda isə hər iki tərəfdən mövqelər daha da sərtləşib.
Amma yenə də razılaşmanın imzalanacağı ehtimalı var. İran üçün razılaşmanı əldə etmək həyati əhəmiyyət daşıyır, amma simasını və ləyaqətini itirmədən. Və bundan sonra İranın Cənubi Qafqazda daha fəal olacağını gözləmək mümkündür. Amma bu qısamüddətli perspektiv deyil”.