İran-İsrail qarşıdurmasında Azərbaycan: İsrail üçün cəsusluğa kömək iddiaları
Azərbaycanın İsrailə kəşfiyyat dəstəyi iddiaları
Azərbaycan dünya mediasında İran və İsrail arasında artan gərginlik kontekstində daha çox diqqət mərkəzinə gəlib. Əsas yayılan iddialar Azərbaycanın İsrailə kəşfiyyat dəstəyi ilə bağlıdır.
Prezidentin köməkçisi Hikmət Hacıyev bunu qəti şəkildə təkzib edir. Azərbaycanlı jurnalist Əfqan Muxtarlı isə yayılmış iddiaların real olmasını istisna etmir.
İddialar: Casusluq və əməkdaşlıq
İran-İsrail gərginliyinin ilk günü sosial şəbəkələrdə və bəzi kənar media resurslarında Azərbaycanın İsrailə casusluq fəaliyyəti üçün şərait yaratdığına dair iddialar yenidən gündəmə gəldi. Məsələn, “X” platformasında “Israel News Pulse” adlı 84 min izləyicisi olan səhifə vasitəsilə belə bir paylaşım edilib:
“Azərbaycan (İranla sərhəddə yerləşən ölkə): Lazım gəldikdə, İsrail dövləti İranın nüvə obyektlərinə zərbə endirmək üçün bizim ərazimizdən istifadə edə bilər. Biz heç vaxt İsraili tək qoymayacağıq – istənilən ssenaridə onun yanında olacağıq”.
Azərbaycanın İsrail üçün hərbi bazalarını açdığı və ora vətəndaşlarına Azərbaycan pasportu verdiyi də yayılan iddialar arasındadır.

İsrail-Azərbaycan planetin ən uğurlu alyanslarından biridir.
Bu iddialar Türkiyə mediasında da əks-səda doğurub və Azərbaycan tənqidlərə məruz qalıb. Xüsusilə “Haber Global” (Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-dan maliyyələşir) bu məsələdə Azərbaycanı müdafiə edən yayımlar həyata keçiriblər.
Azərbaycan bu iddiaları təkzib edir

Azərbaycan rəsmiləri bu iddiaları dərhal və qəti şəkildə təkzib ediblər.
Prezidentin köməkçisi Hikmət Hacıyev iyun 13-ü “X” platformasında yayımladığı açıqlamada bu məlumatları “tamamilə əsassız və xəyal məhsulu” adlandırıb.
O, bu iddiaların məqsədli dezinformasiya kampaniyasının tərkib hissəsi olduğunu bildirib.
Rəsmi Bakı həmçinin İranla münasibətləri gücləndirmək niyyətində olduğu da müşahidə olunur. İyun 4-ü İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan telefon danışığında münasibətlərin strateji səviyyəyə çatdırılması müzakirə olunub.
Əfqan Muxtarlı: “İddialar real ola bilər, mən burada qeyri-adi heç nə görmürəm”

Mühacirətdə olan jurnalist Əfqan Muxtarlı “JAMnews”a deyir ki, Azərbaycanla İsrail arasında dərin və çoxşaxəli əməkdaşlıq mövcuddur.
Onun sözlərinə görə, bu əməkdaşlıq təkcə hərbi və iqtisadi sahələrlə məhdudlaşmır, həm də kəşfiyyat və təhlükəsizlik sahələrini əhatə edir. Muxtarlı qeyd edir ki, Azərbaycan hazırda davam edən münaqişə şəraitində belə İsrailə neft ixrac edir və ondan külli miqdarda silah alır.
“İsrail xüsusi xidmət orqanları şəxsən İlham Əliyevin və ailəsinin mühafizəsini ilə məşğul olması da hamıya bəllidir. Azərbaycan xüsusi xidmət orqanlarının Cənubi Azərbaycanda (Azərbaycanda İranın Şərqi Azərbaycan vilayəti bu cür adlanır – red.) əməliyyatlar keçirməsi, orada informatorlar, agentlər saxlaması mümkündür. Mümkündür, ona görə ki, İran azərbaycanlıları oradakı rejimə nifrət edirlər və yəqin ki, Azərbaycanla əməkdaşlıq edirlər.
Həmçinin Azərbaycan-İsrail əlaqələrini nəzərə alsaq, bu məlumatların İsrailə ötürülməsi də mümkündür. Amma bütün bunlar sadəcə nəzəri cəhətdəndir. Bunu təsdiq edəcək heç bir fakta sahib deyilik. Bu informasiyanı yayan adam da heç bir fakta sahib deyil. Hikmət Hacıyevin dediyi fərqli olaraq, bunu təkzib edəcək faktlarımız da yoxdur. Mümkün ola bilər haldır. Mən şəxsən burada qeyri-adi heç nə görmürəm.
İran-Azərbaycan münasibətlərinin gərgin olduğu vaxtlarda İran Azərbaycanında İlham Əliyevin posterləri, anti-iran və Azərbaycan Respublikasını dəstəkləyən şüarlar da asılırdı. Bunları da nəzərə almaq lazımdır. Baş verənlər özbaşına olacaq hadisələr deyil. Eyni zamanda Azərbaycanın diaspora təşkilatı Avropanın müxtəlif ölkələrində anti-iran aksiyaları da keçirmişdilər”.
Qapalı informasiya rejimi və spekulyativlik
Azərbaycanın informasiya siyasəti, xüsusən təhlükəsizlik və xarici əlaqələr sahəsində, yüksək dərəcədə mərkəzləşdirilmiş və qeyri-şəffafdır. Bu da ölkəyə dair spekulyativ məlumatların yayılmasını asanlaşdırır. Hərbi və kəşfiyyat sahələrində İsraillə mövcud olan keçmiş əməkdaşlıq nümunələri də bu iddialara zəmin yaradır.
Tarixi və geosiyasi kontekst
Azərbaycan İranla uzunmüddətli tarixi və mədəni əlaqələrə malikdir. İranda milyonlarla etnik azərbaycanlının yaşadığı nəzərə alınaraq, bu münasibətlər xüsusilə həssas xarakter daşıyır. Digər tərəfdən, Azərbaycan İsraillə də yaxın iqtisadi və hərbi əməkdaşlıq qurub. İsrail Azərbaycanın əsas silah tədarükçülərindən biridir və enerji sahəsində də əlaqələr güclüdür.
Bununla belə, İranın Ermənistana verdiyi açıq və gizli dəstək Azərbaycan-İran münasibətlərində mütəmadi gərginliklərə səbəb olub. Azərbaycan isə bu balanslı diplomatik vəziyyətdə öz suverenliyini və təhlükəsizliyini qorumağa çalışdığını deyir.
Azərbaycanın İsrailə kəşfiyyat dəstəyi iddiaları