Talış tədqiqatçısı İqbal Əbilovun həbsxanadan məktubu: “Talış dili küncə sıxışdırılıb”
İqbal Əbilovun həbsxanadan məktubu
“Talış Milli Akademiyasının Xəbərləri” jurnalının baş redaktoru, etnoqraf İqbal Əbilov Bakının yaxınlığındakı Umbaki Penitensiar Kompleksindən ünvanladığı məktubda Azərbaycanda talış dilinə qarşı təzyiqə etiraz edib.
O yazır ki, bir dili məhv etmək üçün onu bütün ictimai məkanlardan silmək və cəmiyyətdən təcrid etmək kifayətdir. Əbilov ölkədə “talış dilinin dörd divar arasında küncə sıxışdırıldığını” deyir və məhkəmə proseslərində ana dilində danışmağa imkan verilmədiyini bildirir.

Məktubda nə deyilir?
Bir dilin itməsi və tarixə qovuşması üçün nə etmək lazımdır? Onu bütün ictimai sahələrdən silmək, dörd divar arasına salmaq və hətta o divarların içində belə küncə sıxışdırmaq kifayətdir. Bü gün talış dilinin ölkədəki vəziyyəti məhz belədir.
Bu vəziyyətə etirazımı bildirmək üçün mən haqqımda açılmış cinayət işi üzrə ilkin məhkəmə instansiyasında son sözüm zamanı və apellyasiya məhkəməsində çıxış edərkən tərcüməçi tələb edərək öz ana dilimdə – talış dilində çıxış etdim. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri bu tələbimə əvvəlcə anlaşılmaz səslərlə reaksiya versələr də, sonda xahişimi təmin etdilər. Lakin dəvət etdikləri iki tərcüməçinin heç biri fikirlərimi düzgün şəkildə tərcümə edə bilmirdi. Tərcümələrə dəfələrlə düzəlişlər verməli olduğum üçün çıxışımı yarımçıq dayandırmaq məcburiyyətində qaldım. Şirvan Apellyasiya məhkəməsinin dəvət etdiyi tərcüməçi də eyni şəkildə işini peşəkarcasına yerinə yetirə bilmədiyi üçün çıxışımı özüm tərcümə etmək məcburiyyətində qaldım.
Bunun səbəbi onların talış dilini bilməməsi deyil, ölkədə bu dilin istifadə arealının qəsdən daraldılması, talış dili tərcüməçiləri və müəllimlərini hazırlayan heç bir təhsil müəssisəsinin mövcud olmamasıdır. Bu vəziyyəti dilə gətirən hər kəsin isə “xəyanətkar” damğası ilə 18 ilədək azadlıqdan məhrum edilə bilməsi problemi daha da dərinləşdirir.
Mənə verilən “cəza” sadəcə mənim, ailəmin və yaxınlarımın sınağı deyil, bu həm də cəmiyyətimiz üçün bir sınaqdır. Biz bir-birimizin bərabərliyinə, bərabər hüquqluluğuna nə qədər səmimi inanırıq? Hər kəs, hər insan, hər xalq, hər dil gözümüzdə doğrudanmı bərabərdir? Yoxsa Corc Oruelin dediyi kimi: “Hər kəs bərabərdir, amma bəziləri digərlərindən daha bərabərdir?” Əgər talış dilinin qapalı məhkəmə zalındakı qəfəsdən belə səsləndirilməsi kimisə narahat edib və qıcıqlandırıbsa, bu, özü-özlüyündə cəmiyyət üçün təəssüf doğuran bir haldır.
Mənim talış dilində danışmağımın səbəbi heç bir dili bəyənməməyim deyil, sadəcə öz ana dilimi müdafiə etməyimdir. Buna əsəbləşib sərt reaksiya verənlərin səbəbini bilmirəm.
Amma öz adımdan deyə bilərəm ki, mən həmişə insanların, xalqların mədəniyyətlərinin və dillərinin bərabər hüquqlu olduğuna inanmışam. Bu sadə, amma vacib fikrə qətiyyətlə inanan bütün insanlara öz salamımı və dərin minnətdarlığımı çatdırıram.
Kimdir İqbal Əbilov?
Əbilov Azərbaycanda dünyaya gəlsə də, beş yaşından Belarusda böyüyüb. Minskdəki Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib və orada dərs deyib. O, etnik talışdır və elmi fəaliyyətini talış dili və mədəniyyətinin araşdırılmasına həsr edib.
2010-cu ildə Latviyanın paytaxtı Riqada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biri olan Əbilov akademiyanın “Talış Milli Akademiyası xəbərləri” jurnalının baş redaktorudur. Bununla yanaşı, “Fraqmentlər” adlı qısa filmi 2019-cu ildə Monza beynəlxalq film festivalında “Ən yaxşı fantastik film” mükafatını qazanıb.
Əbilov 2024-cü ilin yayında ailəsini ziyarət etmək üçün Azərbaycana gedib. 22 iyulda Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və bir neçə saatlıq dindirmədən sonra sərbəst buraxılıb. Bir neçə gün sonra Belarusa qayıtmaq istəyərkən hava limanında ona ölkədən çıxış qadağası qoyulduğunu öyrənib və pasportu müsadirə edilib. Daha sonra Masallıdakı DTX idarəsinə çağırılaraq orada həbs olunub.
18 illik həbs və ağır ittihamlar
Bu ilin 20 mayında Lənkəran Ağır Cinayətlər Məhkəməsi onu Azərbaycan Cinayət Məcəlləsinin üç maddəsi – dövlətə xəyanət, xarici təşkilatların adından dövlət əleyhinə çağırışlar və milli, irqi, dini düşmənçilik yaratmaq üzrə təqsirli bilərək 18 il həbs cəzası verib.
Rəsmi ittihamda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi, dövlətə qarşı fəaliyyət təşkil etdiyi və milli nifrət yaratmağa çalışdığı iddia edilir. Əbilov bu ittihamları qəbul etmir və fəaliyyətinin sırf akademik xarakter daşıdığını bildirir; müdafiə tərəfi məhkəmə və istintaq prosesində ittihamları sübut edən faktın təqdim olunmadığını vurğulayır. O, son sözündə bütün ittihamların “əsassız” və “absurd” olduğunu deyərək, talış dili və mədəniyyəti ilə bağlı araşdırmalarının cəzalandırıldığını bildirib.
Beynəlxalq və yerli reaksiyalar
Əbilovun işi Azərbaycanda və beynəlxalq aləmdə kəskin tənqid olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb və azadlığa buraxılmasını tələb edirlər. “Amnesty International” yaydığı təcili müraciətdə Əbilovun 18 il həbs cəzasının “saxta ittihamlar”a əsaslandığını bildirib və onu dərhal şərtsiz azadlığa buraxmağa çağırıb.
“Amnesty” qeyd edib ki, alim uzun müddətdir talış dili, tarixi və mədəniyyəti ilə bağlı tədqiqatları ilə tanınır və onun məhkumluğu “elmi tənqidçilərin susdurulması” siyasətinin bir hissəsidir. Təşkilat həmçinin məhkəmə prosesinin qapalı keçirildiyini və ittihamların yalnız Azərbaycan ilə Ermənistan arasındakı elmi əməkdaşlıqla bağlı yazışmalara əsaslandığını vurğulayıb.
Avropa Parlamenti qəbul etdiyi qətnamədə Əbilovun və digər siyasi məhbusların azad edilməsini tələb edib, Azərbaycan hakimiyyətinin repressiyalarını sərt tənqid edib və Avropa İttifaqının insan hüquqları sahəsində öhdəliklərinə riayət etməyən rəsmilərə sanksiya tətbiq olunmasını istəyib.
Bundan başqa, Ermənistanın Elmi-Analitik Fondu və Talış ictimai təşkilatları Vilnüs, Haaqa, Varşava və Strasburqda etiraz aksiyaları keçirərək Əbilovun müdafiəsinə qalxıblar.
Azərbaycan Siyasi Məhbusların Azadlığı İttifaqı Əbilovu siyasi məhbus kimi tanıyıb və onun işi Avropa Şurası Parlament Assambleyasında və ABŞ Konqresində gündəmə gətirilib. Azadə Rojhan (AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi) də ittihamların yalnız Ermənistanlı alimlərlə peşəkar əlaqələrə əsaslandığını deyərək Azərbaycanın bu qərarı yenidən nəzərdən keçirməyə çağırıb.
Hazırki vəziyyət
Oktyabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Əbilovun cəzasını qüvvədə saxlayıb. “Kavkazskiy Uzel”in xəbərinə görə, apellyasiya məhkəməsində iştirak edən Komitə müdafiə tərəfinin ittihamların siyasi motivli və sübuta yetirilməmiş olması ilə bağlı mövqeyini təkrarlayıb.
Əbilovun hüquqlarını müdafiə edənlər hazırda Ali Məhkəməyə müraciət etməyi planlaşdırdıqlarını bildirirlər. Beynəlxalq təşkilatlar isə onun dərhal azad olunması üçün çağırışlarını davam etdirir.
İqbal Əbilovun həbsxanadan məktubu