İnternetin havası: BBC-dən “ata”, Cənubi Koreyadan “ana” və efirdə “körpə”
Ötən həftə mən Cənubi Koreyadan olan iki qızın internetdə mübahisəsini izləyirdim. Onlardan biri 4 yaşlı Marion, digəri isə 65 yaşı olan Pak Kın Xedir.
Hər şey ondan başladı ki, Robert Kelli adlı birisi bir neçə saniyə ərzində adını da, soyadını da itirdi. İndi onu hamı “BBC-dən olan ata” kimi tanıyır.
[youtube youtubeurl=”4qCPqPwnItg” ][/youtube]
Robert Kelli skype ilə BBC-nin efirində Cənubi Koreya prezidenti Pak Kın Xenin impiçmenti barədə danışırdı ki, birdən otağa, daha doğrusu efirə sarı donlu Marion soxuldu, onun dalınca kiçik qardaşı, arxalarınca da təşviş içində anaları gəldi. Həmin anda da televiziya tamaşaçıları Cənubi Koreya prezidentini dərhal unutdular: “BBC-dən olan ata” daha maraqlıydı.
Politoloq Kelli efirdə nəzakətlə üzrxahlıq etdi, amma bu daha heç kimi narahat etmirdi. Hamı uşaqları görmək istəyir, şounun davamını tələb edirdilər. Professor sonra yazılı şəkildə də BBC-dən üzr istədi. Prodüser dedi: heç bir problem yoxdur, sadəcə bizə bu materialı yaymağa icazə ver. Bir neçə gün ərzində kiçik ailə insidentini təsvir edən bu videoya 86 milyon adam baxdı. BBC-dən ikinci dəfə məşhur ata ilə əlaqə saxladılar və impiçment haqqında xəbəri “donduran” ailə yenidən efirdə göründü.
Beş gün ərzində dünya mətbuatı ata və BBC haqqında xəbərlərlə “dolanıb”. Çoxları öz müxbirlərini onun həyətinə və Cənubi Koreya üzrə ekspertin işlədiyi Pusan universitetinə göndəriblər. Kelli ailəsi beynəlxalq KİV üçün mətbuat konfransı verməli oldu.
Ata, 4 yaşlı qızının “hipiti-hopiti”, yəni şən əhvalının səbəbini izah etməli oldu: uşaq bağçasında tədbir o qədər yaxşı keçmişdi ki, o öz rolunu evdə də təkrar etmək qərarına gəldi. İnsanlar yeni suallar verirdilər. Onların ən əsası: professor müsahibə verəndə şalvardaydımı. “Wall Street Journal”ın əldə etdiyi məlumata görə, yox. Politologiya professoru müsahibə üçün ancaq qurşaqdan yuxarı geyinmişdi.
Çoxlarını Marionun paltarı valeh etmişdi, internetdə buna oxşar paltarı hardasa 1360 dollara təklif edirdilər. Yeni video və cizgi filmləri peyda olur, həmin vaxt da sakitcə ədalət qalib gəlirdi. Cənubi Koreya prezidentini bir neçə gün sonra istefaya göndərdilər. Xanım Pak Kın Xe milyonlarla dollar həcmində rüşvət almaqda ittiham edilirdi. Bu işdə onun çox mühüm dövlət qərarlarını verən rəfiqəsi də onunla əlbir idi.
“Məgər bu, ölkədir?” – prezidentlərinin vəzifədə qalmasına qarşı çıxış edən minlərlə mitinq iştirakçıları deyirdi. Konstitusiya Məhkəməsi rüşvətxor prezidenti istefaya göndərib, ona prezident rezidensiyasında görünmək qadağasını qoyandan sonra nümayişçilər artıq “Bəli, bu ölkədir!” – şüarlarını qaldırdılar. Prezidentin arıq 40 ildir ki, dostluq etdiyi ən yaxın rəfiqəsi də məhkəmə qarşısına çıxdı.
Onların adını yenə də mediada müzakirə etməyə başladılar, BBC-dən olan ataya isə adını efirdə bərpa etmək üçün hələ çox vaxt lazım olacaq.
P.S. Təbii bir sual yaranır: “Bəs ata əvəzinə ana olsaydı, nə baş verərdi?” İnternet artıq bu suala cavab verib.