Video: Niyə insanlar islam ekstremistinə çevrilir?
Corctaun Universitetinin Beynəlxalq Əlaqələr Məktəbinin professoru və ABŞ Dövlət Departamentinin baş müşaviri Harun Ulla Pakistan səfərinin təəssüratları ilə bölüşür.
Videonun altında – erməni dilinə tərcümə.
“İnsanları dini ekstremist və hətta terrorist-kamikadzelərə çevrilməyə məcbur edən nədir? Əksər adamlar kimi mən də düşündüm ki, iki əsas cavab mövcuddur: yoxsulluq və cəhalət.
Birinci onu nəzərdə tutur ki, həll yolları görünməyən kasıblıq daha çoxa sahib olanlara qarşı hiddət və acıq hissinin yaranmasına xidmət edir. İnsan şəhid yoxsa kasıb ölmək seçimi qarşısında dayananda şəhid olmaq perspektivi daha yaxşı görünür.
Savadsızlığa gəlincə, kasıb insanların lazımi təhsil almaq şansları olmur, beləliklə də onlarla manipulyasiya etmək daha asandır. Savadsız və kasıb adam ekstremistlərin əlinə keçəndən sonra onun ağlına təsir etmək və ideologiyasını dəyişmək o qədər də çətin olmur.
Dünyada kasıblıq və savadsızlıq baş alıb getdiyinə görə, çoxlu sayda insan buna cəlb oluna bilər. Terrorizmin mənbəyi bax belə izah edilir.
Sonra mən Pakistana yola düşdüm və burada real olaraq ekstremist sıralarını artıran dünyada yaşamağa başladım. Burada qarşılaşdıqlarım gözləntilərimdən xeyli fərqliydi.
Ekstremistə çevrilən insanların kasıblıq və xüsusən də savad kasadlığı ilə heç bir əlaqəsi yoxuydu. Rast gəldiyim, dini ekstremizmə qoşulan və öz işi uğrunda ölməyə hazır olanların çoxu orta sinif nümayəndələri və əksəriyyəti ali təhsilliydi. Bu insanlar nə kasıb, nə də savadsızdılar. Əksinə, onların qarnı tox və biliklidilər. Beləliklə, əgər insanları ekstremizmə sövq edən kasıblıq və nadanlıq deyilsə, bəs nədir?
Bunlardan biri məna və qayda-qanuna meylidir. Pakistan kimi yerlərdə hələ də xaos və korrupsiya hökm sürür. İslamçılar bütün problemlərin aydın həllini təklif edirlər: siz bu qaydalara riayət etsəz, görün hər şey necə dəyişəcək. Məhz bu qaydalara!
Digəri dəyişikliklərə olan meyldir. Haqqında söhbət gedən köhnə, korrupsiya içində itib-batan rejim devrilməlidir, bu isə ancaq zorakı hərəkətlərlə mümkündür. Bu zaman yenə də yeni idarə etmə forması yaratmaq vədləri verən ekstremist meydana çıxır, özünü qurban kimi göstərir və deyir ki, biz ölkəmizin acınacaqlı halına görə məsuliyyət daşımırıq, bizi bu vəziyyətə başqaları salıb – bu da sizə bir çoxlarının asanlıqla yediyi zəhər.
Sözsüz ki, bu tiran və demaqoqların – Lenin və ya Mussolini, Hitler və ya bin Ladenin öz davamçılarına tez-tez təklif etdiyi elə həmin cavablardı.
Pakistanda yaşayarkən, mən bir dəfə bunun necə işlədiyinin şahidi olmuşam. Bir dəfə əsas fiqurlardan birinin çox saylı qətllərindən sonra mən orta sinifdən olan valideynlərlə birlikdə oturmuşdum. Ata xırda biznes sahibi, ana isə tibb bacısıdır. Onlar öz oğullarını layiqli gələcəklə təmin ediblər. Onun heç nəyə ehtiyacı yoxdu. Onlar mənə danışdılar ki, bir neçə gün əvvəl ailəsi ilə birlikdə şam edərkən onların oğlu dedi ki, öldürülən həmin o adam “ölümə layiqiydi. Niyə? Çünki o dini azlıqlar adından danışırdı. Valideynləri şok içindəydi. Onların savadlı və tərbiyəli oğlanları necə belə düşünə bilərdi?
Bu hadisə çox səciyyəvidir. Bəs bu ekstremizmlə nə etmək olar?
Birincisi – bütün bunların kasıblıq və savadsızlıq ücbatından olması haqqında yalançı ritorikadan uzaq olmaq.
İkincisi – ekstremist qrupların ritorikasına qarşı çıxmaq. Onlar daha yaxşı yol vəd edirlər, bəs əslində nə verirlər? Cavab həmişə eynidir – daha çox ölüm, daha çox əzab və daha çox yoxsulluq. Başqa sözlə, gənclər bu ekstremist qrupların əslində necə olduğunu öz gözləriylə görməlidilər. Ancaq bundan sonra onların sayı azalacaq.
Üçüncüsü – KİV ekstremistləri azadlıq uğrunda mübariz kimi qəbul etməkdən əl çəkməlidir. Bu ritorika Pakistan kimi yerlər üçün çox tipikdir.
Dördüncüsü, valideynlər və pedaqoqlar düşünməməlidirlər ki, onların uşaqları və şagirdləri də onlar kimi dini ekstremizmi rədd edirlər. Orta sinifə aid valideynlər və müəllimlər sayıq olmalı və uşaqlara mülayim plüralist dəyərlər aşılamalıdırlar.
Beşincisi, siyasətçilər öz problemlərində Qərb dövlətlərini günahlandırmaqdan vaz keçməli və Pakistan kimi ölkələri daxildən dağıdan xroniki korrupsiyaya qarşı çıxmalıdırlar.
Və altıncısı və demək olar ki, ən əsası – islam din xadimləri “şəhidlərə – İslam adına günahsız insanları, bir qayda olaraq digər müsəlmanları öldürən müsəlmanlara üz verməkdən və bunun daha betəri mədh etməkdən çəkinməlidirlər. İslamın dini liderləri bu qatillərə cənnətdə yer deyil, əbədi əzab vəd etməlidirlər. Müsəlmanların çoxluq təşkil etdiyi Pakistan və digər ölkələrin xalqlarının narazılıq üçün real əsasları var. Amma ekstremizm həmişə məsələni qəlizləşdirir. Həmişə və hər yerdə.
Kasıblıq və əzab dini ekstremizm yaratmır, əksinə, dini ekstremizm yoxsulluq, əzab və ölümə gətirir.
Mən Corctaun beynəlxalq münasibətlər məktəbinin adyunkt-professoru Xarun Ulla, Preyqer universiteti üçün.
Harun K.Ulla alim, amerikalı diplomat, Cənubi Asiya və Yaxın Şərq üzrə ixtisaslaşmış tədqiqatçıdır. O, 2014-cü ildə satışan çıxan ‘Allah uğrunda yarışma’ (Vying for Allah’s Vote) kitabının müəllifidir.