İlham Əliyev: “ATƏT MQ-nin həyata qayıtması mümkünsüzdür, o, artıq ölüb”
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, ATƏT-in Minsk Qrupu mövcud olduğu müddətdə Dağlıq Qarabağ münaqişəsinin daimi olmasını istəyənlərin əlində alətə çevrilib. Onun sözlərinə görə, bu strukturun həyata qayıtması mümkünsüzdür, o, artıq ölüb. Həmçinin Əliyev qeyd edib ki, BMT TŞ-nin dörd qətnaməsi 28 il müddətində kağız üzərində qalıb və bu da Birləşmiş Millətlər strukturunda islahatların gərəkliyini sübut edir.
- “Cənubi Qafqaz Federasiyası”: müzakirənin mənası varmı?
- Azərbaycan XİN: “ATƏT MQ üzvləri onun fəaliyyətinin mümkünsüzlüyünü açıq etiraf edirlər”
- “Paşinyandan nəyi nəzərdə tutduğunu soruşun”: ABŞ dövlət katibinin müavini Yerevanda
İyunun 30-da Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfrans işə başlayıb.
Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib və nitqlə çıxış edib.
“Minsk Qrupu münaqişənin həll yolunu tapmalı idi”
“Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi.
Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi”, – Əliyev bildirib.
“ATƏT MQ-nin həyata qayıtması mümkünsüzdür, o, artıq ölüb”
Azərbaycan prezidenti əlavə edib ki, onun ölkəsi artıq ATƏT MQ ilə vidalaşıb:
“Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk Qrupuna ehtiyac yoxdur. Biz Minsk Qrupuna artıq əlvida demişik.
Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb.
İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.
“MQ-nin yeganə məqsədi münaqişənin dondurulması idi”
Azərbaycana sadəcə 44 gün lazım oldu ki, ədaləti bərpa etsin – Əliyev bildirib. Onun sözlərinə görə, ölkə 30 il beynəlxalq təşkilatlardan eyni şeyi gözləyib.
“İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək.
Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik”, – o deyib.
“28 il BMT TŞ qətnamələri kağız üzərində qalıb”
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir.
1993-cü il aprelin 30-dan noyabrın 12-ə qədər Qarabağ münaqişəsi üzrə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul olunub (822, 853, 874 və 884-cü qətnamələr).
Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı”, – Azərbaycan prezidenti bəyan edib.
O, həmçinin BMT strukturunda islahat probleminə də toxunub:
“Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir.
Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var?
Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır”.