İlham Əliyev: “Bizim üçüncü müharibəni başlatmaq niyyətimiz yoxdur”
Əliyevin yerli telekanallara müsahibəsi
Azərbaycan prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib ki, Azərbaycanın üçüncü müharibəni başlatmaq niyyəti yoxdur. Zəngəzur dəhlizinin tikintisinin zəruriliyindən danışan Azərbaycan prezidenti qeyd edib ki, “Zəngəzur dəhlizinin reallaşdırılması tarixi zərurətdir”. “Ermənistan istəsə də, istəməsə də, həyata keçiriləcək”, – deyə o əlavə edib. Əliyev Laçın yolunda davam edən etiraz aksiyası, Qarabağda yaşayan ermənilərin taleyinə də toxunub.
Yanvarın 10-da Azərbaycan prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
JAMnews Əliyevin ölkənin beş aparıcı telekanalının müxbirləri ilə söhbətinin ən maraqlı məqamlarını təqdim edir.
Zəngəzur dəhlizi haqda
Azərbaycan Prezidentinin sözlərinə görə, Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyinə heç kim şübhə etməməlidir:
“Əlbəttə, bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Tam əminik ki, bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb.
Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir.
İndi Ermənistan bundan boyun qaçırmaq istəyir. Faktiki olaraq, üzərinə götürdüyü öhdəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün.
Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq”.
Əliyev qeyd edib ki, “bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər”:
“Halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.
Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə hərbi əməliyyatların aparılmasının səbəbləri haqda
İlham Əliyev jurnalistlərlə söhbətində Qarabağda Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə müharibədən sonrakı dövrdə həyata keçirilən bir sıra hərbi əməliyyatlar məsələsinə də toxunub və onların səbəblərini sadalayıb:
“Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi.
Eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar.
Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi.
Yəni, ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü”.
“Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Onlar hesab edirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt o ərazilərdə hər hansı bir əməliyyat aparmayacaq. Biz bu mifologiyanı da darmadağın etdik. Bu, bizim ərazimizdir və orada ciddi əməliyyat aparmamağımızın səbəbi ondan ibarət deyil ki, kimdənsə qorxuruq, sadəcə olaraq, biz hesab edirik ki, indi istədiyimizə siyasi yollarla nail olmalıyıq”, – deyə o əlavə edib.
Azərbaycan prezidenti Qarabağda sülhməramlıların nəzarətində olan ərazidə ikinci əməliyyat – Sarıbaba yüksəkliyinin tutulmasını da qeyd edib:
“Sarıbaba, Qırxqız və digər istiqamətlərdə çox genişmiqyaslı minalama prosesi gedirdi.
O minaların hamısı aşkarlandı və 2021-ci ilin Ermənistan istehsalı olan minalar ora necə gəlib çıxdı? Bax, bu suala bu günə qədər Rusiya sülhməramlı qüvvələri cavab verə bilmirlər. Nə cavab verəcəklər?
Biz hətta onları da oraya dəvət etdik. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və göstərdik ki, gəlin baxın, ərazimizə necə keçib, kim daşıyıb, kim buna cavabdehlik daşıyır?
Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən “Qisas” əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbçimizi qətlə yetirmişdilər, şəhidimiz olmuşdu və bir daha gücümüzü göstərməli olduq. Hesab edirdik ki, nəhayət bu, dərs olacaq, yenə də dərs olmadı və sentyabr toqquşmaları qaçılmaz olmuşdu”.
“Bizim üçüncü müharibəni başlatmaq niyyətimiz yoxdur”
“Son bir il ərzində – mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi.
İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq.
Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, – deyə Əliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın üçüncü müharibəni başlatmaq niyyəti yoxdur:
“Bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək”.
Laçın dəhlizindəki aksiya haqda
Azərbaycanlı fəalların Laçın yolunda keçirdiyi etiraz aksiyasından danışan Əliyev deyib ki, “heç bir blokadadan söhbət gedə bilməz”:
“Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili, – bu, hələ bir ay olmayıb, – oradan keçib.
Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Bu haqda da bizə hər hansı bir izahat verilməyib.
Bilirik ki, Rusiya sülhməramlı kontingentinin yük maşınlarının sayı nə qədərdir, ayda nə qədər girir, nə qədər çıxır və indi nə qədər girir, nə qədər çıxır. Təbii ki, onlar orada yaşayan ermənilər üçün ərzaq da və digər lazım olan vasitələr də aparırlar. Biz buna etiraz etmirik. Bizim məqsədimiz blokada deyil.
Qırmızı Xaç neçə dəfə müraciət edibsə, icazə verilib.
Ona görə bu, sadəcə olaraq, növbəti anti-Azərbaycan şousudur, mən buna başqa ad verə bilmərəm. Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir.
Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
Qarabağ ermənilərinin taleyi haqda
İlham Əliyev Qarabağ ermənilərinin taleyilə bağlı suala da cavab verib:
“Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq.
Bu günlərdə baş verən hadisə, – o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, – onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar.
Əlbəttə, bu, bizim əlimizdə nədir ki? Heç nə. Əgər vaxtilə bizə qarşı separatçı hərəkat başlamasaydı, bu gün onlar da Azərbaycanın bütün başqa yerlərində olduğu kimi yaşaya bilərdilər. İndi onların yaşadıqları mənzərə göz önündədir. İndi gedib görənlər var hansı şəraitdə yaşayırlar.
Ona görə, kim bizim vətəndaş olmaq istəmirsə, yol bağlı deyil, açıqdır. Gedə bilərlər, ya özləri gedə bilərlər, heç kim onlara maneəçilik yaratmayacaq, ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər, avtobusla da gedə bilərlər. Yol açıqdır”.
Sərhədlərin delimitasiyası haqda
“Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam.
Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır.
Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar.
Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam.
Mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər”, – Əliyev fikrini yekunlaşdırıb.
Bizə abunə olun — Twitter | Facebook | Telegram | Instagram | Youtube