İkinci Qarabağ müharibəsi və Ukraynada baş verənlər: fərq nədir? Bakıdan şərh
Rusiyanın Ukraynaya təcavüzü başlayandan Ermənistan mediası yorulmadan Rusiya-Ukrayna müharibəsi ilə ikinci Qarabağ müharibəsində paralellər tapmağa çalışır. Ermənistanlı ekspertlətin şərhləri əsasən ondan ibarətdir ki, 2020-ci ildə Qərb Azərbaycana qarşı da işğalçı Rusiyaya qarşı göstərdiyi belə sərt mövqe sərgiləməli idi.
Ermənistanın ekspertlər çevrəsindəki bu tendensiyanı şərh etmək üçün JAMnews politoloq Maqsud İbrahimova müraciət edib.
- “Rusiyada hakimiyyət dəyişikliyi qaçılmazdır” – Bakıdan şərh
- Ukraynada müharibə. Azərbaycan kimin tərəfindədir?
- Rusiyanın SWIFT sistemindən çıxarılması Azərbaycana necə təsir edəcək?
Politoloqun fikrincə, erməni ekspertlər 2020-ci ilin payızında baş verən müharibə ilə hazırda Ukraynada baş verən hadisələr arasındakı fərqi anlamalıdırlar.
İki müharibə arasındakı fərqlər haqda
“Öz fəaliyyət sahəmə uyğun olaraq mən Ermənistan mətbuatının materialları ilə mütəmadi tanış oluram. Belə çıxışlara da rast gəlmişəm. Amma deməliyəm ki, bu fikirlər müəyyən siyasi fon yaratmağa qadir olan ən nüfuzlu erməni ekspertlərinə məxsus deyil.
Bizdəki və Ukraynadakı münaqişənin fərqini daha geniş kütlələrin anlaması üçün sadəcə hamıya məlum olan bir neçə faktı misal gətirəcəm.
1.Təxminən 30 il əvvəl işğal olunmuş Azərbaycan əraziləri bu müddət ərzində heç kim tərəfindən tanınmayıb. Hətta Ermənistanın özü tərəfindən də. Başqa sözlə, bunlar sadəcə tanınmamış separatçı və silahlı quldur dəstələri idi. Dünyada heç kim Azərbaycana öz ərazisində terror əleyhinə əməliyyat keçirməyi qadağan edə bilməzdi.
Ukraynaya gəlincə, 2014-cü ildə Rusiya Krımı ilhaq edib və bu yarımada Rusiya qanunlarına əsasən artıq Ukrayna ərazisi deyil. Elə həmin vaxt tanınmamış Donbas respublikalarının əraziləri də işğal edilib.
Amma Rusiya Ukraynada işğalçı müharibəyə başlamazdan əvvəl de-yure bu respublikaları tanımışdı. Yəni işğalçının fikrincə, hərbi əməliyyatlara başlamaq üçün əlində qanuni əsaslar vardı artıq. Baxmayaraq ki, beynəlxalq aləm RF-nin birtərəfli əməllərini qanunsuz sayır.
2. Azad edən və işğalçı müharibələr arasında paralellər aparmaq qətiyyən olmaz. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan bütün qanunlarla özünə məxsus olan ərazilərin 75 faizini geri qaytardı.
Bütün dünya Qarabağı Azərbaycan ərazisi hesab edir. Düzdür, müvəqqəti Rusiya sülhməramlılarının yerləşdiyi ərazilər qalır, bu mövzuya qayıdacağam.
Rusiya hazırda başqa ölkənin ərazilərini işğal edir. Rusiya və əlaltılarından başqa bütün dünya üçün Krım və Donbas Ukraynanın ayrılmaz hissələridir. Rusiya öz addımlarını Ukraynanın bir hissəsinin işğalı həyata keçirilən andan baş verən hadisələrlə izah edir. Amma Rusiyanı ora çağıran olmamışdı”, – İbrahimov bildirib.
RF qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilər haqda
“Erməni politoloqlarının Ukraynada müharibənin bizim regionumuz üçün perspektivləri haqda düşünməsini istəyərdim. “Əgər…” ətrafında mülahizələrdənsə, bu, indi daha aktualdır.
Rusiya hazırda bütün müttəfiqlərini itirib. BMT-də səsvermə nəticələrinə əsasən, aydındır ki, Moskvanı sadəcə dörd ölkə dəstəkləyir, onlardan da üçü – Suriya, KXDR və Eritreya sivil dünyada gülüş duğurur. Həmçinin Belarus da var ki, onun da başqa çarəsi yoxdur. Amma bu da ciddi deyil.
Qərb sözün əsl mənasında Rusiyanı həm mənəvi, həm də iqtisadi cəhətdən məhv etmək qərarındadır. Əgər bir-iki ay belə davam etsə, şimal qonşumuz çox pis vəziyyətə düşəcək.
Unutmayaq ki, RF sülhməramlı qüvvələri hazırda Qarabağda yeganə qüvvədir ki, Azərbaycanın bu hissəsində kövrək sülhü dəstəkləyir. Separatçı rejim heç cürə Bakının fikrini dinləmək istəmir.
2020-ci il 10 noyabr üçtərəfli bəyannaməsinə əsasən, Azərbaycan 2025-ci ildə sülhməramlıların xidmətindən imtina etmək haqqına sahibdir. Hətta Ermənistanın onların orda qalması ilə bağlı israrlı istəyi də kömək olmayacaq. 2025-ci ilə qədər Rusiya və Avropadakı geosiyasi vəziyyətdə və bizim regionumuzda nələrin dəyişəcəyi məlum deyil, bunu heç kim deyə bilməz.
Amma məlumdur ki, Rusiya böyük ehtimalla əvvəlki gücünü və nüfuzunu itirəcək. Bax, nəhayət, bu haqda düşünmək və iki ölkə – Azərbaycan və Ermənistan arasında ortaq məxrəcə gəlmək lazımdır. Sülh sazişinin imzalanması və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi vacibdir”, – ekspert fikrini yekunlaşdırıb.